Fxslxgghpxn ncplhkxn ncpxl


DOQQUZUNCU DӘRS BRAHMAN AYİNİ (1)



Yüklə 0,83 Mb.
səhifə11/31
tarix01.07.2018
ölçüsü0,83 Mb.
#55417
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

DOQQUZUNCU DӘRS

BRAHMAN AYİNİ (1)

VEDA AYİNİNDӘKİ DӘYİŞİKLİKLӘR


Eramızdan əvvəl 8-9-cu əsrlərdə brahmanlar (veda ayininin ruhaniləri) veda ayinində çox dərin dəyişikliklər etdilər. Bu dəyişikliklər əsasən həmin ayinin iki yönündə baş vermişdi:

Birincisi əqidə bölməsində idi ki, bu ayinin ardıcılları çoxlu allahlara sitayiş etməkdən və onların hüzurunda qurbanlıq kəsməkdən özlərini xilas etmək üçün bu əqidədən üz çevirdilər və bütün əşyaların vəhdətinə inam yaratmağa başladılar. İkincisi isə dini-İctimai yönə malik idi ki, onlar bu ayin ardıcılları arasında sinfi təbəqələr formalaşdırmağa başladılar. Bu quruluşda brahmanlar ən yüksək ictimai mövqeyi kəsb etdilər.

Bu dəyişikliklərin ardınca veda əsrinin qədim məfhumu öz yerini brahman ayininə verdi və bu cərəyan rəsmi olaraq öz intibah dövrünü başladı. Brahman ayinində müqəddəs veda kitabları öz etibar və dəyərini keçmişdə olduğu kimi saxlamasına baxmayaraq, əsas diqqət brahman və opanişad kitablarına yönəlirdi. Buna əsasən brahman ayinini üç əsas mehvərdə araşdırmalıyıq:

1. Etiqadi dəyişikliklər;

2. İctimai dəyişikliklər;

3. Müqəddəs kitablar.

Bu dərsdə veda ayininin etiqadi dəyişiklikləri barədə söhbət açacaq, qalan iki mehvərdəki araşdırmanı gələn dərsə həvalə edəcəyik.

ETİQADİ DӘYİŞİKLİKLӘR


Brahmanların veda ayinində yaratdıqları əqidəvi dəyişikliklər onların nicat və qurtuluş məfhumu barəsində verdikləri yeni tərif idi.

Veda ayininin tərifinə uyğun olaraq insanların nicat və qurtuluşu məbudların, xüsusilə atəş allahı olan Agninin razılığını cəlb etməklə müyəssər olur ki, o da qurbanlıq mərasiminin təşkil olunması ilə həyata keçirilir. Halbuki yeni tərifin məzmununa əsasən brahmanların nəzəri budur ki, nicat və qurtuluş aləmin həqiqət və ruhuna qovuşmaqla, brahmanlara mərifət hasil etməklə müyəssər ola bilər. Buna əsasən veda dinində zahiri və əyani olaraq keçirilən qurbanlıq mərasimi öz yerini batini mərasimə verdi.

Brahman ayininin etiqadi prinsipləri aşağıdakılardır:

1. Brahmana etiqad;

2. Atmənə etiqad;

3. Karma;

4. Tənasüx;

5. Mukşa (nicat yolu).



1. Brahmana etiqad:

Brahman, yaxud brahma veda ayini baxımından varlıq aləminin əsli, həqiqəti, zatı və sonudur. O, əbədi və həmişəlikdir, hər yerdə vardır, onun vücudunda asiman və yer, maddi və ya qeyri-maddi olmasından asılı olmayaraq aləm varlıqlarının hamısı əhatə olunmuşdur.

Opanişadda brahman belə təqdim olunur:

«Odur fənaya uğramayan əbədi allah! Elimli, hər yerdə hazır olan və aləmin keşikçisi! Odur varlıq aləminin hökm verəni!»

Başqa bir yerdə isə belə deyilir:

«O vahid fərd və sonsuzdur, aləmi yuxudan ayıltdı.»

«Həqiqətdə aləmin əvvəlində brahman idi; o yeganə və sonsuz varlıqdır ki, dördlük təşkil edən hərəkətlərin heç birində onun həddi-hüdudu yoxdur; ruh sonsuz bir zatdır ki, doğulmamışdır və əql qüvvəsi ilə idrak oluna bilməz. O, fəzanın və kəhkəşanın ruhu idi və dünya fənaya uğradığı vaxt yalnız o dəyişməz şəkildə qalır. O, aləmi sonsuz fəzada oyatdı və o pərakəndə vəziyyətdə olan xəyal toplusudur; xəyal da odur və nəticədə hər şey ona qovuşub yox olur. Odur parlayan parlaq günəşin kütləsində yanar bir şölə kimi! Tüstüsüz bir od kimidi; nur saçır və məhz onun hərarəti ilə qidalar mədəyə gedir və buna görə onu atəşdə, qəlbdə hazır, günəşin daxilində mövcud adlandırırlar.»

Opanişadın digər bir yerində brahmanın xüsusiyyətləri barədə deyilir:

«O həm sakindir, həm də mütəhərrik, həm uzaqdır, həm də yaxın... O şimalda, cənubda hər bir yerdə vardır. Bütün çaylar okeanlardan qaynaqlanıb yenidən ona qayıtdığı kimi, hər bir şey brahmanda baş verir və ona doğru qayıdır.»

2. ATMӘN


Atmən təkcə insanın düşünüb-daşınan ruhu, zehni-düşüncəsi deyil (brahmanın məzhəri), eynilə onun özüdür. Bu əqidə əsasında brahma ilə atmən arasında müştərək bir mahiyyət və kamil vəhdət mövcuddur; bütün nəfslər insani nəfs və ya heyvani ruh olmasından asılı olmayaraq, başqa bir şey deyil, məhz brahmanın özündən ibarətdir.

Opanişad bu barədə belə deyir: Brahmanın zühur və təcəllisi, hər bir şeyin ruhu məhz sənin ruhundur. Sonra əlavə edilir: O şey ki, yerlərdə, sularda, atəşdə, havada, nəsimdə, asimanda, günəşdə, fələkin dörd bir tərəfində, ulduzlarda və ayda, zülmətdə və nurda vardır. O şey ki, hər bir şeydə cərəyandadır və bununla belə, hər bir şeydən fərqlidir... O kəs ki, daxildən hər bir şeyin ixtiyarını ələ alıbdır; o sənin ruhundur; əbədi və batini bir nəzarətçi. O kəs ki, tənəffüsdə, söz deməkdə, gözdə, qulaqda, beyində, dəridə və idrakda yeri vardır və bununla belə, özü idrakdan başqadır; o görünməyən göz, eşidilməyən qulaq, əndişənin zatına yol tapmadığı bir əndişə, fəhm qüvvəsinin dərk edə bilmədiyi başa düşəndir. Bütün bunlarla belə, gözə görünmür, eşidilmir və idrak olunmur... O sənin ruhundur: Batini və daimi bir nəzarətçi!»

Bu ifadələrdən belə məlum olur ki, atmən-brahman dini nöqteyi-nəzərdən bütün varlıqlar arasında müştərək olan bir ruh sayılır. Halbuki ruh kəlməsi dedikdə, məqsədin insan ruhu olduğu başa düşülür. Amma diqqət yetirmək lazımdır ki, su, od, hava, asiman, günəş və s. barəsində də həmin ifadə, yəni “sənin ruhun” kəlməsi işlədilir.

Başqa sözlə, brahman ayinində insanlar üçün xüsusi bir ruh nəzərdə tutulur və ona atmən deyilir. Həmçinin kəhkəşanın ruhu, yaxud dünyanın canı adlı bir şey də bu dində mövcuddur ki, atmənlə kamil vəhdətə malikdir. Opanişadlarda sonuncu məna sanskrit dilində “tet tom isi” təbiri gətirilmişdir ki, bu da «sən odsan» deməkdir. Atman ilə brahman arasında müəyyən bir vəhdət vardır və onlar heç vaxt bir-birindən ayrılmaz. Onların məfhumuna görə bu iki varlıq müqəddəs nəfs və əbədi həqiqətdən ibarətdir. Brahman-atmən təbiri də bu vəhdəti isbat edə bilər. Opanişadda yuxarıdakı təbirdə belə oxuyuruq:

«Mənim qəlbimin daxilində yerləşən ruh - düyü dənəsindən, yaxud buğda dənəsindən, yaxud xərdəl dənəsindən, yaxud ərzən dənəsindən, yaxud ərzən dənəsinin məğzindən daha kiçik olan şey - mənim öz qəlbimdə olan ruhumdur; o yerdən-göydən böyük, asimandan və bütün dünyadan əzəmətlidir. Bu mənim qəlbimin daxilində olan brahmadır!»

Brahman ayininin yuxarıda qeyd olunan fəlsəfəsi üzərində tədqiqat aparan alimlər brahmanla atmən arasında vəhdəti-vücudun olmasını bəyan etdikdən sonra, irfan məsələlərinə daxil olaraq bu ayinin ardıcıllarına tövsiyə etmişlər ki, nəfsi kamilləşdirmək üçün nirvana-fəna mərhələsinə varid olsunlar. Yəni, insanın ruhu dünyəvi ruhla vəhdət təşkil edib qovuşma mərhələsinə çatdıqdan sonra və brahma ilə birləşdikdən sonra agahlıq tapır; bu ittihad və agahlığın özü də onun daxilində bir növ cazibə, vəcd və məftunluq icad edir. Ondan sonra insan yəqin mərhələsinə çatdığı üçün elə bir səadət və ləzzətə nail olur ki, heç vaxt vəsf edilə bilməz. Kəlmələr və ifadələr onun həqiqi mənasını şərh etməkdə acizdir, əql onu dərk edə bilmir. Artıq bundan sonra arif şəxs brahmaya birləşmiş hesab olunur və eyni halda onu mütləq sükunət və nəzarət əhatə edir; yəqin gözü ilə özünün ruhani vəhdətini - brahma ilə olan ruhani vəhdətini hiss edir. Belə ki, öz ətrafında mövcud olan və hiss olunan əşyaları vahid bir vücuda malik olan halda görür. Arif insan bu halətdə özünü onun kənarında olan ağacla bir görür. Baxmayaraq ki, onların hər biri vahid və əzəli varlığın ayrı-ayrı təzahürləridir. Brahman dinində varlıqlar brahmanla vəhdətdə olduğu halda brahmandan ayrılır və seçilir. Zahirdə bütün aləm çoxluqlardan təşkil olunmuşdur, gerçəkdə isə belə deyildir. Çoxluqlar varlıq aləminin bəsit və fərdi həqiqətinin ayrı-ayrı təzahürləridir. Buna görə də nöqsana, şərlərin büruz etməsinə və kamaldan uzaq düşməsinə səbəb olur. Әgər bu müxtəliflik və çoxluq olmasaydı əzab-əziyyətin, çətinlik və kədərin mənası olmazdı. Buna görə də insan fəna mərhələsinə çatdıqda çoxluqdan yaxa qurtarır, qurtuluş, səadət, xoşbəxtlik və kamal hissi keçirir.

Brahmanların etiqadına görə atmən (yəni, varlığın ruhu və məğzi, insani mahiyyət və batin) əzəli və əbədidir. Yaradılış və xilqətin bir dövrünə şamil olan dünya dövranlarından hər biri (brahmanlar ona karpa deyirlər) bir gün sona çatacaqdır. O gün varlıqların hamısının ruhu öz cəsədlərindən ayrılacaq, asılı və sükunətdə olacaqlar. Uzun bir müddəti qət etdikdən sonra “pralaya” adlandırlan sükunət başa çatacaq, xilqət və yaradılış yenidən başlanacaq, yox olmuş aləm yenidən vücuda gələcəkdir. Bu zaman ruhlar donuşluq, sükunət vəziyyətindən çıxacaq və yenidən hərəkətə, canlanmaya gələcəklər. Bütün kainat - bitkilər, canlılar, insanlar, şeytanlar və məbudların hamısı yeni bədənlərdə öz həyatlarına başlayıb inkişaf edəcəklər. İctimai siniflər və təbəqələr yenidən təşəkkül tapacaq və yeni kalka başlanacaqdır. Bu dövr də özünün yekun nöqtəsinə doğru seyr edəcəkdir.

3-4. KARMA VӘ TӘNASÜX


Brahmanların etiqadına uyğun olaraq atmən əzəli və əbədidir, brahmanla vəhdət təşkil edir. Onun zatında azacıq da olsa, nöqsan, şər və əzab-əziyyət yol verilməzdir. Müşahidə olunan bu nöqsan, şər və əzab-əziyyət insanın rəftarındakı əməllərin nəticəsi, yaxud karmadır. Karma insani əməl və rəftarlardır ki, atməni tabeçiliyə doğru çəkmiş və onun ruhunu müəyyən şəklə salmışdır.

Bu etiqada əsasən insan çirkin və pis işlərə əl bulaşdırmasa, onun ruhu öldükdən sonra brahmana qovuşur və xoşbəxtliyə çatır. Amma əgər çirkin və yaramaz əmələ - karmaya mürtəkib olsa, yaxud gələcəkdə mürtəkib olacaqsa, onun ruhu heyvan və ya insanların cisminə, yaxud sair əşyalara qovuşaraq yenidən həyat sürür. Bu yeniləşmə ixtiyari deyil, icbaridir; bu, insanın bir daha əzab-əziyyətlərə, müsibətlərə düçar olmasına, bunları yenidən təcrübədən keçirməsinə səbəb olur. Bu iş istilahda samsara, yaxud tənasüx və ya hülul adlandırılır.

Karma prinsipi əsasında, insan ruhu onun mürtəkib olduğu əməl növünə mütənasib olaraq ölümündən sonra özündən yuxarıda və ya aşağıda olan cəsədə hülul edir, nəticədə öz əməlinin səmərəsini görür. Opanişadlar bu barədə deyirlər:

«Həyatlarında gözəl və bəyənilən əməllərə malik olanların ruhları ölümdən sonra pak və bəyənilən bir zöhdanda2 bir brahman qadının, yaxud da kəştəriyə3 və yaxud da visiyə4 qadının bətnində özünə yer tutur. Amma şər işlər görən şəxslərin ruhları isə çox bəyənilməz bətnlərdə yerləşir.5

Samsara prinsipinə uyğun olaraq, qeyd olunan üslubda olan hülul, tənasüx və nəsil artımı ardıcıl surətdə insan əməlinin növünə münasib şəkildə təkrar olunur. Mümkündür ki, cəmiyyətin aşağı təbəqəsindən olan yaxşı əməlli insanın ruhu ölümdən sonra brahmanın, yaxud cəmiyyətin yüksək təbəqəsindən olan bir şəxsin bədəninə hülul etsin; bunun əksi də mümkündür.

5. MUKŞA (NİCAT YOLU)


Brahmanların etiqadına uyğun olaraq, insan dünyada çirkin əməllərlə məşğul olarsa, hökmən öz həyatının yeni dövrünü alçaq bir varlığın bədənində başlamalı, daha ağır əzab-əziyyət və müsibətlərə dözməlidir. Yaxşı əməl sahibləri isə öz həyatlarını daha üstün bir varlığın bədənində davam etdirəcəklər. Qeyd etmək lazımdır ki, çoxluq aləminə yenidən qayıdış hər halda əzab-əziyyətlə yanaşı olacaqdır. Çünki bu, həmin aləmin təbii xüsusiyyətlərindəndir. Buna əsasən nə saleh, nə də çirkin əməl nicat və qurtuluşa səbəb olmur; brahmanların nəzərində nicat və qurtuluş mukşanın vasitəsilədir. Mukşa maddi rəğbətləri və meylləri tərk edib fəna yoluna qədəm qoymaqdan ibarətdir. İnsan dünyəvi istəklərdən, şəhvətlərdən və sərvət məhəbbətindən əl çəksə brahmana qovuşar və əbədi asudəliyə çatar. Bu yolda opanişad elmi iki mərtəbəyə - daha ali və daha alçaq dərəcəyə bölündüyündən6 belə deyir:

«Daha ali elm – azadlıq elmi atəmdə (yaxud insan varlığının həqiqəti və ruhu) bütün maddi meyllərdən və varlığı tələb edən şəraitlərin hamısından azad olmaqdır. İnsan bu məqama yetişməklə mukşaya, yəni nicat və qurtuluş yoluna çatacaq, atmən-brahmanın bir olmasını dərk edəcəkdir. Bu zaman vəhdət şadlığında, əzəliyyət və əbədiyyət nəşəsində qərq olacaq, həmişəlik olaraq aləmdəki daimi dəyişikliklərdən və köçmələrdən, qeyri-İxtiyari həyat dəyişmələrindən xilas olacaqdır.»


DӘRSİN XÜLASӘSİ


Brahman ayininin yaranmasının səbəbi veda ayini baxımından nicat və qurtuluşun tərifi ilə əlaqədar yaranan dəyişiklik olmuşdur.

Bu ayinin əsas prinsiplərini dörd şey təşkil edir: Brahmana etiqad, atmənə etiqad, karma və tənasüxə etiqad, mukşaya etiqad.


SUALLAR VӘ TAPŞIRIQLAR


1. Veda və brahman ayini baxımından qurtuluşun tərifi necədir?

2. Brahman kimdir və onun üzərinə hansı vəzifələr düşür?

3. Atmənin mənası nədir və onun brahmanla nə kimi əlaqəsi vardır?

4. Varlıqların brahmanla olan əlaqəsi necədir?

5. Brahman ayini nöqteyi-nəzərindən tənsüxü izah edin.

6. Brahman ayinində qurtuluş yolu nədir?

7. Müəllimin köməyi ilə və etiqadlar dərsində öyrəndiyiniz bürhanları nəzərə almaqla, brahman ayininin etiqadi prinsiplərini araşdırın.


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin