SARTER MƏSƏLƏNİN HƏLLİNİ ZİYALILIQDA GÖRÜR
Jan Pol Sarter başqa bir fərziyyə irəli sürərək demişdir: «Doğrudur ki, təkcə elm və bilik kifayət etmir, amma ictimai fəlsəfə də tənhalıqda bir iş görə bilməz. Məsələnin həlli ziyalılıq və aydın fikirliliyin olmasındadır. O alim və ziyalılar arasında fərq qoyaraq deyir: Təkcə elm və alim, eləcə də mədəniyyət kifayət etmir. Ziyalı insanlar yetişdirmək lazımdır. Bəs ziyalı insan kimdir? Aydın fikirli olmaq nə deməkdir?
Ötən bəhslərdə qeyd etdiyimiz kimi, bəlkə də elm haqqında söylənilən ifadələrdən ən yaxşısı elmin aydınlıq və nur mə᾽nasında götürülməsidir. Buna əsaslanaraq demək olar ki, cahillik nəticəsində yaranmış zülmət pərdəsini elmin nuru ilə kənara çəkib öz zehn və fikrini işıqlandıran şəxsə aydın fikirli və ya ziyalı insan deyilir. Gördüyünüz kimi, bu ifadə ilə ziyalı şəxslə alim arasında heç bir fərq olmur. Amma iş burasındadır ki, özünü ziyalı sayan insanlar deyirlər ki, alimlə bu cür insanlar arasında fərq vardır. Ola bilər kimsə öz zəmanəsinin ən böyük alimi olsun, amma ziyalı və aydın fikirli insan hesab edilməsin. Keçmişdə elm indiki kimi inkişaf etmədiyinə görə, bə᾽zi alimlər elmin bütün sahələrində mütəxəssis səviyyəsinə çata bilmişlər. Aristotel elə bu dəlilə görə müəllim adlandırılmışdır. İndi görək Aristoteli öz dövri elmlərindən xəbərdar olduğuna görə aydın fikirli və ziyalı insan adlandırmaq olar, yoxsa yox? Bunların söylədiyi mülahizələrə əsasən, təbiidir ki, yox. Müasir dövrün ziyalı insanları Aristoteli öz dövrünün ən böyük alimlərindən biri olmasına baxmayaraq, ziyalı hesab etmirlər. Bunlar həmçinin Əbu Əli İbni Sina, Əbu Reyhan Biruni, Eynşteyn kimi böyük alimləri də ziyalı saymırlar. Deyirlər ki, alimlə aydın fikirli insanlar arasında fərq vardır. Bu söz belə izah edilə bilər ki, bə᾽zən insanın ağıl qüvvəsi aləmi hissələrə ayıraraq tədqiq etmə və ünsürlərə ayırma dərəcəsinə çata bilir. Yə᾽ni, savadlı insan öz elmini sonradan əldə etmiş və zehnini müxtəlif mə᾽lumatlarla doldurmuşdur. Deməli, alim elm anbarı deməkdir.
Qur᾽ani-kərim yəhudi alimlərinə tə᾽nə vuraraq onların haqqında Tövrat elminin daşıyıcıları sözünü işlətmişdir.
Orta məktəb şagirdləri də bə᾽zən dərslərin hamısını çox yaxşı öyrənir və öz səviyyəsində nə soruşsan cavab verir. Amma bir az ondan yuxarı səviyyəli və təşəbbüsə ehtiyacı olan sual verdikdə cavab verə bilmir.
İslamda cahillik bə᾽zən elmin müqabilində, bə᾽zən də ağılın bir şeyi hissələrə ayıraraq tədqiq etmə və ünsürlərə ayırma gücünə malik olmasının müqabilində dayanır. Belə ki, islam bə᾽zən cahilliyi savadsızlıqdan ötrü, bə᾽zən də ağılın tədqiq və təşəbbüs qüvvəsinə malik olmamasına görə məhkum edir. Əli (ə) Nəhcül-bəlağədə buyurur:
«Rubbə alimin qətələhu cəhluhu».
«Öz cəhaləti ilə qətlə yetirilmiş alimlər az deyildir».
Bu şəxslər zehinləri müxtəlif mə᾽lumatlarla dolu, amma fikirləri qapalı və təşəbbüs qüvvəsindən məhrum olan alimlərdir. Həzrətin Nəhcül-bəlağədə elm haqqında olan başqa ifadələrindən biri də budur:
«Əl elmu elmani» və ya «Əl əqlu əqlani».
İki cür elm və ya iki cür ağıl vardır. Onlardan biri fitri və təbii olan təşəbbüs və yeniliklər yarada bilən ağıl, digəri isə sonradan eşitmə, görmə və öyrənilməklə əldə edilən elm və ya ağıl. Əmirəl-mö᾽minin (ə) buyurur ki, insanda fitri elm olmasa, sonradan öyrənilənlərin heç bir faydası olmayacaqdır. Çünki insan bu cür halda maqnitafona çevrilib, nəyi eşidirsə, onu da yazıb oxutmağa qadir olacaq və bundan başqa heç bir iş görə bilməyəcəkdir.
Müctəhidlərin ictihad barədə söylədiklərindən biri də məhz budur. Onlar deyirlər ki, müctəhid yalnız üsul, fiqh, rical elmini bilməklə yox, cüz᾽i məsələləri ümumi qaydalar əsasında tətbiq etməklə müəyyənləşir. Buna görə də ola bilər ki, kimsə alim olsun, amma aqil olmasın və ya aqil olsun və alim olmasın.
Deməli, insan fikrini aydınlaşdıran mənbələrdən biri də ağıl qüvvəsinin tədqiq və təhlil edə bilməsidir.
Dünyanın böyük siyasətçiləri də bu sahədə inkişaf etmiş insanlardır.
İndi isə görək müasir ziyalılar da bunu söyləyir və ya onların da məqsədi budur, yoxsa yox?
Xeyr! Onların nəzəri bu deyildir. Onlar insanların və bütövlükdə bəşəriyyətin dərdinə acıyan şəxsləri ziyalı insanlar adlandırırlar. Eləcə də deyirlər: ziyalılar özünəməxsus bir agahlığa yetişmiş və bunun sayəsində insani hədəflərə sövq olunan insanlardır.
Dostları ilə paylaş: |