Ağaların qəlyan çubuq çəkmələri
Ağalar çox vaxt qəlyan çubuq çəkirdilər. Qəlyanın küpü büllurdan olardı, su onun içində görsənərdi. Bəziləri küpün içinə bir neçə dənə qızıl sikkə atardılar. Qəlyan çəkəndə qızıllar suyun hərəkətilə küpün içində oynardı, qəlyan çəkənə şadlıq verərdi. Deyirdilər pulun səsi küpün içində atın kişnəməsinə, şəlalənin səsinə oxşayır, insana fərəh gətirib cavanlaşdırır.
Qədim gümüş pul: Qədim pullar gümüş idi. Pulu sayanda çox səslənərdi. Bəzi ağalar gecə pullarını sayan zaman evin pərdələrini çəkərdilər ki, həyətdən görsənməsin. Uşaqların əlinə də bir qaşıq verərdilər ki, bir məcməyiyə vursunlar. Ağalar məmulən hər gecə pulları sayardı, demək olar ki, pulla oynayardılar. Yorulunca tamaşa eyləyərdilər. Bəziləri də pulu balaq dərisində saxlayırdılar. Camışın balasına balaq deyirdilər. Balaq dərisinin bel hissəsindən kəsib, kisə düzəldirdilər. Çox vaxt pulu onda saxlayırdılar.
Ağalar gecə qonaq gedən zaman çubuqlarını da özləri ilə aparardılar. Işçilərindən biri çubuğu götürərdi, ikisi də fənər çəkərdilər. O zaman bərq çırağı yoxdu, fənərsiz küçəyə çıxmaq olmazdı. Fənərçəkən qabaqda, iki-üç nəfər da dalda yeriyirdilər. Çubuğu ağacdan düzəldərdilər. Onun içinə bir az kömür xəkəsi tökərdilər, üstünə də tütün. Tütün Məşhəd şəhərindən gələrdi.
Fənər də bir cüt mis məcməyi kimi biri altda, biri üstə olardı. Dövrəsi mitqaldan, ortada bir böyük şam olardı ki, şamı yandırıb, oraya qoyardılar. Onun iki qulpu olardı, hər qulpundan bir işçi yapışardı. Ağanı bu vəsilə ilə məqsədə çatdırardılar. İşçilər getdikləri yerdə dalanda əyləşərdilər. Qədim evlərdə dalanı böyük düzəldərdilər. Hər dalana 8 dənə taxça qoyardılar. Taxçaları xidmətçilər, nökərlər üçün düzəldərdilər. Evin öz nökərləri, qonaq gələn nökərlər orada əyləşərdilər.
Deyirlər bir nəfər şəxsiyyətli ağalardan biri öz nökərini çağırar, ona deyir: “Get çələyə mənim sifarişimi yetir. Denən bu mənim məxsus otağım, bu isti puçum buxari, bu kürsüm, bu xəz küləcəm, mən bu şəraitdə yaşayıram. Sənin əlindən nə gəlsə mənim haqqımda müzakirə eləmə”. Xəz küləcə şinel şəklindədir. Onun özü tirmədən, astarı xəzdən, ya sincab dərisindən olur. Ətəyinə iki dənə iydə boyda zınqırov düzərdilər.
Ağanın bu sözündən sonra nökər əli gözü üstündə, təzim eləyib, dalı-dalı çıxıb qapını örtərdi. Bir az sonra o qapını yavaşca vurub içəri keçmək üçün izn istəyərdi. Sonra girib təzim eləyib, qol bağlayırdı. Sonra deyirdi: Qurban, əmrinizi yerinə yetirdim”.
Dostları ilə paylaş: |