QARACALAR – Qardabani rayonunda kənd adı. Qaracalar etnotoponimi Qılıclı tayfasının tirələrindən birinin adıdır. Gürcü çarı II İraklinin dövründə qaracaların bir hissəsi Qarabağa köçürülmüşdür. Azərbaycanda “qaraca” komponentli 10-a qədər etnotoponim qeydə alınmışdır.
QƏMƏRLİ – Dmanisi rayonunda kənd adı. Əksər mənbələrdə bu etnotoponim qamer/kimmer tayfa adı ilə bağlı olaraq izah edilir. Türkdilli kəmərli tayfasının eradan əvvəl VII əsrdə Cənubi Qafqaza gəlmiş bəzi mənbələrdə öz əksini tapmışdır. Azərbaycanda, Ermənistanda, İranda, Türkiyədə Kəmərli etnotoponimləri geniş areallıq təşkil edir.
QULLAR – Marneuli rayonunda kənd adı. Bu etnotoponim qədim türkdilli bulqarların, peçeneqlərin və qıpçaqların tərkibində olmuş “kul” tayfasının adındandır. Mənbələrdə qeyd edilir ki, Gürcüstanda Ağ Qullar, Dağıstanda Qullar, Qərbi Sibirdə Kullar, XVI əsrdə Qazan xanlığında Kul və başqa toponimlər də vardır. Azərbaycanın Ağdam, Balakən, Bərdə, Qusar rayonlarında Qullar adlı yaşayış məntəqələri mövcuddur.
QIRIXLI – Marneuli rayonunda kənd adı. Etnotoponim türkdilli “qırıqlı” tayfasının adı ilə bağlıdır. Bu tayfa XIII əsrdən sonra əfşarların tərkibində olmuşdur. Qırıqlılar Səfəvilər dövründə əfşarların tərkibində Gürcüstan ərazisinə köçmüşlər. Azərbaycanın Goranboy, Tərtər, Ağstafa rayonlarında Qırıqlı adlı yaşayış məntəqələri mövcuddur.
QIZILHACILI – Marneuli rayonunda kənd adı. Mürəkkəb quruluşa malik etnotoponimdir. Bu etnotoponim əslində Qızılbaş Hacılı formasında olmalıdır, yəni qızılbaşlardan olan hacılı. XVIII əsrdə zülqədər qızılbaş tayfasının bir tirəsi hacılı adlanırdı. Qızılhacılı etnotoponimi öz adında zülqədər qızılbaş tayfasının “hacılı” tirəsinin adını əks etdirir.
QOÇULU – Bolnisi rayonunda kənd adı. Qoçulular mənşəcə oğuz tayfalarından idilər. Ağqoyunlu hökmdarı Uzun Həsənin Şərqi Gürcüstana 1474-1477-ci illərdə yürüş etdiyi tarixi mənbələrdən məlumdur. 1477-ci ildə Uzun Həsənin gürcü hakimi VI Baqratla bağladığı müqaviləyə görə Tiflis daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu hökmdarı altına düşür. Mənbələrdən o da məlum olur ki, bulqaralarda ağ qoçun təsviri olan oğuz tayfaları tarixdə Ağqoyunlu adı ilə məşhur olmuşlar. Həmin tayfalar xalq arasında sadəcə olaraq qoçulu adlanaraq, onlara məxsus ərazilərdə “Qoçulu” adlı yer-yurd adları yaratmışlar. Gürcüstan ərazisindəki Qoçulu etnotoponimi də bu yolla yaranmışdır. Gürcüstanda Qoçulu qalası adlı etnooronim də qeydə alınmışdır.
QURDLAR – Marneuli rayonunda kənd adı. Xram çayının sol sahilində, rayon mərkəzindən 20 km qərbdə yerləşir. Mənbələrin verdiyi məlumata görə, orta əsrlərdə qurdlar təkəli tayfasının bir qolu hesab olunurdu. Qurdlar kəndi bu tayfa tərəfindən saldığı üçün belə adlandırılmışdır.
QAÇAĞAN – Marneuli rayonunda kənd adı. Rayon mərkəzindən 25 km şərqdə yerləşir. Bu etnooykonim mənşəcə türkköklü qıpçaq tayfa birliyinin saral tirəsinin bir qolu olan qaçağan nəslinin adı ilə bağlı olaraq yaranmışdır.
QASIMLI – Marneuli rayonunda kənd adı. Rayon mərkəzindən 30 km qərbdə yerləşir. Kök+şəkilçi modeli əsasında formalaşmış bu etnotoponimin mənası “Qasımın nəslindən olanların saldığı yaşayış yeri” anlamındadır.
QUZLAR – Saqareco rayonunda kənd adı. Kök+şəkilçi modeli əsasında formalaşmış bu etnotoponimin əsasında qədim türkdilli “quz” tayfasının adı dayanır. Quzlar Xəzərlərin bir qolu olmuşdur. Quzlar kəndi Yor yaylasında, Yor çayının sağ sahilində, rayon mərkəzindən 34 km qərbdə yerləşir.