Donuz ətini yemək niyə haramdır?
Insan idrakı üçün aydın olmayan bu və digər sualların bircə cavabı var – həqiqəti bilmək gərəkdir. Həqiqəti bilməyin isə yeganə yolu Allaha üz tutmaqdır.
Müsəlmanlar Allahın donuz ətini haram buyurduğunu yaxşı bilir və öz qidalarında donuz ətindən qətiyyən istifadə etmirlər.
Donuz ətindən istifadə edən və onun çox faydalı, dadlı olduğunu, yalnız soyuducu olmayan keçmiş zamanlarda tez korlandığı üçün haram buyurulduğunu söyləyənlər isə, ilk növbədə bu qadağanın mahiyyətini başa düşərək, üzərində düşünməlidirlər. Müzakirələr aparmaq lazımlı şeydir, lakin müzakirələr təkzibedilməz faktlar əsasında olmalıdır.
Donuz ətinin qida kimi yararsız olması barədəki faktlar az deyil. Bu faktlar həm elmi, həm də elmi-kütləvi ədəbiyyatda dərc olunmuşdur. Lakin insanlar nədənsə, bu cür faktlara etinasız yanaşır və müxtəlif növlü qidalar hazırlanmasında donuz ətindən geniş surətdə istifadə edirlər. Həm də etiraf olunmalıdır ki, donuz əti və ondan hazırlanmış məmulatlar hələ qədim dövrlərdən başlayaraq ən çox istifadə edilən qida məhsullarındandır.
Donuzun ev heyvanına necə çevrilməsi və insan həyatında bu “fəxri” yeri nə cür tutmasını göstərən bəzi tarixi faktları sadalayaq.
Ev donuzlarının əcdadı digər vəhşi heyvanlara nisbətən insandan daha az qorxan vəhşi qabandır. Qədim insanın əkdiyi müxtəlif bitkilər vəhşi qabanları şirnikləndirirdi. Insanların ciddi səylərinə baxmayaraq, vəhşi qabanlar öz balaları ilə birlikdə əkin məhsullarının “gecə oğrularına” çevrildi. Insanlar donuz balalarını tutmağa, çoxaltmağa və əhliləşdirməyə başladılar. Qabanlar qabaqlarına çıxan hər şeyi yediklərindən (onlar palıd qozası, yabanı bitkilərin kökləri, həşərat, qurbağa, kiçik gəmiricilər, quş yumurtası və s. ilə qidalanırlar) onları əhliləşdirmək çətin olmadı. Beləliklə, vəhşi qaban indiki donuza çevrildi və ev heyvanları cərgəsində itdən sonra ikinci yeri tutdu.
Qədim dövrlərdə Çin və Misirdə donuzlar müqəddəs heyvan sayılırdı. Bu ölkələrdə donuzlar xoşbəxtlik və firavanlıq rəmzi idi. Fironların, imperatorların və kralların sarayında xüsusi donuzabaxan vəzifəsi mövcud idi. Yalnız dini və dövlət bayramlarında donuz əti yeməyə icazə verilirdi. Roma imperiyasında donuz ətinin dadını yaxşılaşdırmaq üçün kəsməmişdən əvvəl donuza çaxır içirirdilər.
Bəzi papius qəbilələrində isə hətta qadınlar donuz balalarına öz döşlərindən süd də verərdilər. Yeni Qvineyada yaşayan papius qəbilələri arasında donuza pərəstiş halı indiyə kimi qalmaqdadır. Donuz onlarda ailənin üzvü sayılır. Donuza adla müraciət edir, onunla söhbətləşir, danışırlar. Donuz xəstələndikdə, yaxud şikəst olduqda papiuslar kədərlənir və ağlayırlar. Papiuslar donuzu öz yedikləri qidalarla yemləyirlər. Insanlarla donuzlar, həmçinin digər heyvanlar arasındakı bu cür münasibətlər indi də bəzi başqa (hətta “mədəni”) xalqlarda mövcuddur.
Lakin insanlarla donuzlar arasındakı “yaxşı” münasibət, donuz əti yeməklə insanların ağır nəticələrə gətirib çıxaran (hətta ölümlə nəticələnən) müxtəlif xəstəliklərə yoluxmaları ilə pozulmağa başladı.
Insanların mənafeyi naminə böyük Yaradan, donuz əti yeməyi onlara qadağan etdi. Insanlara bu qadağan haqqında hələ Bibliyada xəbər verilmişdir: “Onların ətini yeməyin və leşlərinə toxunmayın; onlar sizin üçün murdardır” (“Bibliya”, “Levit” kitabı, 11:8).
Lakin təəssüf ki, insanlar həqiqəti anlamadılar, idraklarının səsinə qulaq asmadılar və “öz yolları” ilə getdilər. Həmin yolun hara aparıb çıxardığını isə, gəlin, birlikdə araşdıraq. Artıq bu gün donuz ətinin insan orqanizminə zərəri barədə inkaredilməz elmi faktlar mövcuddur. Bu dəlillərdən bəzisini sadalayaq.
Alimlərin çoxsaylı tədqiqatları nəticəsində müəyyən olunmuşdur ki, təkcə ev donuzunun deyil, qabanın da ətini yedikdə, insan trixinelyoz kimi ağır xəstəliyə yoluxur. Bu xəstəliyin törədicisi donuz orqanizmində yaşayan “trixinella” (Trishinella spiralis) adlı parazitdir. Yoluxmuş donuz ətini yedikdən, adətən 2-3 həftə sonra trixinelyoz xəstəliyi başlayır. Bu zaman bədənin hərarəti xeyli yüksəlir, möhkəm baş ağrıları və əzələlərdə ağrılar başlayır, mədə-bağırsaq pozuntuları, ürək-damar çatışmazlığı, ürəkbulanma, qusma, titrətmə müşahidə edilir. Xəstəliyin daha xarakterik əlaməti üzün, və göz dəliklərinin şişməsinə səbəb olur ki, bu xəstəlik xalq arasında “şişkinlik” adlandırılır.
Bunu da bilmək vacibdir ki, donuz ətindəki xəstəliktörədici «trixinellər» xarici təsirlərə qarşı xeyli davamlıdır. Onlar hətta -100C temperaturda dondurulmuş ətdə belə yaşayır. Bir vaxtlar elə hesab edirdilər ki, trixinellər -350C-dən aşağı və +1000C-dən yuxarı temperaturda məhv olur. Lakin müasir bioloji tədqiqatlar nəticəsində sübut olunmuşdur ki, bu cür tövsiyyələr tamamilə səmərəsizdir, çünki ətdəki trixinell sürfələrini heç bir üsulla məhv etmək mümkün deyil.
Trixinell sürfələri üçün yüksək və aşağı temperaturlarda istənilən üsulla emal prosesləri qətiyyən qorxulu deyil, bu mənada, duzlama və hisəvermə proseslərindən danışmağa belə dəyməz.
Bəzən hətta ölümlə nəticələnən bu cür təhlükəli xəstəlikdən yeganə qorunma üsulu – donuz əti yeməməkdir. Trixineldən başqa, donuzların bədənində viruslar da yaşayır və çoxalır. Ensefalit (baş beyin iltihabı) kimi ağır xəstəliyin virusu qansoran həşəratlar vasitəsilə donuzlardan insanlara ötürülür. Yoluxucu ensefalit virusu çox kəskin ağırlaşmalara – üz və ətraf əzələlərinin qıc olmasına, iflicə, udma və tənəffüs pozuntularına, huşun itirilməsinə, psixi pozğunluqlara, çox vaxt isə ölümə səbəb olur.
1999-cu ilin yazında Malayziyada yüksək ölüm səviyyəsi ilə müşayiət olunan ensefalit epidemiyasının yayılması, bu mənada çox səciyyəvi hadisədir. Ölkə hökuməti əlverişsiz bölgələrdəki bütün donuzların məhv edilməsi haqqında qərar qəbul etdi. Bu zaman 400000-ə yaxın donuz məhv edildi. Əlbəttə, bu, dövlət üçün böyük maddi zərər idi. Amma bütün əhalisi Yaradanın qadağanlarına riayət edən bir ölkədə belə hadisələr baş verə bilməz.
Donuz vasitəsilə insanın yoluxduğu, bundan heç də az təhlükəli olmayan digər xəstəlik isə listeriozdur. Bu xəstəliyi B.Proteus bakteriyaları törədir. Donuz əti, ondan hazırlanmış məhsul və məmulatların işlənilməsi və satışı ilə məşğul olan ət kombinatı, kütləvi qida və ticarət şəbəkəsi işçiləri listeriozla yoluxurlar.
K.V. Bobrişevin “Allah bu cür müalicə edir” adlı kitabında nəşr edilmiş elmi arayışda, donuz əti yeyən insanların xərçəng kimi dəhşətli bəla ilə xəstələnmə mexanizmi barədə informasiya verilir. Aşağıda həmin kitabdan qısaca sitat gətiririk: “Dünya alimləri donuz hüceyrələrini əsaslı surətdə tədqiq etdikdən sonra belə bir yekdil rəyə gəlmişlər: yağlı donuz hüceyrəsi mədə şirəsində həll olmur, lakin insan orqanizmində yığılaraq sonradan bədxassəli şişə çevrilən yad cisim təşkil edir…” (K.V.Bobrişev, 1996, s.43).
Oxucunu yormamaq üçün, donuz əti vasitəsilə insanın yoluxduğu digər xəstəliklərin adını sadalamırıq. Bunlar, donuz ətindən qida kimi istifadə etmək və bunun insan üçün nəticələri ilə bağlı məlumatlar idi. Donuz əti yeyən insanlar bunu da bilməlidirlər ki, donuz ətinin fiziki sağlamlığa zərərli təsiri özünü həmin an deyil, sonradan da biruzə verə bilər.
Donuzların öyrənilməsi ilə bağlı tibb-biologiya elmlərinə aid bir sıra başqa məlumatlar da mövcuddur. Bunlardan bəzisini sadalayaq.
Hüceyrə və molekulyar səviyyələrdə aparılan müasir tədqiqatlarla sübut olunmuşdur ki, donuz toxumalarının quruluşu insan toxumalarının quruluşuna çox yaxındır. Bir çox göstəricilər, xüsusilə qanın tərkibi, həzm prosesinin fiziologiyası, hər şeylə qidalanmaq və s. cəhətdən insana digər heyvanlara nisbətən donuz daha çox yaxındır. Bu mənada yalnız meymunlar istisna təşkil edir.
Doğumdan sonrakı ilk günlərdə qadının süd vəzilərindən xaric olan və körpənin immun sisteminin formalaşmasında mühüm rol oynayan süd, bala verən donuzun südü ilə, demək olar ki, eyni aminturşu tərkibinə malikdir.
Donuzlar, insanlara xas olan xəstəliklərlə xəstələnirlər. Bu zaman onlar, elə insanları müalicə etmək üçün istifadə olunan dərman preparatları ilə (həm də təxminən eyni dozalarda) müalicə oluna bilər. Bu oxşarlıqdan istifadə edən tədqiqatçılar, yeni yaradılan dərman preparatlarının dozasını ilk öncə donuzlar üzərində sınaqdan keçirirlər. Radioaktiv və toksik maddələrin insan orqanizminə təsir mexanizmi və nəticələri, donuzlar üzərində keçirilmiş təcrübələr əsasında öyrənilmişdir.
Donuzların orqanizminə alkoqolun təsirinin öyrənilməsi üzrə tibbi-bioloji təcrübələr çox maraqlı nəticələr vermişdir. Tədqiqatlar göstərmişdir ki, həm cavan, həm də yaşlı donuzlar asanlıqla və heç bir məcburiyyət olmadan böyük miqdarda alkoqol qəbul edə bilirlər.
Orqanizmlərində alkoqola qarşı refleks yaranmış “əyyaş donuzlar”ın davranışı bu cür təsvir edilir: “əyyaş donuzlar müəyyən saatlarda ayaqlarının birini götürüb digərini qoyub xortuldayır, səbrsizliklə spirt dolu çanağı gözləyirlər. Həsrəti çəkilən içki görünən kimi, heyvanlar öz payları uğrunda mübarizəyə başlayır, sonra isə birlikdə bəxtəvər surətdə döşəmənin üstündə tir-tap uzanıb yatırlar”.
Xroniki “əyyaş donuzlar”ı öyrənən alimlər müəyyən etmişlər ki, alkoqol donuzların orqanizmini tədricən dağıdır, onların ürək, qaraciyər, böyrək və digər orqanlarına patoloji təsir göstərməklə acınacaqlı nəticələrə gətirib çıxarır.
Donuzlar üzərində aparılmış təcrübələrin nəticələri xroniki “əyyaş donuzlar”la xroniki əyyaş insanların hərəkət və aqibətlərində olan bənzərlikləri nümayiş etdirir. Donuza gəlincə, onun beyni bütün bədən kütləsinin cəmi 0,05%-ni təşkil etdiyindən, sərxoş vəziyyətdə öz davranışına nəzarət edə bilmir və xroniki əyyaşlığın təhlükəsini dərk etmir. Insan beyni isə bədən kütləsinin 2%-ni təşkil etdiyindən, o, öz davranışına nəzarət etməli və özünü xroniki sərxoşluqdan çəkindirməli idi. Heç olmazsa, bu fərqə görə şüurlu insan donuz kimi içməməlidir. Bunu da qeyd etməyi zəruri sayırıq ki, sistematik surətdə alkoqol qəbul edərək öz davranışlarında donuzlarla eyniyyət təşkil edən insanlar da az deyillər, çünki onlar böyük Yaradanın başqa bir qadağasını pozurlar. “Qurani – Kərim”də həmin qadağa haqqında belə buyrulur: “Ey iman gətirənlər! Şərab da, (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (əl-Maidə, 5/90).
Oxucuda sual yarana bilər ki, donuz problemini nə üçün bu qədər dəqiqliklə araşdırırıq?
Bu suala elə Miçurinin təcrübələrinə istinad etməklə də cavab vermək olardı. Bu, həmin Miçurindir ki, təbiətdən bəxşişlər gözləməyərək, özü də ondan nəsə alırdı, həm də bu nəsə naməlum bir şey olaraq qalmaqdadır… Buna görə də hal-hazırda insanlar nəinki faydası olmayan, hətta çox zaman zərərli olan müxtəlif cür hibrid (Geni dəyişdirilmiş - Ə-C.Ə.) meyvələr yeyirlər. Bu barədə də sübutlar istənilən qədərdir.
Insanın təbiət üzərindəki təcrübələrinin mümkün olan məhvedici nəticələri barədə müəyyən aydınlıq yaratmaq üçün daha bir nadir təcrübə ilə tanış olaq və onun nəticələri üzərində düşünək. Elmi ədəbiyyatda təqribən 20-25 min növü əhatə edən birhüceyrəlilər üzərində aparılmış təcrübələr barədə məlumatlar mövcuddur. Təcrübə, bir növün digər növ ilə yemlənməsindən ibarət idi. Nəticə heyranedici oldu: digər növdən olan birhüceyrəlini yemiş birhüceyrəlidə, öz «yem»inə məxsus irsi əlamətlər əmələ gəlmişdi.
Dostları ilə paylaş: |