Imsak (SABUR) və iftar yeməyi haqqında
Allahın bəşər övladına bəxş etdiyi nemətlərdən ən önəmlisi can sağlıdır. Can sağlığı isə daha çox səmərəli qidalanmadan asılıdır. Islam mötədil dindir. Hər şeydə olduğu kimi, yemək-içməkdə də mötədil olmağı tövsiyə edir.
Tibbi cəhətdən orucluğun insan orqanizminə müsbət və mənfi təsiri vardır. Bu ilk növbədə imsak və iftarda yeyilən qidalardan asılıdır.
Məlumdur ki, insanlar susuzluğa daha az dözümlüdürlər, nəinki aclığa. Insan aclığa 40 gün tab gətirə bilsə də, susuzluğa müəyyən əziyyətlə üç gün dözə bilir. Xüsusən, yay aylarında xarici temperatur bədən temperaturuna yaxın, hətta daha artıq olduğundan, bədəndən çoxlu miqdarda maye xaric olunur və orqanizm də bunun əvəzinə, təbii ki, su tələb edir.
Qəbul olunan qidalar özlərinin həzm prosesində əmələ gələn aralıq məhsulların, şlakların aradan götürülməsində su tələb etdiyindən, səhər imsak (sahur) yeməyi, ilk öncə, mümkün qədər kalorili, daha asan həzm olunan, susuzluq gətirməyən qidalar olmalıdır. Duzlu və çox şirin yeməklər, ət xörəkləri, müxtəlif qızartmalar susuzluq gətirən qidalar olduğundan, bunlardan az istifadə etmək daha məqsədəuyğundur. Yaxşı olar ki, imsakda kəsmik, xama, kərə yağı, qaymaq və ya soyutma yumurta yeyilsin. Bu şərtlə ki, bütün qidalarda duzdan az istifadə olunması gözlənilsin. Istənilən qədər maye (su, çay, şirə) qəbul oluna bilər. Lakin qəbul edilən bütün mayenin miqdarı üç stəkandan çox olmamalıdır. Azərbaycanlılar bir qayda olaraq qara məxməri çaydan daha çox istifadə edirlər. Lakin həm susuzluğu yatırmaq, həm də orqanizmə müsbət təsirləri baxımından yaşıl çay daha xeyirlidir. Yaşıl çay immuniteti gücləndirir, insanın susuzluğa dözümünü artırır, bundan əlavə, orqanizmə sakitləşdirici təsir göstərir. Ona görə də, səhər yeməyi (imsak) zamanı yaşıl çaydan istifadə etmək məqsədəuyğundur.
Bəzi insanlar imsakda şirin çay, yağ və pendirlə (duzu az olsa, daha yaxşıdır) çörək yeyir, digərləri bal-yağla çay (şit çay), çörək yeyirlər. Belə yemək insanı ağırlaşdırmır və gün ərzində insan susuzluqdan əziyyət çəkmir.
Imsakda və iftarda kolbasa və sosislərdən istifadə olunmasına diqqəti artırmaq məsləhətdir. Kolbasa və sosislərin nə dərəcədə halal olması sual altındadır. Oruc tutanlar bu məhsulları alanda və yeyəndə son dərəcə diqqətli olmalıdırlar. Hisə verilmiş kolbasaların tərkibində duz və ədviyyatlar olduğundan, bunlar insanda susuzluq yaradır. Ona görə də kolbasa və sosislərdən istifadə etdikdə, əsasən halal olaraq hazırlananlardan, tərkibində duz və ədviyyatlar nisbətən az olan, hisə verilməmiş, bişmiş kolbasalardan (məsələn, “həkim”, “pəhriz”, “dana” və s. halal kolbasa növləri) istifadə edə bilərlər.
Imsakdan sonra dərhal yatmaq orqanizm üçün ziyandır. Yaxşı olar ki, yüngül fiziki işlə məşğul olsunlar, açıq havada gəzsinlər, yaxud mütaliə etsinlər. Bunlardan ən önəmlisi Quran oxumaqdır. Kim ərəbcə bilirsə, hər gün imsakdan sonra bir cüz (yəni 20 səhifə) oxusa, etdiyi ibadətlər Allah-Təala tərəfindən daha çox savaba yazılar.
Bir-iki saat vaxt keçdikdən sonra və ya 10-11 radələrində (və yaxud günorta namazından sonra) bir qədər uzanıb yatmaq olar.
Imsak bitdikdən sonra, “Hələ vaxtım var, yata bilərəm” - deyə yatıb gec durmaq, əlbəttə ki, insan orqanizminə mənfi təsir göstərir. Ümumiyyətlə, səhər saat 5-8 arası havada ozon daha çox olur. Belə hava insan orqanizmini sağlam və gümrah etdiyi üçün açıq havada gəzmək çox yaxşı olar.
Iftar vaxtı barədə xüsusi cədvəllər var və bu cədvəllərə ciddi riayət edilməlidir. Bəziləri hesab edirlər ki, orucu iftarın vaxtından yarım saat, bir saat gec açsalar, daha da savab olar. Amma bu, səhv fikirdir. Orucluq o demək deyil ki, insan özünə əziyyət versin. Əgər axşam azanı vaxtı oruc tutan şəxs yolda və ya işdə olarsa, azandan dərhal sonra orucunu açmalıdır. Bu zaman 1-2 ədəd xurma yemək, bir qədər su içmək kifayətdir.
Gün ərzində insan ən çox suya ehtiyac duyduğundan, iftar vaxtını səbirsizliklə gözləyir ki, susuzluğunu yatırsın. Qeyd etmək lazımdır ki, axşam azanına 20-30 dəqiqə qalmış iftar süfrəsi hazırlanmalıdır. Oruc tutanın hazırlanmış iftar süfrəsi başında oturub axşam azanını gözləməsi savab sayılır. Bunun elmi açıqlaması fikrimizcə belədir: Ac insan süfrədəki təamlara baxıb gözlədikcə onda şərti refleks yaranır, mədəaltı vəzi şirə ifraz etməyə başlayır və beləliklə də iftarda yeyilən qidanın həzminə və mənimsənilməsinə müsbət təsir göstərir.
Orucu açan zaman yaxşıdır ki, ilk olaraq soyuq mayelər yox, qaynanmış ilıq su, süd və ya çay içsinlər, əlbəttə yaşıl çay olsa, daha yaxşıdır. Əgər qara məxməri çay içirsinizsə, çox tünd olmamalıdır. Mayeni “susuzam” deyib, birnəfəsə yox, aramla, tədricən udum-udum içmək lazımdır.
Bəzən oruc tutanlar iftarı 1-2 ədəd xurma və bir stəkan su ilə açır, axşam namazını qıldıqdan sonra yemək yeyirlər. Yaxşı olar ki, oruc açanda, ilk növbədə bir az da olsa (200-250 ml) duru yemək yeyilsin, 5-10 dəqiqədən sonra ikinci yemək də yeyilə bilər. Bir-birinin ardınca çox yemək olmaz. Mədənin birdən-birə yüklənməməsi və qidanın daha rahat həzm olunması üçün iftarı 50-60 dəqiqə davam etdirmək məsləhətdir. Yeməkdən sonra dərhal su və çayı çox içmək məsləhət görülmür.
Meyvə-tərəvəz və çərəz yeyilməsini iftardan 1,5-2,0 saat sonra yemək daha yaxşı olar. Iftar açan kimi uzanmaq və yatmaq olmaz. Müsəlmanların Ramazan ayında axşamlar (iftardan təxminən 2 saat sonra) təraviq namazı qılmaları iftarda yeyilən qidanın daha yaxşı həzm olunmasına və qidalı maddələrin daha bəsit maddələrə parçalanıb qana sovrulmasına müsbət təsir göstərir.
Dostları ilə paylaş: |