İttihama cavab
Tutulan iradlara cavablarımız aşağıdakılardır:
İmamiyyə şiələrinin yekdil rəyinə görə imamın təyin olunması yalnız Allah tərəfindən gələn dəlillə, Peyğəmbərin (s) və məsum imamın (ə) təqdimatı ilə gerçəkləşir. “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (insanlara) çatdır...1 ” ayəsinə əsasən Peyğəmbərə (s) Allah tərəfindən Əlinin (ə) canişinliyini ümmətə çatdırmaq tapşırılmışdı. Deməli, bu məsuliyyətin imamlığa layiq şəxsin öhdəsinə qoyulması Allahın öz iradəsi, istəyi olmuşdur. Elə buna görə də Peyğəmbərə (s) bu xəbəri ümmətə çatdırması vəhy vasitəsi ilə əmr olunur və o həzrət (s) Əhli-beytdən (ə) olan imamların birinin adını açıqlayır. Hər bir imam da özündən sonrakı imamı tanıtmışdır. Bunun irsiyyətlə heç bir əlaqəsi yoxdur.
Əlinin (ə) və digər imamların (ə) imamətini isbatlayan “Qədir-Xum”, “Səqəleyn” və bu kimi dəlillərə nəzər saldıqda Allahın və Peyğəmbərin (s) Əhli-beytin (ə) imamətində israrlı olduğu anlaşılır. Bütün bunlar qohumluq əlaqələrindənmi doğurdu? Peyğəmbər (s) özündən sonra kürəkəninin və nəvələrinin onun hakimiyyətini davam etdirməsini istəyirdi? O həzrət (s) məlum rəvayətlərdə göstərildiyi kimi irsiyyətə əsaslanan hakimiyyətmi qurmaq istəyirdi?
Başlıca problem odur ki, biz baş verənlərlə haqq arasında fərq qoymur, həyata keçənlərin haqq olduğunu düşünürük. Əhli-sünnə mənsublarını gerçək həyatda Əbu Bəkrin xəlifə seçildiyini görür və belə olmasının lazım olduğunu da düşünürlər, buna haqq gözü ilə baxılar və güman edirlər ki, şiələr başda Əli (ə) olmaqla Əhli-beytin (ə) ardınca gedirlərsə, deməli, Peyğəmbərin (s) hakimiyyətinin irsiyyət yolu ilə davamına etiqad bəsləyirlər. Lakin unudurlar ki, biz haqqa tabe olmalıyıq. Haqq isə Quran və sünnədə, ağla müvafiq şəkildə öz əksini tapmışdır.
Əgər şiələr imamətin irsi olduğuna etiqad bəsləyirlərsə, bəs nə üçün İmam Hüseynin (ə) qardaşı Məhəmməd ibn Hənəfiyyə həyatda olduğu bir halda imamət Əli ibn Hüseynə (ə) verildi? Bu, bir daha İmamiyyə şiələrinin, imamət məqamının irsiyyət yolu ilə deyil, xüsusi ləyaqət tələb edərək layiq olduğu şəxsə verilməsinə etiqad bəslədiklərini göstərir.
Əbu əl-Həsən Nəvəvidən və həmfikirlərindən soruşuruq: “İmamətin irsi olmasından məqsəd nədir? Əgər məqsəd imamətin müəyyən insanlara verilməsidirsə, bunu Peyğəmbər (s) özü hər iki məzhəb tərəfindən qəbul edilən müqəddəs mətnlər vasitəsi ilə bizə çatdırmışdır.
Cabir ibn Səmərə deyir: “Atamla birgə Peyğəmbərin (s) hüzurunda idik. Həzrət buyurdu: “Dünya, on iki xəlifə hökm etməyincə sona yetməz”. Sonra buyurduğunu eşidə bilmədim və atamdan Peyğəmbərin (s) nə buyurduğunu soruşdum. Atam dedi: “Peyğəmbər (s) buyurdu ki, onların hamısı qüreyşlidirlər”.1
Əbu əl-Həsən Nəvəvi və başqaları bu suala necə cavab verə bilərlər? İmamət və xilafətin yalnız qüreyşlilərə aid olması nə deməkdir? Bu hədisi necə izah etmək olar? Şübhəsiz ki, onlar məlum hədisi imamət üçün tələb olunan ləyaqətin yalnız qüreyşdə olduğu şəklində izah edəcəklər. Bu, bizim Əhli-beytin imaməti (ə) haqqındakı açıqlamamızla üst-üstə düşür. Əgər irsiyyətdən məqsəd Əhli-beytin (ə) ləyaqətli olması yox, sırf Peyğəmbərin (s) övladı olmalarının imamət üçün yetərli olmasına etiqaddırsa, İmamiyyə şiələrinin belə bir etiqadı yoxdur.
5. İmamiyyə şiələrinin sxolastik kitablarına nəzər saldıqda görürük ki, onlar imamətin gerçəkləşməsi üçün bir neçə şərti zəruri hesab edirlər. Buraya məsumluq, fəzilət, ilahi bilik və s. xüsusiyyətlət daxildir. Əgər onlar imamətin irsi olduğu qənaətində olsaydılar, bu şərtlərə nə gərək var idi?! Məlum şərtlər yalnız ləyaqətin göstəricisidir. Bu ləyaqət tarixi və dini dəlillərə görə Əhli-beytdən (ə) qeyrisində yoxdur.
6. Əgər Əbu əl-Həsən Nəvəvi irsi hakimiyyətin maddi hakimiyyətlərə xas olması və peyğəmbərlərin bundan uzaq olmalarının lazımlığı qənaətindədirsə, İslam Peyğəmbəri (s) ilə digər peyğəmbərlər, daimi hakimiyyətlə müvəqqəti hakimiyyət arasında nə fərq var? Halbuki Quranda peyğəmbərlər arasında da şəxsi keyfiyyətləri çərçivəsində irsi hakimiyyət mövcud olmuşdur. Belə ki, Allah-Taala buyurur:
“Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük mülk (hökmranlıq) bəxş etmişdik” (“Nisa”, 54).
Digər tərəfdən, bəzi peyğəmbərlərin Allahdan imamət və ya nübuvvətin onların övladlarına verilməsini diləmələrinin şahidi oluruq. Bu, əslində onlara bu mühüm məsuliyyət üçün zəruri olan ləyaqətin verilməsi diləyidir. Quranda həzrət İbrahim (ə) haqqında oxuyuruq:
(Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona: ) “Səni insanlara imam təyin edəcəyəm”, -dedi. (İbrahim isə: ) “Nəslimdən necə?” – deyə soruşdu. (Allah onun cavabında: ) “(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar”, - buyurdu (“Bəqərə”, 124).
Bu ayə irsi hakimiyyəti mütləq şəkildə rədd etmir. Əksinə, İbrahimin (ə) övladlarından zülmkar olanını rədd edir. Buradan məlum olur ki, həzrət İbrahimin (ə) və eləcə də digər peyğəmbərlərin nəsli zalım olmadıqları halda imamət məqamına yüksələ bilərlər. Təbii ki, zülm dedikdə həm Allaha, həm xalqa, həm də nəfsə zülm etmək nəzərdə tutulur.
Həzrət Musa (ə) Allahdan öz yaxınlarından birini ona vəzir təyin etməsini istəyir. Allah-Taala həzrət Musanın (ə) dilindən buyurur: “Və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver – Qardaşım Harunu!” (“Taha”, 29-30)
Çox güman ki, nübuvvət, imamət və xilafətin zəruri şərtlər olduğu zaman peyğəmbərin nəslinə verilməsinə səbəb peyğəmbərlərin qəlblərə hakim olmaları, insanlar tərəfindən xüsusi bir məhəbbətlə sevilmələridir. Onlara belə dərin məhəbbət bəsləyən ümmət onların əməlisaleh övladlarına da eyni məhəbbət bəsləyir. Xalq tərəfindən sevilən liderlərə daha yaxşı tabeçilik göstərilir. Buna görə də hakimiyyətdə olması daha məsləhətli olanlar peyğəmbərlərin bu məqama layiq övladlarıdır. Əlbəttə, bu mütləq deyil. İmamətin ismət, fəzilət və s. şərtləri də zəruridir.
İmamətlə səltənət, padşahlıq arasında fərq var. İmamət və Peyğəmbərin (s) canişinliyi padşahlıqdan fərqli olaraq tam ilahi bir məqamdır.
Şiə etiqadının bəzi məqamlarda yəhudi inancı ilə üst-üstə düşməsinə baxmayaraq, bu, əslində Quran ayələrindən, səhih rəvayətlərdən qaynaqlanır.
İmamətin yalnız Peyğəmbər (s) nəslinə, Əlinin (ə) övladlarına aid olması dövləti, onu nəfsi istəklərinə, ehtiraslarına uyğun idarə edəcək, şəriətlə oyun oynayacaq, müsəlmanları yanlış əqidələrə sürükləyəcək münafiqlərə tapşırmaqdan daha məqsədəuyğundur.
Dostları ilə paylaş: |