Cövhəri “Sihah əl-lüğə” əsərində yazır: “Şiəlik, müşayiət, yəni itaət etmək, kömək göstərmək, kiminsə rəhbərliyini qəbul etmək mənalarını ifadə edir”1. “Tac əl-ərus”2 , “Lisan əl-ərəb”3 kitablarında da eyni məzmunlu ifadələrə rast gəlirik.
“TƏŞƏYYÖ” ANLAYIŞI TERMİN KİMİ
“Təşəyyö” (şiəlik) bir termin kimi İmamət məqamını Allah tərəfindən bəxş edilən bir məqam hesab edən baxışlar sistemindən törəmişdir. Bu ideologiyaya görə, imamın seçilməsi Allah tərəfindən müqqəddəs mətnlər vasitəsi ilə gerçəkləşməlidir. Bu arada sevgili Peyğəmbərimiz (s) özü də Allah-Taalanın peyğəmbərlərin (ə) arasında qoyduğu ənənəyə sadiq qalaraq özündən sonrakı imam və vəsilərin (canişinlərin) adını açıqlamışdır. Əli (ə) ilə başlayan və İmam Mehdi (əc.) ilə yekunlaşan bu ilahi insanlar həm dini ideallarımız, həm də Peyğəmbərdən (s) sonra İslam ümmətinə rəhbərlik etməli olan öndərlərdirlər. Mərhum Şeyx Cavad Müğniyə yazır: “Şiəlik, Peyğəmbər (s) tərəfindən Əlinin (s) imamlığını və xəlifəliyini - onun və övladlarının haqqında bu və ya digər mübaliğəyə, şişirtməyə yol vermədən - açıqlayan, təsdiqləyən müqəddəs mətnlərin, hədis və bildirişlərin mövcudluğunu qəbul etmək, ona inanmaq deməkdir”4.