§ 3. Ərəb və fars mənşəli sözlər
Tərcümənin lüğət tərkibində ərəb və fars mənşəli sözlərin çəkisi də nəzərə çarpacaq dərəcədədir. Tərcümənin məzmununa uyğun olaraq, daha çox dini anlayış və məfhumlarla bağlı olan bu sözlərin çoxu, aydındır ki, orta yüzilliklərdə Azərbaycan türkləri üçün (sözsüz ki, az-çox savadlılar nəzərdə tutulur) anlaşıqlı olmuşdur. Tərcümədəki ayrı-ayrı ərəb və fars sözlərini isə Həzini qafiyə xatirinə işlətmişdir. Ümumiyyətlə götürdükdə, tərcümədə işlənmiş ərəb və fars sözlərinin çoxu bu gün də ədəbi dilimizdə işlənir. Onların müəyyən bir hissəsi müasir ədəbi dilimizdə işlənməsə də, orta əsrlər yazılı abidələrimizin çoxunun dili üçün adi hal sayılır. Tərcümədə işlənmiş ərəb və fars mənşəli sözləri bu baxımdan iki qrupa ayırmaq olar:
a) Müasir ədəbi dilimizdə işlənən sözlər: abad, agah, ayət, ayin, batil, biqərar, cəfa, cövr, dərd, ehsan, əcr, əfv, əta, fərəh, , fəzl, gülzar, həqq, xətər, xovf, xuda, ibadət, küdurət, küfr, qəzəb, lütf, matəm, məhzun, miskin, möhnət, naümid, nəzər, nöqsan, pak, rəmz, rəsul, rəvan, ruzi, savab, səcdə, sidq, şəkk, təqsir, vəhy, ümmət, vəz, , zövcə, və s..
b) Müasir ədəbi dilimizdə işlənməyən sözlər: aftab (günəş), asi (günahkar, üsyan edən), cinan (cənnət), cürm (günah), ədu (düşmən), xəsm (düşmən), xun (qan), gənc (xəzinə), ilhah (xahiş, israr), istiğfar (tövbə), Kirdgar (Allah), ləşkər (ordu), məhliqa (ayüzlü), mərdud (rədd edilmiş), mərdüman (camaat, adamlar), pənd (nəsihət), rizq (azuqə), sərzəniş (danlaq), şədid (bərk), şəms (günəş), taət (itaət), tən (bədən), üqba (o biri dünya), qəmər (ay), zəxm (yara), rəxt (paltar), həcər (daş), və s.
Tərcümədə Allahül-aləmin, arami-can, , cəmi-kəsir, ərzi-hacət, əhli-beyt, əhli-qübur, əhli-iman, yövmi-cəza, kari-dəğəl, mərdi-din, xaki-pa, hərbi-zərb, şəbi-cümə kimi izafət tərkibləri də işlənmişdir ki, bunlar da orta əsrlər anadilli ədəbiyyatımız üçün səciyyəvi olan leksik vahidlərdən sayılır. Qeyd edək ki, bu birləşmələrdən bəziləri bu gün də din xadimlərinin dilində işlənir.
Dostları ilə paylaş: |