Qəzəb yudmaq: "Kim qəzəbyudmaq yəqin bil, ya Əli, Tanrı xişmini söndürür bil, ya Əli". Bu frazeoloji vahid müasir ədəbi dilimizdə "qəzəbini boğmaq" və "qəzəb" sözünün sinonimi olan ərəb mənşəli "hirs" isminin iştirakı ilə düzəlmiş "hirsini basmaq (boğmaq, yemək)" şəklində işlənir. "Şühədanamə"də "qəzəb yudmaq" frazeoloji vahidinin başqa bir variantı - "qəzəb" sözünün fars mənşəli sinonimi "xişm" ismi ilə düzəlmiş "xişm yutmaq" ifadəsi işlənmişdir (121, Şüh.158a). Bu frazeoloji vahidin "Şühədanamə"nin orijinalında - Hüseyn Vaiz Kaşfinin fars dilində yazdığı "Rövzətüş-şühəda" əsərində işlənmiş خشم فرو خوردن fars sabit söz birləşməsindən hərfi yolla tərcümə olunduğunu güman etmək olar. Fikrimizcə, Həzininin işlətdiyi "qəzəb yudmaq" ifadəsinin də yaranmasında həmin fars sabit söz birləşməsinin müəyyən təsiri olmamış deyildir. Yuxarıdakı beytdə daha bir frazeoloji vahid - "xişmi söndürmək" işlənmişdir ki, bu ifadə də müasir ədəbi dilimiz üçün səciyyəvi deyildir. Bugünkü ədəbi dilimizdə eyni mənada "qəzəbini soyutmaq", "hirsini soyutmaq" sabit söz birləşmələri işlənir.