Gərginlik itkisi dedikdə şəbəkənin (və ya xəttin) baxılan nöqtələrindəki gərginliklərin mütləq qiymətləri arasındakı cəbri fərq nəzərdə tutulur.
Şəbəkənin ayrı-ayrı hissələrindəki naqillərin en kəsiyinin seçilməsinin düzgünlük kriteriyası, müxtəlif rejimlərdə təlabatçıların sıxaclarındakı gərginliyin buraxılabilən qiymətinin təmin olunması adlanır.
Belə hesabatın aparılması üçün ayrıca olaraq bəsləyici şəbəkədə, transformatorlarda və paylayıcı şəbəkələrdə gərginlik itkilərini təyin etmək lazımdır.
Bu cür hesabatları şəbəkənin müxtəlif iş rejimləri (məsələn, maksimal və minimal yüklər) üçün aparmaq, sonra isə transformasiya əmsallarının və onların tənzimlənmə hədlərinin seçilməsi yolu ilə düzgün həlli tapmaq lazımdır.
Təcrübə göstərir ki, yuxarıda göstərilən bütün faktorların nəzərə alınması ilə yerli şəbəkələrin hesablanması çox əziyyəli, mürəkkəb və xüsusilə, təsirləri hər dəfə nəzərə alına bilməyən müxtəlif tipli yük qrafikləri olduqda, heç də həmişə dəqiq nəticələr verməyən bir işdir. Buna görə də yerli şəbəkələrin hesablanmasında əsas üstünlük daha sadə qaydaya, yəni buraxılabilən gərginlik itkisi ilə hesablanmaya verilir. Belə metod praktiki məqsədlər üçün özünü tamamilə döğruldur. Belə ki, gərginliyin meyli ilə gərginlik itkisi arasında sıx əlaqə mövcuddur.
EAQQ-na və şəhər elektrik şəbəkələrinin layihələndirilməsinə aid olan göstərişlərə əsasən, hesabatların yuxarıda göstərilən qayda əsasında aparılması zamanı, gərginlik itkilərinin aşağıdakı buraxılabilən hədləri tətbiq oluna bilər:
bütün uzunluğu boyu gərginliyi 220 və 380 V olan şəbəkələr üçün, transformator yarımstansiyasının şinlərindən başlayaraq axırıncı təlabatçıyadək 5 %-dən, 6,5 %-ə qədər, onlardan 1 %-dən, 2,5 %-ə qədəri mənzildaxili şəbəkələrə və mənzillər qrupu şəbəkəsinə aid edilir;
gərginliyi 6-35 kV olan bəsləyici şəbəkələr üçün normal rejimlərdə 6%-dən 8%-ə qədər, qəza rejimlərində isə 10%-dən 12%-ə qədər;
6-35 kV gərginliyi olan kənd şəbəkələri üçün, onların ucuzlaşdırılması məqsədi ilə gərginlik itkisi normal rejimlərdə 10%-ə qədər buraxıla bilir.
Böyük ölçüləri olan şəbəkələrin qidalanma mərkəzlərinin yaxınlığında yerləşən hissələrində gərginlik nəzərəcarpacaq dərəcədə çox, onun uzaqda yerləşən hissələrində isə nominal gərginlikdən nəzərəçarpacaq dərəcədə az olur. Belə yerlərdə şəbəkəyə qoşulmuş transformatorların ikinci tərəfində tələb olunan səviyyədə gərginliyi almaq üçün transformatorların birinci tərəf dolaqlarındakı ayırmaları uyğun şəkildə seçmək lazımdır. Gərginliyinin səviyyəsi yüksək olan yerlərdə böyük transformasiya əmsalı (+2,5% və ya +5%), alçaq olan yerlərdə isə (-2,5% və ya -5%) kiçik transformasiya əmsalı qoyulur. Bununla da transformatorların birinci tərəfində gərginlik səviyyəsini (-5%, -2,5%, 0, +2,5%, +5%) hədlərində dəyişməklə, ikinci tərəf gərginliyini tənzimləmək olar.
Buraxılabilən gərginlik itkisi metodunun tətbiqi ilə hesablanma zamanı yaranan xətaların aradan qaldırılması məqsədi ilə, hesabatları bütün mümkün olan hallarda orta gərginlikli (6-10 kV) və aşağı gərginlikli (0,38 kV) şəbəkələr üçün birlikdə aparmaq lazımdır. Bu zaman şəbəkə transformatorlarının müqavimətlərindəki gərginlik itkilərini 2,5-3% qəbul etmək olar ki, bu da təlabatçıların yükünün güc əmsalı 0,92-0,87 olduqda, transformatorun tam yükünə uyğun gəlir.
Qeyd etmək lazımdır ki, sonda naqillərin en kəsiyi, texniki-iqtisadi göstəricilərin müqayisəsinə əsaslanmaqla seçilməlidir.
Dostları ilə paylaş: |