Həzrət Əlinin (ə) yuxarıdakı buyuruğun ardınca bəyan etdiyi qısa kəlamlardan biri budur: «Ne’mətə qarşı nankorluq, naşükürlük alçaqlıqdır». İnsanın ne’mət sahibinə təşəkkürü, onun haqqını tanıması (haqşünaslıq) batinindən gələn fitri bir meyldir. İnsanın bu təbii və fitri istəyini Allah-təala yaratmışdır. İnsan birindən ne’mət və kömək aldıqda təşəkkür edir. O, bu təşəkkürlə öz vicdanını rahatlaşdırır, daxilən sakitlik tapır. Bu yolla insanın daxili və ilahi bir meyli razı salınır. Amma bə’zi vaxtlar bu istəklər yolunu çaşır. Belə ki, insan ilahi fitri göstərişlərdən məhrum qalır. Özbaşınalıq, nəfs istəklərinə itaət, dünyanın ötəri ləzzətlərinə bağlılıq səbəbindən insan böyük kəramətləri əldən çıxarır, ilahi fitrətini itirir. Bu çaşqınlıq elə bir həddə gəlib çatır ki, insan ona göstərilən xidməti xidmət saymır. Qarşı tərəfin xidmətləri unudulur, hətta ona qarşı nankorluq da göstərilir. Aydındır ki, ruhunda haqqıtanıma, təşəkkür xisləti olmayan şəxs Allahın ne’mətlərinə də şükr edəsi deyil. Belə bir ruhiyyə insanın öz ilahi şəfaətini itirməsinə səbəb olan çirkin sifətdir. Bu ilahi kəramət insan vücudunun gövhərində gizlənmişdir və insan ruhunun cövhəri şükr etməyə meyllidir. Bu fitri ruhiyyəni itirən şəxs əslində öz ilahi kəramətini itirmiş, alçaq bir varlığa çevrilmişdir. «Ne’mətə qarşı nankorluq, naşükürlük alçaqlıqdır». Edilən yaxşılıqları unutmaq, təşəkkür əvəzinə müxaliflik etmək alçaqlığın ən son səviyyəsidir.