BƏZİ ƏXLAQİ VƏ İBADİ ƏMƏLLƏRİN TƏKRARLANMASININ HİKMƏTİ
İslam şəriətində, hətta bütün digər səmavi dinlərdə təkrarlanan ibadi və qeyri-ibadi əməllər vardır. Bu əməllərin təkrarlanması ilə qəlbdəki e’tiqad dirilir, insanın elm və imanı anbaan güclənir. Məsələn, namazda «Əllahu əkbər» ifadəsi dəfələrlə deyilməlidir. Rüku edərkən, səcdə qılarkən, qiraəti bitirərkən «Əllahu əkbər» söylənilir. Eləcə də, Həzrət Zəhranın (s) «təsbihində» 34 dəfə «Əllahu əkbər» deyilir. Bütün bu təkrarları zəruri edən insan ruhunun və imanının qidalanmaya olan ehtiyacıdır. Necə ki, bir dəfə nəfəs alıb, havanı ciyərlərə çatdırmaq kifayət etmir. Bədəni oksigenlə tə’min etmək üçün daimi nəfəs almaq lazım gəlir. Məgər insan bir dəfə yemək yeməklə bir ömür yaşaya bilərmi?! Əlbəttə ki, yaşamaq üçün gündə bir neçə dəfə qidalanmaq lazım gəlir. Beləcə, ruh da daimi qidalanmaya möhtacdır. Əgər həqiqi maarif və ilahi e’tiqad ardıcıl şəkildə qəlbə xatırladılmasa, yavaş-yavaş solğunlaşıb, tə’sirini itirər. Nəticədə, şübhələr və tərəddüdlərlə üzləşərkən məğlub olub, düşüncə, əqidə və maarifində sarsıntı keçirər. Bir vaxt İslam maarifi və hökümlərinə inanıb, sonradan şəkkə düşdüyünü müşahidə etdiyimiz şəxslər zikr, elm və əməldə ardıcıl olmayanlardır. Günah və qəflətə mübtəla olan şəxsin e’tiqadı zəifləyir və hər şeyə şübhə ilə yanaşır. Məsələn, bir xəstənin sağalmasında, şəfa tapmasında imamların (ə) kəramətini müşahidə etdikdə deyir: «Təsadüfi bir hadisədir». Şəksiz ki, bu sözlər iman və mə’rifətin zəifliyini göstərir. Bu zəiflik həqiqətdən bixəbərlik və imana zidd amillərin tə’sirindən yaranır.
Əgər qəlbimizin parlaq və işıqlı olmasını istəyiriksə, onun inkişafı və həqiqətlərə yaxınlaşması arzusundayıqsa, qəlbin qidalanma və sağlamlığına (gigiyenasına) daimi diqqət yetirmək, ona sağlam düşüncələr təqdim edib, zəhərli fikirlərdən qorumalıyıq. Bu arada qəlbin həyat mayası, onu dirildən, inkişaf etdirən, işıqlandıran həqiqət ədəbdir. Ədəb həqiqi maarif, ilahi və pak hissləri oyandırır, qəlbin bixəbərlik, günah, mə’rifət zəifliyi kimi bəlalardan qorunmasına səbəb olur, qəlbi yanlış düşüncə və şübhələrdən hifz edir. Sağlam qida insanı gücləndirdiyi, zəhərli qida onu zəiflətdiyi kimi, hətta ölümə sürüklədiyi kimi, qəlb də həqiqi elm və maarif kimi sağlam qidalardan cana gəlir, şübhəli və tərəddüdlü fikir qatqıları ilə qidalandıqda isə imanını itirib, bir müddət sonra məhv olur. Bəli, qəlbini rəftarına tə’sirli ədəb və biliklərlə işıqlandırır-necə ki, alov odunla şö’lələnir!
Dostları ilə paylaş: |