ÖZÜNƏMƏHƏBBƏT İSTƏYİNİN TƏ’MİNİNDƏ İFRATIN NƏTİCƏSİ
Yuxarıda deyilənlərdən aydın olur ki, insanda tərslik sifəti nə üçün və necə peyda olur, necə olur ki, insan öz yanlış yolunu davam etdirir. Əslində bu ruhiyyə insanın fitri bir istəyindən doğur. İnsan bu yolla bir növ öz kamilliyini nəzərə çarpdırmaq, şəxsiyyətini sübut etmək istəyir. Ona elə gəlir ki, səhvə yol verməsi insanın şəxsiyyətini ləkələyir. Ona görə də nə yolla olur olsun, öz əməlinə, rəftarına, sözlərinə həqiqət donu geyindirməyə çalışır. Bu ruhiyyənin nəticələrini bir qədər araşdırsaq, yaxşı olar.
Tutaq ki, dostlarınızla söhbət zamanı onlardan biri sizin fikrinizə qarşı çıxıb, «həqiqət mən deyəndir» söyləyir. Siz isə hər vəchlə sübut etməyə çalışırsınız ki, dostunuzun tənqidi düzgün deyil və sizin dedikləriniz həqiqidir. E’tiraz yollarından biri budur ki, insan dediyi sözün üstündə durub mövqeyindən geri çəkilməsin. Yə’ni dediklərinin həqiqət olmadığını anladığı halda mövqeyindən geri çəkilmir, tərslik göstərir. Bu hal tərslik və inadkarlığın növlərindən biridir. Həyatımızda belə hallarla tez-tez qarşılaşırıq, amma bir o qədər də diqqətli olmuruq. Bə’zən bu ruhiyyənin çox pis nəticələri olur. Bu sifət xarakterə hopduqda böyük fəsadlar ortaya çıxır. Əgər belə bir ruhiyyə insanın xarakterinə hopub, xasiyyətə çevrilmişdirsə, o dediyi bütün sözləri doğru hesab edir və heç vaxt səhvini e’tiraf etmir. Bu yersiz inadkarlığın çoxsaylı fərdi və ictimai fəsadları olur. Belə bir insan vəzifə kürsüsünə oturduqda, bir dəstə insana başçılıq etdikdə həm özünü, həm də ona tabe olanların azğınlığına səbəb olur. Belələrində inadkarlıq xasiyyətə çevrildiyindən heç zaman səhvlərini e’tiraf etmir, beləcə, xalqı azdırırlar. Bu ruhiyyə həmin uşaqlıqdakı tərslikdən qidalanır. Belə bir xarakterə malik insan prezident olsa belə, öz tərsliyindən və inadkarlığından əl çəkmir.
Yeniyetmə və gənclərin bu sahədə özlərini tərbiyə etmək üçün geniş imkanları və fürsətləri vardır. Tərslik və inadkarlıq, xarakterində kök atmayanlar, özlərini bu təhlükədən qoruya bilərlər. Əgər özünüzdə belə bir xasiyyət görürsünüzsə, yə’ni səhvlərinizi e’tiraf etməkdə, onları aradan qaldırmaqda çətinlik çəkirsinizsə, bilin ki, olduqca təhlükəli bir yoldasınız və bu işin sonu olduqca pisdir.
Dostları ilə paylaş: |