XƏTƏR VƏ HƏZƏR (TƏHLÜKƏ VƏ ONDAN QORUNMA)
«Səni əmin, e’tibarlı bilən şəxsə hətta o xəyanət etsə də, sən xəyanət etmə! O sənin sirrini faş etsə də, səni onun sirrini açma! Daha çoxa çatmaq ümidi ilə özünü böyük təhlükəyə atma! Ruzi üçün çalış, həqiqətən, tə’yin olunmuş ruzi sənə çatasıdır. (Qazanc ardınca qaçan) Tacir özünü təhlükəyə atmışdır».1
Həzrət Əlinin (ə) imam Həsənə (ə) vəsiyyətnaməsinin təfsirində çatdıq ki, bu hissədə Həzrət (ə) islami dəyərlər məcmuəsində ən ümumi əxlaqi dəyərlərdən birinə toxunur. Bütün bəyənilmiş bu dəyərli əməllər üçün şərtlər mövcuddur. Yalnız həmin şərtlər ödəndikdə uyğun əməl öz dəyərini qoruyur. Əksər yaxşı işlər mütləq şəkildə dəyərli bildirilsə də, onların hər biri üçün istisna hallar mövcuddur. Məsələn, hamımız bilirik ki, İslam baxımından doğru danışmaq yaxşı işdir. Amma elə şərait yarana bilər ki, doğru danışmaq yox, yalan danışmaq zəruri olar. Əgər bir mö’minin həyatı təhlükədədirsə və onu yalan danışmaqla xilas etmək mümkündürsə, belə bir vəziyyətdə yalan danışmaq vacibdir. Doğru danışmaq dinimizdə ümumi şəkildə yaxşı sayılsa da, istisna hallar mövcuddur. Bə’zən də əksinə olur. Pislənilmiş bir əməl müəyyən bir şəraitdə mümkün sayılır. Məsələn, insanla pis rəftar, onun döyülməsi ümumi şəkildə pislənilmiş bir işdir. Amma söhbət qisasdan getdikdə bu rəftarlar mahiyyətini dəyişir. Məsələn, müqəddəs İslamda savaşın haram bildirildiyi aylar var. Amma düşmən hücum etdiyi təqdirdə artıq müharibə labüddür və günah sayılmır. Məsələn, Məscidül-həramda (Kə’bədə) vuruşmaq olmaz. Amma əgər düşmən hücum etmişsə, vuruşmaqdan savayı çıxış yolu yoxdur və müdafiə olunmağa məcburuq.
Dostları ilə paylaş: |