Adətən, əmanət və əmanətdarlıqdan danışarkən insan ixtiyarsız olaraq, hansısa maddi bir şey haqqında düşünür. Hansı ki, əmanətin əhatə dairəsi daha genişdir. İnsanın gördüyü, eşitdiyi bir şey də əmanət ola bilər. Məsələn, bir şəxs öz sirrini sizə açmışsa və siz də bu sirri saxlayacağınıza söz vermisinizsə, sözünüzə əməl etməli, onun əmanətini qorumalısınız. Heç bir halda bu sözü açmağa icazə verilmir. Çünki bu sözün faş olunması üçün öhdəlik götürülmüşdür. Əlbəttə ki, əvvəlcədən bu sirri açmayacağınıza söz verməmiş olsaydınız, məsələ başqa cür olardı. Məsələn, bir şəxs deyir ki, sizə deyəcəyim sözü kimsəyə bildirməyin. Əgər siz öz növbənizdə bu sirri açmayacağınıza söz versəniz, və’dinizə əməl etməlisiniz. Əgər həmin sirri açsanız, əmanətə xəyanət etmiş olursunuz. Bu sirr sizə tapşırılmış əmanət kimidir və onu qorumaq vacibdir.
Buna görə də bə’zi əməllər sabit əxlaqi dəyərə malikdir və heç vaxt bu dəyərdən məhrum olmur. Bə’zi əməllərin isə dəyəri mövcud şəraitdən asılıdır və şəraitdən asılı olaraq dəyişir. Məsələn, bir şəraitdə pis sayılır, digər bir şəraitdə isə yaxşı. Bu hal Qur’an və rəvayətlərdə də nəzərdə tutulmuşdur.1 Bəyənilməyən bir iş bir şəraitdə caiz olur, digər bir şəraitdə pislənilir. Şəraitə görə dəyəri dəyişən həqiqətlərdən biri müharibə, savaşdır. Əmanətdarlıq isə belə deyil. Məsələn, heç bir şəraitdə əmanətə xəyanət etmək məqbul sayılmır. Hətta bir şəxs sizin əmanətinizə xəyanət etmişsə, sizin onun verdiyi əmanətə xəyanət etməyə haqqınız yoxdur. Yəni əmanətə xəyanət etmək hər zaman pislənilmişdir. Biri sizə xəyanət edib deyə sizin ona xəyanət etməyiniz yol verilməz bir işdir. Əgər bir şəxs sizin sirrinizi açmışsa, sizin onun sirrini açmağa haqqınız yoxdur. Bu işdə həmin şəxsin sizin sirrinizi açması bəhanə ola bilməz. Yə’ni pisliyə pisliklə cavab verilməsi əmanətə münasibətdə özünü doğrultmayan bir qaydadır. Əmanətdarlıq və əmanətin qaytarılması məsələsində heç bir istisna yoxdur. Hansı ki, doğru danışmaq kimi dəyərlər şəraitdən asılı olaraq məqbul və qeyri-məqbul sayıla bilir. Əgər müəyyən şəraitlərdə yalan danışmağa icazə verilirsə də, əmanətə münasibətdə heç bir istisna yoxdur.
Dostları ilə paylaş: |