İNSAN HƏYATINDA SINAĞIN ZƏRURİLİYİ
İnsan ruzi ardınca getməlidir. Bu dünyada insanın öz ruzisini çalışaraq əldə etməsi Allahın qərar verdiyi bir qanundur. Allah-təala istəməmişdir ki, insan oturub, ruzisinin göydən düşməsini gözləsin. Əlbəttə, belə hallar da olur ki, kiminçünsə qeybdən ilahi bir süfrə nazil olur. Amma bu istisna hal Allah-təalanın məsləhəti və hikməti əsasında gerçəkləşir.
Amma maraqlıdır ki, nə üçün Allah-təala bu dünyada insanın çalışıb tər tökərək ruzi qazanmasını istəmişdir? Şübhəsiz ki, bu əməlin də hikmətləri mövcuddur. Bu məsələnin qanun şəkli olmasında bir çox səbəblər vardır. İnsan o zaman imtahana çəkilmiş olur ki, hansısa bir işdə çalışmalı olsun. Yə’ni insan çalışmaqla imtahan olunur. İki yol ayrıcında durmuş şəxs doğru yolu yanlış yoldan, düzgün işi səhv işdən və savabı günahdan fərqləndirməlidir. Bu seçimdə me’yar Allahın razılığıdır və Allahın razılığı olmayan bir işdən çəkinmək lazımdır. Həyatın zəhmətlərinə qatlaşmayan insan talehinə yazılmış hadisələrlə rastlaşmır. İnsan öz inkişafını səy və təlaşda axtarmalıdır. Başqa sözlə, dünya bütün bu çətinliklərlə ona görə qol-boyun yaranmışdır ki, insan iki yol ayrıcında düşünərək seçim etsin və öz kamalına üz tutsun. Qur’ani-kərimdə oxuyuruq: «Hansınızın daha gözəl əməl sahibi olacağını bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur».1 Həyat burulğanlarına atılmayan insan üçün imtahan şəraiti yaranmır. İmtahan olunmayan insanın təkamülü mümkünsüzdür. Cəmiyyətdən uzaqlaşan, problemlərdən qaçan insan əslində həyat hadisələrinin misilsiz bəhrələrindən məhrum olur.
İnsan öz ruzisini əldə etmək üçün çalışdığı vaxt yaxşını pisdən, gözəli çirkindən seçməli olur, bu yolla xoşbəxtliyini və bədbəxtliyini tanıya bilir. Əlbəttə ki, ruzi dedikdə təkcə çörək və su nəzərdə tutulmamalıdır. İnsanın bu dünyada könlündən keçən hər şey-elm, bilik, məqam, övlad, ailə, ev-eşik hər biri Allahın ruzilərindəndir. Bütün bunlara çatmaq üçün isə çalışmaq lazımdır. Allah-təala hansısa hikmət səbəbindən kimlərəsə xüsusi bir yolla elm əta etsə də, Onun qanunu budur ki, insan bütün ne’mətləri, o cümlədən elm və biliyi, vəzifə və var-dövləti, könlündən keçən digər şeyləri zəhmət yolu ilə əldə etsin.
Dostları ilə paylaş: |