36. Qlobal kompüter səbəkələri.İnternet
Qlobal kompüter şəbəkələri
Qlobal şəbəkələr (WAN — Wide Area Network) özündə ayrı-ayrı lokal şəbəkələri, kompüterləri və giriş-çıxış qurğularını birləşdirir. Qlobal şəbəkələr ərazi baxımından ayrı-ayrı şəhərlərdə, ölkələrdə yerləşən kompüterləri birləşdirir. Verilənlərin ötürülmə vasitəsi kimi ənənəvi olan telefon və teleqraf kanallarından istifadə olunur. Qlobal şəbəkələr 4 cür olurlar: şəhər, regional, milli və transmilli.
Şəhər şəbəkələri (MAN — Metropolitan Area Networks) lokal və qlobal şəbəkələr arasında aralıq mövqe tutur. Bu şəbəkələr şəhər miqyasında lokal şəbəkələrin birləşməsi və lokal şəbəkələrin qlobal şəbəkələrə qoşulması üçün nəzərdə tutulub.
İnternetin əsası 1969-cu ildə Amerika Birləşmiş Ştatlarında qoyulmuşdur və ilk təyinatı hərbi məqsədlər üçün istifadə olmuşdur. İnternet nədir? İnternet dünyanın bütün şəbəkələrini özündə birləşdirən qlobal şəbəkədir. İnternet milyonlarla kompüteri, proqramı, verilənlər bazası, faylı və insanı birləşdirən şəbəkələr şəbəkəsidir. İnternet şəbəkəsində tərəflər (informasiya mübadiləsində iştirak edənlər) arasında ünsiyyət şəbəkə protokolları vasitəsilə tənzimlənir. Protokol - şəbəkədə kompüterlərin bir-biri ilə ünsiyyət dilidir.
Qeyd. Protokol eyni adlı səviyyədə olan obyektlərin qarşılıqlı əlaqə qaydaları və obyektlər arasında ötürülən blok verilənlərin formatı kimi başa düşülür.
Qeyd. İnterfeys qonşu səviyyələrin qarşılıqlı əlaqə prosedurunu və bu obyektlər arasında ötürülən informasiyanın formatını təsvir edir.
İstifadəçi öz kompüterindən internetə qoşulmaq üçün provayder adlanan kompaniyaların xidmətlərindən istifadə edir. Provayder öz şlüzünə malik olan və digər istifadəçiləri və ya kompaniyaları bu şlüz vasitəsilə İnternetə qoşan təşkilatdır. Azərbaycanda əsas provayderlər AzEvroTel, AzTelecom, Bakinternet, İntrans, Azerin, Connect, Lider, Superonline, SMART, Uninet, Adanet, SAZZ və sairədir.
Əvvəllər internetə qoşulmaq üçün verilənlərin ötürülmə sürəti rabitə xəttinin keyfiyyəti, Avtomatik Tekefon Stansiyasının (ATS) və modemin tipindən asılı olan daha aşağı sürətli DialUp qoşulmasından istifadə olunurdu. Bu halda internetə qoşulmaq üçün analoq modemdən və verilənlərin magistralı kimi telefon xətlərindən istifadə olunur. Modem — kompüteri İnternet şəbəkəsinə qoşmaq üçün istifadə olunur.
Modemin sürəti bodlarla ölçülür. Modemin əsas xarakteristikası olan buraxılış qabiliyyəti (bps — bit per second və ya bit/san ilə ölçülür) modemin sürəti ilə bir analoq siqnalındakı rəqəmsal informasiyanın bitlərlə miqdarının hasilinə bərabərdir.
Hal-hazırda geniş yayılan və telefon xətlərinin həmişə boş qalmasını təmin edən daimi qoşulma - ADSL (Asymnetric Digital Subscriber Lines) rabitəsindən istifadə olunur. Burada da telefon xətlərindən istifadə olunur və İnternetə qoşulma modemin köməyi ilə mümkün olur.
Dostları ilə paylaş: |