İsmayil əLİyev



Yüklə 1,12 Mb.
səhifə67/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   110
«Min xala yığılsa da, bir ananı əvəz edə bilməz», «Bir uşağın qırx dayəsi olsa, ya kor olar, ya topal» kimi atalar sözləri uşağın məhz ata-ana tərəfindən tam sevgiylə əhatə oluna biləcəyini göstərərək, ailə tərbiyəsinin üstünlüklərini bir daha sübut edir.

Lakin digər insani keyfiyyətlər kimi övlad sevgisi də hüdud­suz, məhdudiy­yətsiz deyil. Bu münasibətdə ağılın iştirakı valideynin öz uşağına sevgisini məqsədyönlü etməyə imkan verir. Zaman keçdikcə, uşaq sevilməyi ilə yanaşı, ondan nəsə umuldu­ğunu da, onun haqqında valideynlərinin arzularını da hiss etməli, ondan həm də nəsə təbəl edildiyini, başqa sözlə, borcunu da başa düşmə­lidir. Heç sözsüz ki, bu hisslərində ən yaxşı tərbiyəçiləri ata-analar, baba-nənə­lər­dir. Valideynlər bilməlidirlər ki, tələb olmadan yalnız sevgi ilə uşaqda arzu olunan keyfiyyətlər yarana bilməz. Bu atalar sözlərinə diqqət yetirək:



  • Uşağım əzizdir, tərbiyəsi ondan da əzizdir.

  • Ananın ərköyün oğlu hambal olar.

  • Qız anadan öyüd görməsə, ana olmaz.

  • Oğul atadan görməyincə, səfərə çıxmaz.

  • Ata olmaq asandır, atalıq etmək çətin.

  • Ana qızına taxt verər, ata oğluna baxt.

  • Qızı anası öyrədər.

  • Atalar nə əkiblər, oğullar onu biçiblər.

  • Ana tökəni bala yığar.

Diqqət edilsə, bu atalar sözləri valideynlərin uşaqların tərbiyəsində məsu­liy­yət daşıdıqlarını, övladların gələcək həyatlarının qurulmasının həm də ata-anadan asılı olduğunu vurğulayır. «Uşağım əzizdir, tərbiyəsi ondan da əzizdir» deyərkən, ulularımız göstərmişlər ki, övladı sevməklə iş bitmir, onun sevilən, sayı­lıb-seçilən, əziz olmasından ötrü tərbiyəsinə daha çox fikir verilməlidir. Uşağı ancaq sevmək onu ərköyün edər ki, bu halda da: «Ananın ərköyün oğlu hambal olar». Hamballıq eləmək üçün dərin zəka, iti ağıl, geniş bilik, xüsusi bacarıqlar lazım deyil, az-çox güclü olmaq kafidir ki, bu da sevgi ilə bəslənən uşaqda ola bilər.

Ailə tərbiyəsində ata-ananın nümunəsinin çox gözəl tərbiyə üsülü olduğunu dəfələrlə sınaqdan çıxaran ulularımız oğul tərbiyəsində atanın, qız tərbiyəsində ananın rolunu görərək, «Atalar nə əkiblər, oğullar onu biçiblər», «Oğul atadan görməyincə, səfərə çıxmaz», «Ata olmaq asandır, atalıq eləmək çətin», «Qız anadan görməsə, ana olmaz», «Ana tökəni bala yığar», «Anası keçən körpüdən qızı da keçər» demişlər.

Bir az yuxarıda deyildiyi kimi, Azərbaycan atalar sözlərin­də ailədə uşaq­lara sevgi, valideyn məsuliyyəti və nümunəsi ilə yanaşı övladların da qarşılıqlı məsuliyyət daşıma ruhunda tərbiyə olunmalarının zəruriliyi öz əksini tapmışdır. Məsələn,


  • Atana necə baxarsan, övladın da sənə elə baxar.

  • Ata-anasını dinləməyən övlad, üzəngiyə yatmayan at.

  • Ata-anaya kəm baxanın kəndiri kəsilər.

  • Atanın üzünə durmazlar.

  • Ata sözünü tutmayanı biyabana atarlar.

  • Oğul ata sözünü iki eləməz.

  • Ata-ana sözünə baxan – «neyləyim» deməz.

  • Ata-ana sözünə baxmayan külxanada yatar.

  • Yaxşı övlad ata-ananın fərəhidir.

  • Ata-ana üzünə ağ olan hər iki dünyada lənətlidir.

Bu atalar sözləri azərbaycanlılarda valideyn – övlad münasibətlərinin etik-psixoloji əsaslarını araşdırmaq üçün çox dəyərli etnopedaqoji material rolunu oynayır. Azərbaycanda tarixən ailədə atanın nüfuzu çox yüksək tutulmuşdur. Ata ilə övladları arasında daim qorunub saxlanan əxlaqi pərdə «oğulun atanın bir sözünü iki eləməsini», «atanın üzünə durması»nı qeyri-mümkün edir. Ailə münasiəbtlərinin tənzimlənməsində, ailə üzvləri arasında qarşılıqlı hörmət hissinin hökm sürməsində, ailənin möhkəmlənməsi və birliyinin təmin olunma­sında bu amilin rolu çox böyükdür. «Ata-ana sözünə baxmayan külxanada yatar», «Ata-ana sözünə baxan «neyləyim» deməz», «Ata-ana sözünü tutmayanı biyabana atarlar», «Atana necə baxarsansa, övladın da sənə elə baxar» kimi atalar sözləri bir tərəfdən övladlıq borcunu yerinə yetirməməyin nə ilə nəticələndiyini görən nəsillərin ibrətamiz xəbərdarlığıdırsa, digər bir tərəfdən hər bir ailədə valideyn nüfuzunu yaratmağın, qoruyub saxlamağın sınanmış tərbiyəvi vasitəsidir.

«Ata-ana haqqı – Tanrı haqqıdır», «Ata-ana üzünə ağ olan hər iki dünyada lənətlidir», «Cənnət – anaların ayaqları altındadır» kimi ifadələr isə ata-ana nüfuzunu müqəddəsliyə qədər qaldırmağa xidmət edir. Tanrı haqqı itaət və ibadət haqqıdır. Bu haqqın əvəzi ödənilə bilməz. İnsanın qiyməti bu haqda nə qədər ürəkdən, davamlı, həqiqi, sədaqətlə xidmət etməklə, onu dərk edilmiş bir məhəbbətlə sevməklə ölçülür. Ata-ana haqqı da belə bir qiymətlə ölçülür. Ata-ana sevgisi də Tanrı sevgisinə yaxınlaşmalıdır. Bu kimi atalar sözlərinin təhlili azərbaycanlı ailəsinin uzun əsrlər boyu böyüyən nəslin tərbiyəsin­də əsas həlqə olmasının, əvəzedilməz əhəmiyyətinin sirlə­rini aşkarlamaqla, həm də müasir ailə tərbiyəsində bu münasibətlərin yaradılma zəruriyyətini meydana çıxarır.

Ailə tərbiyəsi haqda deyilmiş atalar sözlərinin bir qismi də ailədə böyük-kiçik münasibətlərinə aiddir. Azərbaycanlı ailəsində «böyüklük» bir neçə məna­da başa düşülə bilir: yaşca böyüklük; ailə başçıları mənasında «rəsmi» böyüklük; ağlına, dərrakəsinə, hərəkətlə­rinə, təmkininə görə qiymətləndirilən böyüklük.

Hər şeydən əvvəl, yaşca böyüklük. Azərbaycanlı ailəsində yaş həddi həmişə gözlənilmişdir. Ümumiyyətlə, xalq arasında şəxsiy­yə­tindən, ictimai vəziyyətin­dən, varlı-kasıblığından asılı olmayaraq, yaşca böyük olanın üstünlüyü həmişə qəbul edilir. Həm də üstünlük yaş fərqi çox cüzi olanlara da şamil edilir. İki nəfərin arasında il, ay, gün, saat fərqləri də nəzərə alına bilir. Hətta, ekiz uşaqlar arasında da böyük-kiçiklik gözlənilir, üstünlük böyük tərəfdədir. Böyü­yün yeri bilinməli, sözü keçməli, kiçiklər onunla hesablaşmalıdırlar. Ailə üzvlərinə alqış deyəndə birinci böyüklər nəzərdə tutulur. «Ağ birçəkli anan yeri behişt olsun!», «Ağ saqqallı baban yeri ucmaq olsun!» deyir Ulu Dədəm Qorqud!


  • Böyüyünə hörmət qoyulmayan ocaq urvatsız olar.

  • Böyük danışanda kiçik ağzına su alıb oturar.

  • Böyük danışanı (tökəni) kiçik götürər.

  • Böyüyün sözündən çıxmazlar.

  • Böyüksüz evdə xeyir-bərəkət olmaz.

  • Böyüyün böyük yeri var, kiçiyin-kiçik.

  • Bərəkət harda var? Böyük olan yerdə.

  • Yol böyüyündür, su kiçiyin.

  • Böyüyə hörmət vacibdir – demişlər dünyagörmüş ata-analar, nənə-babalar.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin