İsmayil əLİyev


Tərbiyənin tərkib hissələri baxımından



Yüklə 1,12 Mb.
səhifə69/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   110
4.1.4. Tərbiyənin tərkib hissələri baxımından

atalar sözlərinin imkanları
Ağıl və əqli tərbiyəyə dair atalar sözləri.

Ağıl insanı zinətləndirən, onu digər canlılardan fərqləndirən, yalnız insana verilən nemətdir. Varidat, məxluqat və həyat haqda ən müqəddəs Kitab olan «Quran»da «ağıl sahiblərindən bəhs edən və onları öyən ayələrin sayı 18; ağıllı davran­mağı əmr edən ayələrin sayı 49; elm adamının dəyərindən bəhs edən ayələrin sayı 10; elmin qiymətini anladıb, elmə təşviq edən ayələrin sayı 7; düşü­nüb ibrət alınması gərəkli hadisələrdən bəhs edən ayələrin sayı 31-dir» (1, 30).

Ən böyük zənginliyi ağılda görən müəllimlər müəllimi Məhəmməd Pey­ğəm­bər (s.ə.s.) buyurub ki, insanın dini onun ağlıdır, ağlı olmayanın dini də yoxdur; adamın ağlı dolğunlaşmadıqca imanı kamil olmur; yetkin insan olmaq üçün dolğun ağıl gərəkdir və s. Buna görə də Peyğəmbər deyib: «Ağılla hərəkət etmək, hər iki dünyada işlərin ən üstünüdür». «Biliyinizi yazı ilə möhkəmlən­dirin», «Bir məclisə girəndə bilsən ki, dediyin sözlər orada olanların bəzilərinin zehnini korlayacaq və ağıllarına batmayacaq, o sözü dilinə gətirmə», «Doğru-düzgün yolu ağıllıdan öyrənin, onun sözünü qulaq ardına verməyin, dediklərinə qarşı çıxmayın, əks təqdirdə peşman olarsınız siz», «Biliklərə yiyələnmək hər bir müsəlman üçün vacibdir», «Biliklə az ibadət etmək, biliksiz çox ibadət etməkdən xeyirlidir», «Bilik əldə etməyə çalışan adam, təhsildən əl çəkmədən dünyadan köçüb gedirsə, şəhid hesab olunur», «Biliyi kamil adamlardan, şərəf əhlindən soruşun, öyrənin», «Bilik qazanmaq üçün bir gün çalışmaq, üç ay oruc tutmaq­dan xeyirlidir», «Bilik öyrənmək hər bir möminin vəzifəsidir», «Biliyi əldə etməyə çalışın, bir-birinizlə bəhsə girin, çünki elm sahəsində eşitdiyiniz hər bir yeni söz yer üzündəki qızıllardan, gümüşlərdən daha qiymətlidir», «Elmi biliklərə yiyələn­mək üçün bir an çalışmaq Allahın yanında oruc tutmaqdan da, Həccə getməkdən də, Ulu Tanrı yolunda cihada qoşulmaqdan da üstündür», «Ümmətimin ən xeyirli, ən yaxşı adamları biliklilərdir... bilin ki, bilikli insan qiyamət günün parla­yan, nuru aləmə saçan ulduza bənzər», «Bir an elmlə məşğul olmaq, bir an kitab-yazıya baxmaq, altmış il ibadət etməkdən xeyirlidir» və i.a.

El arasında danışdıqda və Azərbaycan xalq pedaqogikası nümunələrində də ağıllılığa saysız-hesabsız əlamətlər aid edilir: həyatını, güzəranını düzgün qura bilmək, Allaha inanmaq; dinə ehtiyac olduğunu başa düşmək; səhvə yol verməmək; səhv etdikdə peşman olmaq; pis yoldan qayıtmaq; qüsurlarına görə tövbə etmək; yaxşı əməllərlə məşğul olmaq; təmkinli olmaq; çətinlikdən qurtar­mağın çəmini (yolunu, qaydasını) bilmək; öz haqq-hesabını bilmək; dərin məlu­matlı olmaq; bilik əldə etməyə çalışmaq; huşu başında olmaq; iş, əməl və fikirlə­rini Allaha xoş gedən şeylərə yönəltmək; zehni (düşüncəni) mənasız mühakimə­lər­dən qorumaq; soruşulmayan şey barəsində danışmamaq; sayıq olmaq; ancaq nail ola biləcəyi məqsədə can atmaq; müdriklərin məsləhətlərinə qulaq asmaq; dəyərsiz adamlardan uzaq olmaq; xeyri olmayan sözləri danışmamaq; özgələrin işinə qarışmaqdan çəkinmək; şərəfsizlikdən qorxmaq; bütün əqidə adamlarını məslək dostlarını eyni mehribanlıqla qarşılamaq – qısası, hər cür işdə kamil olmaq.

Ağıl, onun mahiyyəti, insan həyatının mənalı qurulmasında onun rolu və s. barədə kifayət qədər atalar sözləri mövcuddur. Atalar sözlərində ağılın və ağıllı adamın əlamətlərini xalq bu cür verir.


  • Dövlətin ən yaxşısı ağıldır.

  • Ən böyük sərvət ağıldır.

  • Ağıl insana sərmayədir.

  • Ağıllı baş bəlasız olar, doğru yol – qərəzsiz.

  • Ağıllı işinə baxar, cahil dişinə.

  • Ağıl yaşda deyil, başdadır.

Atalar sözlərində «bilikli adam»la «ağıllı adam» ifadələri nə qədər yaxın olsa da yeni deyildir. Biliklər və onların müəyyən qanunlar əsasında sistemli nəticə­lərini əks etdirən elm – ağıllı olmağın həm əlaməti, həm zəruri şərti, həm də vasitəsi kimi çıxış edə bilir.

  • Elm ağılın çırağıdır.

  • Bilik ağılın aynasıdır.

  • Biliksiz ağıl – paltarsız bədən kimidir.

  • Elmli adam cürətli olar.

  • Bacarıq əqlin nişanəsidir.

  • Elmin gücü – yıxar bürcü.

  • Göz görmək üçün, baş – bilmək üçündür.

  • Ağıllı kamal axtarar, cahil – mal.

  • Cismin qidası yemək, ruhun qidası – öyrənmək.

Bununla belə, xalq bilirdi ki, təkcə bilik qazanmaq, ağıllı olmaq üçün kifayət deyildir, ağıllı olmaq yaşla da deyildir. «Nə sal ilədir, nə mal ilədir, gülüm, ululuq kamal ilədir».

Atalar sözləri içərisində elələri də vardır ki, birbaşa ağıllı olmağın, ağıl tərbiyəsinin yollarını göstərir.



  • Ağıllı baş hər şeydən fayda çıxarar.

  • Yüz bilsən də, bir də biləndən soruş.

  • Soruşan dağlar aşar, soruşmayan düzdə çaşar.

  • Bilməmək eyib deyil, soruşmamaq eyibdir.

  • Çox yaşayan çox bilməz, çox gəzən çox bilər.

  • Ağıllı adam düşməndən də ağıl öyrənər.

  • Ustad görən şagird hər məqamda yorğalar, ustad görməyən şagird ondan-bundan qarmalar.

  • Anlayan adama qul ol, anlamayana ağa da olma.

  • Dəli dostun olunca, ağıllı düşmənin olsun.

  • Qanmazla yoldaş olma, səni də qanmaz eylər.

  • Yarımçıq bilməkdən heç bilməmək yaxşıdır.

  • Elm para ilə yox, çalışmaqla ələ gələr.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin