Xanlıqların yaranmasının sosial-iqtisadi və siyasi şərtləri. XVIII əsrin ortalarında Nadir şahın yaratdığı dövlət dağıldıqdan sonra Azərbaycanda bir sıra müstəqil dövlətlər - xanlıqlar meydana gəldi. Nadir şahın ölümündən sonra xanlıqların meydana gəlməsinin səbəbləri bunlar idi: 1) natural təsərrüfat, ayrı-ayrı vilayətlər arasında iqtisadi əlaqələrin zəifliyi; 2) Səfəvilər dövləti və Nadirin yaratdığı Əfşarlar dövlətinin sabit mərkəzi aparata malik olmaması.Belə ki, əyalətlərin idarə edilməsi irsi hakimiyyətə malik olan nüfuzlu tayfa başçılarına tapşırılırdı. Bu isə mərkəzi hakimiyyət zəifliyəndə onların müstəqilliyə can atmasına imkan yaratdı; 3) xalqların mərkəzi hakimiyyətə qarşı azadlıq mübarizəsi; 4) xanlıqların yaranması, həmşinin beynəlxalq şəraitlə əlaqəli idi - Qərbi Avropa dövlətləri, qonşu Rusiya və Gürcüstan Azərbaycanda mərkəzləşmiş dövlətin yaranmasında maraqlı deyildilər; 5) böyük coğrafi kəşflərdən sonra Azərbaycan beynəlxalq ticarət yollarından kənarda qaldı və onun vahid dövlət kimi mövcudluğuna maraq azaldı.XVIII əsrin ortalarında Azərbaycan müstəqil və yarımmüstəqil xanlıqlara, sultanlıqlara və məlikliklərə parçalandı. Azərbaycanın cənubunda Urmiya, Təbriz, Ərdəbil, Xoy, Qaradağ, Sərab, Maku, Marağa, şimalında isə Şəki, Qarabağ, Quba, Dərbənd, Bakı, Şamaxı, Gəncə, İrəvan, Naxçıvan, Lənkəran, Salyan və Cavad xanlıqları meydana çıxdı.
Xoy və Təbriz xanlıqları. Kərim xan Zənd Urmiya xanlığını məğlub etdikdən sonra Azərbaycanın cənubundakı xanlıqlar müstəqil oldu. Onlardan Xoy xanlığı nisbətən güclü idi. Şahbaz xan Kərim xan Zənd tərəfindən əsir aparıldıqdan sonra Xoy xanlığında hakimiyyət Dünbuli tayfasından olan Əhməd xanın əlinə keçdi. Onun dövründə Xoy xanlığı xeyli gücləndi, onun təsiri İrəvan, Naxçıvan, Qaradağ, Sərab xanlıqlarına yayıldı. 1786-cı ildə Əhməd xan öldürüldü, bundan sonra xanlıq zəiflədi.
Nadir şahın ölümündən sonra Təbrizdə hakimiyyəti ələ keçirən Əmiraslan xan Təbriz xanlığının əsasını qoydu. Fətəli xan Əfşar Təbrizi tutanda paytaxtı bura köçürtmüşdü. Məhəmmədhəsən xan Qacar Kərim xan Zəndlə döyüşdə məğlub olduqdan sonra Fətəli xan Əfşar Təbrizin idarə edilməsini Nəcəfqulu xan Dünbüliyə tapşırmışdı. Təbriz xanlığı Fətəli xan Əfşarın ölümündən sonra yenidən müstəqilliyini bərpa etdi.