3. Leksik sinonimlər və onların xüsusiyyətləri
Dildə formaca müxtəlif, mənaca bir- birinə çox yaxın olan sözlərə leksik sinonimlər, yaxud sinonim sözlər deyilir. Bunu bədii ədəbiyyatdan verilmiş aşağıdakı bir neçə misalda nəzərdən keçirək:
Çağladı arzumuz, diləyimiz də,
Divarın yanında biz dövrə vurduq.
Min nəğmə coşsa da ürəyimizdə,
Susduq, bir dəqiqə sükutla durduq.
(H. Xəzri)
Bu qar istəyimiz idi nə vaxtdan,
Xoş gələcək, biz onu arzulardıq.
(Ə. Kürçaylı)
Yaxud:
Hayıf ömür qısa, arzu genişdir,
Kim bu qayğı ilə titrəməmişdir?
(M. Müşfiq)
Qayaları baş- başadır,
Günəşləri tamaşadır.
Gödək ömrü çox yaşadır
Canım dağlar, gözüm dağlar!
(S. Vurğun)
Bu misallardakı arzu- istək, dilək və qısa gödək sözləri sinonimlərdir. Bunlardan hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Buna görə də həmin sözlərin hər biri ifadə etdiyi ümumi- ortaqlı anlayışı müxtəlif cəhətdən açmağa xidmət edir.
Sinonimlərin başlıca əlamətləri aşağıdakılardan ibarətdir.
1. Ortaqlı, yaxud ümumiləşmiş məna əsasında birləşmək sinonimlərin əsas əlamətdir. Məsələn, dilimizdəki qoçaq- igid- qəhrəman sözlərinin sinonimliyinə fikir verək. Bu sözlər heç şeydən qorxmayan- ümumiləşmiş məna əsasında mərkəzləşmişlər.
Həmin ortaqlı məna olmasa idi, göstərilən sözlərin sinonimliyi mümkün ola bilməzdi. Buna görə də ümumiləşmiş- ortaqlı məna sinonimliyin özülünü təşkil edir.
2. Sinonimlərin digər əlaməti onları təşkil edən sözlərin məna çalarlığı və üslubi rəngarəngliyinə görə bir- birindən fərqlənməsi ilə əlaqədardır. Elə buna görə də sinonim olan vahidlərdə əgər məna eyniliyi olsa, üslubi fərq, üslubi bərabərlik olsa məna çalarlığı, yaxud da hər iki cəhətdən fərq olur.
Leksik sinonimlər məna çalarlığı, emosional rəngi, məntiqi əlaməti və üslubi xüsusiyyətlərinə görə təsnif edildikdə onların iki növü olduğu meydana çıxır. Bunlar aşağıdakılardır:
a)İdeoqrafik (semantik) sinonimlər. Dildə fikrin bütün incəliyinin dəqiq ifadə olunmasına xidmət edən sinonimlər ideoqrafik sinonimlər adlanır. Məsələn, yaş- nəm-sulu sözlərinə fikir versək, bunların daha incə məna çalarlıqlarının ifadə olunmasına xidmət etdiyini aydın görərik.
b) Üslubi sinonimlər. Üslubi rəngarəngliyə görə fərqlənən sinonimlərə üslubi sinonimlər deyilir. Məsələn,
Qardaşım! Sən nahaq yalvardın ona,
Söz əsər eləməz qəlbi pozğuna...
(S. Vurğun)
Elədimi yüz ləli
Sərraf çəkər yüz ləli,
Namərd gəlib mərd olmaz,
Yüz sızılda, yüz ləli.
(Bayatı)
Olarsız ki, heç qoymazlar yaxına,
Döyə- döyə öldürərlər, ağlarsan.
(M.V. Vidadi)
...Söylərsən sözünü dəli sərsəri,
hər biri bir yandan budar ağlarsan
(M.P.Vaqif)
Bu misallardakı yalvarmaq- ləlimək, döymək- budamaq sinonimlərinin ikinci üzvləri loru sözlər olub danışıq dilinə məxsusdur. Məhz ona görə bunlar üslubi sinonim hesab edilir.
Üslubi sinonimlərə loru sözlərdən başqa, qılmaq(etmək), varmaq(getmək) kimi arxaizmlər, əfv et (bağışla) kimi poetizimlər, təlis (dəsmal) kimi dialektizimlər də aiddir.
İfadə olunan fikirdə obyektə münasibətlə əlaqədar lüğəvi sinonimlər iki cür olur. Bunlardan birincisi, obyektə mənfi münasibəti ifadə etmək üçün istifadə olunan sinonimlərdir; məsələn, baş əvəzinə kələ- təpə-kafa, getmək əvəzinə itilmək, yaşamaq əvəzinə gün keçirmək, danışmaq əvəzinə dəm vurmaq və s. Dildəki bu qrup sinonimlər kakofemizm adlanır. Ikincisi, obyektə müsbət münasibət, yəni hörmət, ehtiram üçün işlənən sinonimlərdir; məsələn, dəli əvəzinə psixi xəstə, kor əvəzinə şikəst, çirkin əvəzinə gözəl olmayan və s. Bu cür sinonimik münasibətə evfemizm deyilir.
Dildə sinonimləri fərqləndirməyə xüsusi fikir verilməlidir. Buna görə də mətn içərisində təsadüfi olaraq sinonimlik yaradan sözlə leksik sinonimi qarşılaşdırmaq olmaz. Leksik sinonim istər ayrılıqda, istərsə də mətn içərisində işlənərkən öz sinonimliyini saxlayır. Lakin mətndən irəli gələn sinonimlər çox zaman bu və ya başqa təsadüfdə sinonimlik yaradır və həmin vəziyyətdən kənara çıxan kimi onun sinonimliyi itir.
Dilin lüğət tərkibində mənaca bir- birinin tam eynini təşkil edən sözlər də vardır. Məsələn, aktiv və fəal sözlərini götürək. Azərbaycan dilində bunların nə məna, nə də üslubi cəhətdən fərqi yoxdur. Belə sözlər leksik dubletlər adlanır.
Leksik dublet təşkil edən sözlərin birini hər zaman digərinin yerində işlətmək olur. Belə halda nə məna nə də üslubi çatışmazlıq yaranır.
Leksik dubletlər, əsasən, aşağıdakı şəraitdə meydana çıxır:
1) başqa dildən lüzumsuz olaraq söz götürəndə; səksən- həştad vəs.
Bunlardan birinci sırada duran xalis Azərbaycan sözüdür. Ikinci söz isə fars dilindən alınmışdır, bu da eyni anlayışı ifadə edir.
2) iki müxtəlif dildən eynimənalı söz alanda; Termin- istilah vəs.
Bu sözlər ərəb dilindən keçmədir.
Leksik dubletlərin əhəmiyyəti ancaq ondan ibarətdir ki, bunlar nitqdə forma etibarı ilə eyni sözləri təkrar etməmək üçün imkan yaradır. Lakin məna etibarı ilə leksik dubletlərdən istifadə dildə faydalı deyildir. Çünki, bunlar nitqdə ağırlaşdırır.
Müasir Azərbaycan ədəbi dilində leksik dubletlər bir o qədər də çox deyildir. Tarixi faktlar göstərir ki, dilimizdə vaxtilə mövcud olan leksik dubletlərin çoxu tədricən öz qüvvəsini itirmişdir. Şübhəsiz ki, müasir dilimizdəki leksik dubletlərin də bu və ya digər üzvü müəyyən dövrdən sonra istifadədən düşəcəkdir.
Bu və ya başqa sinonimi təşkil edən müxtəlif sözlərin məcmuyu sinonimik cərgə adlanır. Sinonimi əmələ gətirən sözlərin hər biri bərabərhüquqlu üzv sayılır.
Hər sinonimik cərgədə bir əsas söz olur. Bu söz dilçilikdə Dominant adlanır.
Dilimizdəki sinonimik cərgələr sözlərin miqdarına görə çox müxtəlifdir; Məsələn, iki sözlü: Ağı-zəhər, şil- topal, asta-yavaş; üç sözlü: güc- qüvvət- taqət,. Fəğan –nalə- fəryad; dörd sözlü: üz- sifət- bəniz- camal, el- vətən- diyar- yurd vəs.
Dilimizdə bunlardan başqa, daha çox sözlü sinonim cərgələr də vardır.
Sinonimlərin əmələ gəlməsi dilin lüğət tərkibini inkişaf etdirən yollardan biridir. Çünki yeni sinonim yaradılması ilə dilin lüğət tərkibi daha da genişlənir və zənginləşir. Dildəki sinonimlər, əsasən, insan düşüncəsini inkişafı ilə əlaqədar yaranır. Belə ki, insan kainatı, oradakı varlıqları daha dərindən və bütün incəliyi ilə tədqiq etdikcə, öyrəndikcə sinonim sözlər də çoxalır.
Azərbaycan dilindəki sinonimlər iki mənbə əsasında əmələ gəlir: Aərbaycan dilinin daxili imkanları ilə, başqa dildən söz almaqla.
Sinonimlər dilimizin öz imkanları əsasında çox müxtəlif yollarla əmələ gəlir. Bunlardan bir neçəsini göstərək:
1) Dildəki mövcud sözün başqa məna və ya məna çalarlığı kəsb etməsi ilə; məsələn, başlıq- sərlövhə. Bu sinonimlərin birinci sözü öz əsas mənasında başa bağlanan əşya anlayışını bildirir. Lakin məqalənin başlığı, kitabın başlığı dedikdə, həmin söz əlavə məna da ifadə edir və öz çoxmənalığı əsasında sərlövhə sözü ilə sinonimlik əmələ gətirir.
2) Dildə yeni söz düzəltməklə; məsələn, kiçik- balaca, doğru- düzgün, gen- enli, qoca- yaşlı və s.
Bu yolla düzələn sinonimlərin hər iki tərəfi də düzəltmə söz ola bilir; məsələn, aşxana- yeməkxana, aylıq- donluq;
3) dialektlərdən söz almaqla; məsələn, xəsis- simic, xiyar- yerpənək...
Bu misalların ikinci tərəfləri dialekt sözlərdir.
Sinonimlərin yaranmasında başqa dildən sözlər alınmasının xüsusi rolu vardır.
Dilimizdəki bu qrup sinonimlər əmələ gəlmə yollarına və mənbəyinə görə müxtəlifdir:
a) Alınma və Azərbaycan sözünün vasitəsilə yaranan sinonimlər. Bu sinonimlər dilimizdə qarşılığı olan başqa dilin sözünü aldıqda əmələ gəlir; məsələn,
Azərbaycan sözləri: Ərəb mənşəli sözlər:
Ağ bəyaz
qabaq əvvəl
qanacaq mərifət
yığıncaq məclis vəs
Azərbaycan sözləri: Fars mənşəli sözlər:
Od atəş
Budaq şaxə
Çiçək kül
Təmiz saf vəs
Bu cür sinonimlər içərisində elələri də vardır ki, onların birincisi Azərbaycan sözü, digərləri isə müxtəlif dillərdən alınma sözlərdir. Məsələn, gözlük( Azərbaycanca), eynək (ərəbcə), çeşmək(farsca), yaxud ürək (azərbaycanca), qəlb(ərəbcə), könül (farsca) və s.
b) Ancaq alınma sözlərin vasitəsilə əmələ gələn sinonimlər. Bu qrup sinonimlərin özləri də iki yerə bölünür:
Müxtəlif dillərdən alınma sözlərin sinonimliyi; məsələn,
Qəm (ərəbcə)- dərd (farsca).
Səbəbkar (ərəbcə)- günahkar (farsca)
Səcdə (ərəbcə)- sitayiş (farsca) vəs.
2. Eyni dildən alınma sözlərin sinonimliyi; məsələn,
Hal- əhval (hər ikisi ərəbcə)
Insaf- murvət (hər ikisi ərəbcə)
Dost- aşna- (hər ikisi farsca) vəs.
Sinonimlərin əmələ gəlməsi prosesi hazırda davam edir; Dilimizdə daima yeni-yeni sinonimlər yaranır.
Dostları ilə paylaş: |