İstifadə olunmuş ədəbiyyat
Məktəbəqədər müəssisələrdə təlim və tərbiyə proqramı, Bakı, 1998.
Həmidov S.S., Uşaqlarla sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası, Bakı, APİ, 1987.
N.Rüstəmova, Z.Zeynalova, Uşaqlarda sadə riyazi təsəvvürlərin öyrədilməsi metodikası, Bakı, 1993.
İ.Rüstəmov., A. Novruzov “Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası”, Naxçıvan. 2013
Метлина Л.С. Математика в детском саду, М., «Прсвешение», 1984.
Красницкая Г.С. самостаятельные работы учащихся педучилищ по курсу «Методика формирования елементарных математических представлений», М., «Прсвешение», 1996.
Mövzu 8. Məktəbəqədər müəssisələrin müxtəlif yaş qruparında sadə riyazi təsəvvürlərin formalaşdırılması məşğələlərində tətbiq ounan əyani didaktik vasitələr, oyunlar və əyləncəli məsələlər
Görkəmli pedaqoqlar qeyd etmişlər ki, bağça yaşlı uşaqların həyatında oyunlar böyük əhəmiyyətə malikdir. Belə ki, uşaqlar üçün oyun həm əməkdir, həm təlimdir və həm də ciddi tərbiyə formasıdır.
Deməli, bağça təlimi prosesinin bütün mərhələlərində uşaqları oyuna cəlb etmək olar. 4-6 yaşlı uşaqların təlimində oyun təlimin metodlarından biri kimi deyil, əsas metod kimi qiymətləndirilməlidir. Məktəb təlimində isə oyunun yerini tədricən digər metodlar əvəz etsə də, ibtidai siniflərdə riyaziyyat təlimində maraqlı və əyləncəli məsələlər və oyunlar şagirdlərin marağını artırmaqda, riyazi materialı mənimsəməkdə az rol oynamır.
Bağça yaşlı uşaqların yaş xüsusiyyətləri və bilik səviyyələri tələb edir ki, sadə riyazi təsəvvürlər əyləncəli oyunlar və məsələlər vasitəsilə formalaşdırılsın.
Bağçada riyaziyyat elementlərinin təlimi məqsədləri – uşaqlarda ədədlər, sadə həndəsi fiqurlar, toplama və çıxma əməlləri, bəzi kəmiyyətlər və onların ölçülməsi, ölçü vahidləri haqqında təsəvvürlərin formalaşdırılması ilə bitmir. Riyaziyyat təliminin müasir konsepsiyasında məsələ daha geniş qoyulur: uşaqların riyazi bilikləri mənimsəməyə hazırlamaq üçün onların məntiqi təfəkkürlərini inkişaf etdirmək lazımdır. Məhz oyun prosesində uşaq əqli fəallıq göstərməyə çalışır. Əyləncəli riyazi material üzərində qurulan müxtəlif oyunlar uşağı mühakimə yürütməyə, tələb olunanı tapmağa sövq edir. Düşündürücü xarakterə malik olan oyun-məsələlər təlimində öyrədici funksiya rolunu oynayır.
Oyun üzərində qurulan maraqlı və əyləncəli prosesə tədricən təlim xarakteri vermək və riyazi materialı zəruri mənimsəmə materialı kimi təqdim etmək lazımdır.
Oyun öz emosional xarakterinə görə uşaqları əqli və fiziki cəhətdən az yorur. Uşaq özü hiss etmədən tədris materialını asanlıqla mənimsəyir və tərbiyəçidən yeni oyunlar istəyir. Beləliklə, uşaqlarda riyaziyyata tədricən maraq və həvəs yaranır və tərbiyə olunur.
Son illərin psixoloji-pedaqoji tətqiqatları və qabaqcıl məktəbəqədər müəssisələrin iş təcrübəsi göstərir ki, bağça təlimində tətbiq olunan əyləncəli məsələ və oyunları didaktik məqsədlərinə görə aşağıdakı kimi təsnif etmək olar:
Uşaqların məntiqi təfəkkürünü inkişaf etdirən əyləncəli məsələlər və oyunlar.
Öyrədici xarakter daşıyan əyləncəli məsələlər və oyunlar.
Uşaqların fəallığını artırmağa xidmət edən əyləncəli məsələlər və oyunlar.
Keçilmiş materialın möhkəmləndirməsinə xidmət edən əyləncəli məsələlər və oyunlar.
Qeyd edək ki, bu təsnifi mütləq hesab etmək olmaz. Çünki elə əyləncəli məsələ və ya oyun var ki, onlar yuxarıda göstərilən bir neçə didaktik məqsədə xidmət edir.
Uşaq bağçasında əyləncəli məsələ və oyunları aşağıdakı şəkillərdə keçirmək olar:
Məsələ-oyunların kollektiv şəkildə keçirilməsi.
Məsələ-oyunların yarımqruplarla keçirilməsi.
Məsələ-oyunların fərdi şəkildə keçirilməsi.
Oyunları keçirmək üçün tərbiyəçinin vəzifəsi aşağıdakılardan ibarət olmalıdır:
Oyunun keçirilməsi üçün şəraitin yaradılması.
Uşaqlarda oyuna maraq yaradılması və onun inkişaf etdirilməsi.
Uşaqların müstəqil axtarışlara həvəsləndirilməsi və nəticənin rəğbətləndirilməsi.
Əyləncəli məsələlər və oyunlar uşaqlarda bir sıra müsbət və faydalı keyfiyyətlərlə, o cümlədən, müstəqillik, müşahidəçilik, hazırcavablıq, səbrlilik, araşdırma, yoxlama-tədqiq etmə və s. tərbiyə edir.
Bağçada riyaziyyat təlimində verilən əyləncəli məsələ və oyunların bir neçə nümunəsini verək.
5 çöpdən iki bərabər üçbucaq düzəldin.
7 çöpdən iki bərabər kvadrat düzəldin.
7 çöpdən üç bərabər üçbucaq düzəldin.
9 çöpdən dörd bərabər üçbucaq düzəldin.
Bu kimi çalışmalar uşaqların fəza təsəvvürlərini inkişaf etdirir.
Həkim xəstəyə üç həb verdi və hər 2 saatdan sonra bir həb qəbul etməyi tapşırdı. 3 həbi xəstə neçə saata qəbul edər?
3 adam qatarı 3 saat gözlədi. Hər biri neçə saat gözlədi?
Otaqda 3 şam yanırdı. Bir şamı söndürdülər. Otaqda neçə şam qaldı?
Göldə 4 çöl ördəyi üzürdü. Ovçu bir ördək vurdu. Göldə neçə ördək qaldı?
Torbada 2 qırmızı və 1 sarı kürə var. Arif torbadan bir kürə çıxartdı. Həmin kürə hansı rəngdədir? Sarı kürə ola bilərmi? Qırmızı kürə ola bilərmi?
Torbada 2 qırmızı və 2 sarı kürə var. Arif torbadan 2 kürə çıxartdı. Həmin kürələr hansı rəngdədir?
Bu kimi məntiqi çalışma – oyunlar uşaqlarda hadisələri əlaqələndirməyi, təhlil etməyi, mümkün halları araşdırmağı və s. tələb edir.
Əyləncəli məsələlər və oyunlar uşaqların hələlik gizli qalmış intellektual imkanlarını aşkar etməyə və inkişaf etdirməyə kömək edir.
Dostları ilə paylaş: |