İstifadə olunmuş ədəbiyyat
Məktəbəqədər müəssisələrdə təlim və tərbiyə proqramı, Bakı, 1998.
Həmidov S.S., Uşaqlarla sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası, Bakı, APİ, 1987.
N.Rüstəmova, Z.Zeynalova, Uşaqlarda sadə riyazi təsəvvürlərin öyrədilməsi metodikası, Bakı, 1993.
İ.Rüstəmov., A. Novruzov “Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası”, Naxçıvan. 2013
Метлина Л.С. Математика в детском саду, М., «Прсвешение», 1984.
Mövzu 11. Məktəqədər yaşlı uşaqlarda kəmiyyətlər haqqında təsəvvürlərin formalaşdırılması
İkinci kiçik yaş qrupları (üç yaşlı) əşyaların xassələrini müstəqil ayırd edə bilmirlər. Ölçülərə görə fərqli əlamətləri yalnız “böyükdür”, “kiçikdir” sözləri ilə ifadə edirlər. Ona görə də ilk məşğələlərdə çalışmaq lazımdır ki, əşyalar bir ölçüsünə görə müqayisə edilsin. Məsələn, “uzundur-qısadır”, “hündürdür-alçaqdır” və ya “genişdir-dardır”, “qalındır-nazikdir”, “hündürlükləri eynidir-bərabərdir”. Hər ölçünün müqayisəli şəkildə öyrənilməsinə 3-4 məşğələ həsr olunur.
Məsələn, birinci məşğələdə uzunluq əlaməti haqqında təsəvvür yaratmaq istəyiriksə, onda yalnız uzunluqları müxtəlif olan iki eyni formalı, eyni rəngli əşya nümayiş etdirməli və onun üzərində iş aparmalıyıq. Çalışmaq lazımdır ki, nümayiş etdirilən əşyaların uzunluq fərqi 10-15 sm, paylama materialında isə fərq 5-6 sm olsun.
Müqayisə zamanı əşyalar elə qoyulmalıdır ki, yaxud əldə elə tutulmalıdır ki, uşaqlar fərqi yaxşı müşahidə etsinlər. Əşyanın ölçüsünü nümayiş etdirərkən müəllim onu əl hərəkəti ilə göstərməlidir. Sonra elə oyunlar keçirilməlidir ki, uşaqlar əşyanın ölçüsünü başqa əşyanın ölçüsü ilə gözəyarı müqayisə edə bilsinlər, məsələn, tircik körpü rolunu oynayır, onun üstündən maşın keçməlidir. Uşaqlar körpünün eni ilə maşının enini müqayisə edirlər. “Maşın keçə bilərmi?”, “nə üçün?”. Düzgün cavab vermək üçün uşaqlar üst-üstə qoyma priyomundan istifadə edirlər.
Əşyaların uzunluqlarını, enini və hündürlüklərini müqayisə etmək üçün üst-üstə qoyma, yanaşı qoyma priyomları öyrədilir.
Bundan sonra ölçüləri bərabər olan əşyaların müqayisəsinə aid çalışmalar verilir. Uşaqlar müxtəlif uzunluqda olan çöplər, tirciklər arasında uzunluqları eyni olanları tapır və yanaşı qoyurlar. Yığıla bilən oyuncaqlar və didaktik materiallar əsasında müxtəlif oyunlar keçirilir. Məsələn, “Qüllə düzəlt”, “Oyuncağı yığ” və s.
Orta yaş qrupunda əşyaların ölçülərinin müqayisəsinə aid çalışmalar davam etdirilir. Dərs ilinin birinci və ikinci kvartalında əşyaların ölçülərinin müqayisəsinə aid çalışmalar əsasən say təlimi ilə əlaqələndirilir. Müqayisə həm üst-üstə və ya yanaşı qoymaqla, ya da gözəyarı aparılır. Lakin burada müqayisə olunan əşyaların ölçü fərqi nümayiş materialında 4-5 sm, paylama materialında isə 2-3 sm olur. Burada həm əldə olan materiallardan, həm də ətraf mühitdəki əşyalardan istifadə olunmalıdır.
Dərs ilinin ikinci kvartalında uşaqlar əşyaların eyni zamanda iki ölçüsünü müqayisə etməyi öyrənirlər. Məsələn, 2 düzbucaqlının eni və uzunluğu müqayisə edilir. Əvvəlcə elə iki düzbucaqlı götürülür ki, onların eni eyni, uzunluqları müxtəlif olsun. Ətraf mühitdə uzunluqları eyni, eni müxtəlif və tərsinə eni eyni, uzunluqları müxtəlif olan əşyalar tapırlar. Nəhayət, eni və uzunluqları bərabər olan əşyaları müqayisə edirlər. Buna üç məşğələ həsr edilir. Bu məşğələlərdə digər biliklər də təkrar edilir. Bundan sonra 2-5 əşyanın ölçülərinin müqayisəsinə aid çalışmalar verilir. Uşaqlar eyni formalı müxtəlif ölçülü əşyaları ölçüləri artma və ya azalma sırasına görə düzürlər. Hər bir əşya bilavasitə özündən əvvəlki və sonrakı əşya ilə müqayisə edilir.
Gözəyarı ölçmə və müqayisə vərdişlərinin aşılanmasına xüsusi diqqət yetirilir. Əşyaların ölçülərinə görə sıraya düzülməsinə aid 7-8 məşğələ həsr edilir. Bu məşğələlərdə proqramın digər mövzuları da təkrar olunur.
Uşaqların qazandıqları sadə riyazi təsəvvürlər müxtəlif fəaliyyətlərində tətbiq olunur.
Böyük yaş qrupunda uşaqlar əşyanın ölçülərini (uzunluğunu, enini, hündürlüyünü) ayırd etməyi, onları müqayisə etməyi bacarmalıdırlar. Kəmiyyətlərin müqayisəsi əşyaların digər əlamətləri (rəngi, materialı və s.) ilə əlaqəli surətdə aparılır.
Çalışmalar tədricən mürəkkəbləşdirilir. Uşaqlar ölçülərinə görə təkcə əyani şəkildə deyil, həm də təsəvvürlərində müqayisə etməyi öyrənirlər. Məsələn, “uzunluğu eyni, eni isə müxtəlif olan iki lent”, “uzunluqları müxtəlif eni eyni olan iki yol çəkin”.
Rezinden və plastilindən istifadə etməklə, əşyaların ölçülərinin dəyişdirilməsinə aid çalışmalar praktiki iş kimi verilir. Məsələn, uşaqlar rezini uzununa dartdıqda müəyyən edirlər ki, onun uzunluğu artıqda, eni azalır. Bu işi plastilindən hazırlanmış zolaq üzərində də aparmaq olar. Verilmiş əşya-nümunəyə oxşar əşyanın plastilindən və ya kağızdan hazırlanmasına aid çalışmalar verilir.
Əşyaların ölçülərinə görə qruplaşdırılmasına aid çalışmalar verilir. Məsələn, uzunluqları eyni olan əşyalar bir qrupa, eni eyni olan əşyalar başqa qrupa aid edilir. Hər qrupun əşyalarını ölçülərinə və başqa xassələrinə görə müqayisə edirlər. Uşaqlar görürlər ki, əşyaları müxtəlif əlamətlərinə görə qruplara ayırdıqda, onların sıralarındakı yeri dəyişir.
Əşyaların əlamətlərinə görə təkrar edilməsi əvvəlcə müəllim tərəfindən, sonra isə uşaqlar tərəfindən yerinə yetirilir. Burada müxtəlif tapşırıqlar vermək olar. Məsələn, “Ölçüsü ən böyük olan əşyanı göstər”, “Ölçüsü ən kiçik olan əşyanı göstər”. Burada “ölçü” adı altında uzunluğu, eni, hündürlüyü, “qalınlığı” kimi ifadələrini işlədərək məqsədəuyğun çalışmalar yerinə yetirilir. 1-dən 10-a qədər ədədlər sırasında soldan sağa artma, sağdan sola isə azalma xassəsi aşkar edildiyi kimi, əşyaların təsnifi və düzülüşündə həmin xassələrə diqqət yetirmək lazımdır. Kəmiyyətlər arasında miqdar münasibətləri uşaqları tranzitivlik xassəsi haqqında təsəvvürlərə gətirir.
İndiyə kimi uşaqlar 1-dən 10-a qədər ədədlərin tərkibi və miqdar münasibətləri haqqında müəyyən sadə təsəvvürlərə malikdirlər. Kəmiyyətlər arasında oxşar münsibətlər haqqında sadə təsəvvürlərə malikdirlər. Bu biliklər kəmiyyətlər arasında oxşar münasibətləri ayırd etməyə imkan verir. Müxtəlif şəkillər, illüstrasiyalar və didaktik materiallar vasitəsilə uşağın mühakiməsini inkişaf etdirmək lazımdır. Məsələn, “Əli Kərəmdən, Kərim isə Azaddan hündürdür. Oğlanlardan ən hündürü və ən balaca boyu olan kimdir?”
Uşaqlar əvvəlcə əyani vasitələrin köməyi ilə, sonra isə sözlərlə öz fikirlərini söyləyirlər.
Ədədlər arasında mövcud olan miqdar münasibətləri (hər bir ədəd özündən əvvəlki ədəddən 1 böyükdür, özündən sonrakından 1 kiçikdir) kəmiyyətlər arasında nümayiş etdirilir. Məsələn, düzbucaqlı zolaqlar elə düzülür ki, hər sonrakı əvvəlkindən yalnız bir uzunluq vahidi qədər fərqlənir. Deməli, uşaqlar nizami sıra almışlar. Bu işi müxtəlif əşyalar üzərində yerinə yetirmək lazımdır.
Bu yaş qrupunda məsafəni addımla ölçməyi öyrətmək lazımdır. Qeyd edilir ki, iki məntəqə arasındakı ən qısa məsafə düz xətt boyunca olan məsafədir. Uşaqlar addımla məsafəni ölçdükdə müxtəlif nəticələr alırlar. Nə üçün belə olur? – sualına uşaqlar birdən-birə cavab verə bilmirlər. Dəfələrlə müşahidə nəticəsində bu qərara gəlirlər ki, alınan nəticə addımın iriliyindən asılıdır.
Uşaqlara təklif olunur ki, elə iki əşya göstərin ki, biri o birindən böyük (uzun, yoğun və s.) olsun. Beləliklə, kəmiyyətlərə aid müxtəlif çalışmaların icrası uşaqları toplama və çıxma əməllərinə yaxınlaşdırır, kəmiyyət isə həmin əməllərin obyektinə çevrilir və kəmiyyətin xassələri haqqında ilk konkret təsəvvürlər yaranır.
Dostları ilə paylaş: |