İsmayılov N.V İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya. Bakı, 2008.
Psixologiya. Prof.S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə. Bakı, 2007.
З. Фрейд. Введение в психоанализ. М., 1989.
З. Фрейд. Психоаналитические этюды. Минск, 1997.
Psixoanalizin yaranmasının ictimai – tarixi şəraiti.
XIX əsrin sonu, XX əsrin əvvəllərində bəşəriyyət ictimai – sosial mühitdə baş verən qlobal çevrilişlərin yeni dalğası ilə üz-üzə gəldi. Kapitalizm cəmiyyətini xarakterizə edən sənaye çevrilişləri, dünya xəritəsini iki dəfə köklü surətdə dəyişən iri miqyaslı dünya müharibələri və onlardan sonra meydana çıxan “müharibə sindromu”, psixi travmalar Psixologiya və psixiatriya elmini yenidən və tamamilə fərqli bir məzmunda diqqət mərkəzinə gətirdi. Bir tərəfdən, tibbin bu yeni sahəsi Psixologiyadan ayrılıb özünün klinik sahələrini yaratmalı oldu, digər tərəfdən isə, Psixologiyanın ictimai düşüncə sahələri ilə kontaktları, elmi - nəzəri tədqiqatlara yeni bir istiqamət verdi. Psixiatriya, Psixologiya sosiallaşdıqca, incəsənət, hüquq, din və digər ictimai şüur sahələrinin məzmununda açıq-aydın deformasiyalar görünürdü. Artıq psixoanalizin meydana çıxması üçün tarixi şərait yaranmışdı. Karl Yaspersin tarixi periodizasiya ilə ictimai – sosial hadisələri əlaqələndirən xüsusi mühitin mövcudluğu haqqındakı fikirləri özünü doğruldurdu, onun zaman müstəvisində müvəqqəti dayanıqlıq kimi xarakterizə etdiyi “məhsuldar dövr”, (“osoboye vremya”) gəlib çatmışdı. Uzun müddətli təkamülün nəticələrini ümumiləşdirmək üçün ərəfə yetişmişdi. Məhz buna görə Ziqmund Freyd (1856-1939) Psixologiyanın tibbin çərçivəsindən qopub ictimai həyat sahələrinə tətbiqində peripetik çevriliş edə bildi.
Üçüncü və daha vacib bir cəhət isə ondan ibarət idi ki, böyük sürətlə yaranmaqda olan modernist düşüncələr hələ qarşıda dövrün fəlsəfə cərəyanlarına yenidən baxacaqdı. Bu modern yanaşmaların cücərtilərində klassizmin və müasirliyin sərhədləri yavaş – yavaş dağılırdı, dünyanı fərqli şəkildə çarpazlaşdıran, kumulyativ bir mənzərə yaranmaqda idi.
O, Şpenqlerin (1880-1936) dediyi kimi Yunan incəsənətindəki simmetriya axtarışları gözəllik kultunu formalaşdırdı, Şərqdəki sonsuzluq axtarışları isə mistik düşüncənin, fəlsəfi təfəkkürün özülünü yaratdı. Qərb böyük iqtisadi bazis üzərində elmi təfəkkürü inkişaf etdirdikcə, insan – dünya münasibətlərini də diqqətdə saxlayırdı, ölməzliyin, əbədiyyətin axtarış yollarında müdriklik ilahəsinin adını ictimai – sosial düşüncənin atributuna çevirdi. Beləliklə, Şərq təfəkkür proseslərinin dinamikasını həlledici amilə çevirdi, fəlsəfəni yaratdı. Qərb isə təfəkkür aktına abstrakt yanaşmanın, müdrikliyin adını müəyyənləşdirməklə onu dirçəltdi, ona əbədi həyat verdi.
Metapsixologiyanın fonunda varlıq təlimini yenidən işləmək, bütün ictimai düşüncə sahələrini nəzərdən keçirmək, onları tamamilə fərqli bir şəkildə dəyərləndirmək zərurəti yaranmışdı. Çox yəqin ki, bu məntiqdən çıxış edən rus alimi A.F. Zotov göstərir ki, “öz dövrü üçün Ziqmund Freyd bütün ictimai düşüncə sahələrini metafizik (ontoloji) çərçivəyə salmışdır”. “Psixoanalizin özünə gəldikdə isə, orada əvvəlcə “Mən”nin genetik modeli meydana çıxır”. Əslində bu proses Ziqmund Freyddən xeyli əvvəl başlamışdı.
XX əsrin birinci yarısında Almaniyada meydana çıxan “geştaltpsixologiya” adlanan fəlsəfi təlim intensiyanın, predmetləşənin motivasiyasını mövcud fəlsəfi fikirlərin üzərində formalaşdırmışdı. M. Verthaymer, O. Köler, K. Koffka kimi geştaltpçılar ilk dəfə təfəkkür aktının bütün elementlərini vahid sistem kimi qəbul etdilər, idrakı prosesləri bir baxış altına yığaraq abstrakt məzmuna üstünlük verdilər. Onların yaradıcılığında heç bir detalizasiyaya yol verilmədən, insan varlığına münasibət bildirilirdi. İnsanların ayrı-ayrılıqda götürülən duyğu, qavrayış, hafizə, təfəkkür, təxəyyül aktlarından doğan impulsiv hisslər, situativ momentlər onların iç dünyası fonunda əriyib gedirdi, insan dünya ilə qarşılaşmaq üçün dünyadan ayrılırdı. Bu hiperbolik yanaşmada, bu ümumiləşdirmədə cılız hisslər görünmürdü, hətta insana münasibətdə dünyəvi istəklər də kiçildilirdi, arzular sıxışdırılırdı, insan varlığına o dərəcədə mücərrəd yanaşılırdı ki, o dünya ilə təkbətək qaldığı zaman, bəzən bu nəhayətsizlikdə azırdı. Geştaltpçılar bir tərəfdən, atomistik yanaşmanın çatmazlığını, onun inteqrativ məzmunla müqayisədə acizliyi hiss edib onu aradan götürdülər, digər tərəfdən isə, bütövlüyün, sonsuzluğun əzəmətindən onların yaradıcılığına qəribə bir vahimə və ifrat asketizmin çalarları daxil oldu. Heç təsadüfi deyil ki, K. Koffkanın əsərlərinə bu qlobal məntiqin xofu çökərək, onun düşüncələrini büsbütün “qara rəngə” boyamışdı. Çox keçmədən, təfəkkürlə bağlı araşdırmalar daha yeni bir təlimin yaranmasına səbəb oldu. Təfəkkürün fəlsəfi strukturunun ictimai məzmunu aşkara çıxarıldı. K. Dunker, H. Mayer (ABŞ) kimi filosoflar təfəkkür prosesinin sosial məzmununu, tarixiliyini qəbul etdilər. Bununla ədəbiyyatda, bədii yaradıcılıqda müşahidə edilən topologik düşüncənin xofu aradan götürüldü. İncəsənət sonsuz paralellərdən, cansıxıcı rənglərdən xilas oldu, zaman və məkanca müəyyənlik əldə edildi. Yeri gəlmişkən, geştaltpçılar “tamı hissələrin cəmindən böyük” hesab edən qədim Şərq fəlsəfəsinə qayıtmaqda haqlı idilər, çünki insan həmişə əldə etdiklərindən və itirdiklərindən mahiyyətcə çoxdur, məzmunca böyükdür.
Vaxtilə, Amerika şairi Uytmen Uolt (1819 - 1892) da şeirlərinin birində deyirdi ki, “mən bütövlükdə şlyapam və ayaqqabılarım arasında olan məsafədə yerləşmirəm”. Metrik ölçüyə yerləşməyən şair, düşüncənin sonsuz və ölçüsüz məkanını, fəlsəfi fikrin topologik sərhədlərini axtarırdı...
Bir tərəfdən, Amerika psixoloqu Uilyam Cemsin (1842-1910) pansensualist Ceyms – Lange nəzəriyyəsi və onun əsasında duran məşhur “insanın nəyi varsa, ondan ibarətdir” düşüncəsi, digər tərəfdən, bu dövrdə kvant fizikası ilə bağlı geniş tədqiqatların aparılması dövrün elmi təfəkkürünün qlobal mənzərəsini yaradırdı. Və bütün bu elmi düşüncələr, həmçinin təfəkkür aktı ilə bağlı mülahizələr, fəlsəfi fikirlər Ziqmund Freydin tədqiqatlarında psixoanalizinin məzmununun formalaşmasına, onun əhatə dairəsinin müəyyən olunmasına öz təsirini göstərdi.Ziqmund Freyd 1874–1875-ci illərdə E. Qusserlin (1859–1938) sələfi olan və intensionallığı, predmetləşməni psixi fenomenlərin əsas əlaməti sayan alman filosofu F. Brentanonun (1838–1917) “Psixologiya empirik nöqteyi – nəzərdən” adlı əsəri ilə tanış olur. Bu əsər F. Brentano ilə ingilis psixiatrı və Q. Modelinin şüursuzluq problemi və digər psixi aktlarla bağlı mülahizə və mübahisələrini ümumiləşdirirdi. İlk dəfə bu əsər, Ziqmund Freydin düşüncəsində Psixologiya ilə fəlsəfə arasında harmonik orta yaradır. Onun fəlsəfəyə marağını ingilis filosofu C. S. Milin tədqiqatlarını araşdırması və bu tədqiqatlar üzərində Platonun təlimini mənimsəməsi daha da artırır. 1875 –ci ildə U.Cemsin ilk Psixologiya laboratoriyasının açılması və 1879-cu ildə V.Vundt tərəfindən ilk Psixologiya institutunun təşkil edilməsi bu sahədə nəzəri biliklərin daha sürətlə sistemləşdirilməsinə imkan yaratdı.
Dostları ilə paylaş: |