Xarici ölkələrdə psixoanalitik hərəkatın inkişafı.
Ziqmund Freydin psixoanalizindən sonra ictimai şüurun bütün sahələrində – fəlsəfədə, ədəbiyyatşünaslıqda, dilçilikdə, incəsənətdə, hüquq sahəsində peripetik çevrilişlər meydana çıxdı. Bütün ictimai şüur sahələrinə yenidən nəzər yetirmək, onların təhlilində metapsixologiyanı da nəzərə almaq zərurəti yaranmışdı. Psixoanaliz nəinki insan psixikasına, şüuruna yeni bir məzmun vermişdi, o həm də sinir sisteminin fəaliyyətinə yenidən və fərqli bir şəkildə baxmağı tələb edirdi. Müasir elmi - psixoloji yanaşmalarda şüurun motivizasiyası amili əsas götürülür. Psixologiya və psixiatriya elmləri şüurun motivasiyasına istinadən təfəkkür aktlarını tədqiq edir, yəni insan şüuru reallığı nə dərəcədə motivləşdirə bilirsə, elə həmin ölçüdə də qavraya bilir. Kvant düşüncəsinin yenidən önə çəkilməsi, məhz bu motivasiya həddi ilə bağlıdır. Şüurun motivasiyası onun ətraf mühiti qəbul etmə imkanlarının əhatə dairəsidir. XXI əsrin elmi yanaşmalarında yenidən kvant Psixologiyası şüurun motivasiya həddi ilə əlaqələndirilir və bu, təkamül proseslərinin müasir izahı üçün mühüm amil hesab edilir. O dövrün psixoloji tədqiqatlarında daha bir vacib məsələ üzərində də dayanırdılar. Belə ki, təfəkkür prosesinin izahında əsas psixoloji amilin şüurmu və yaxud davranışmı götürülməsi fərqli mübahisələr doğururdu; insan öz şüurundanmı, yoxsa davranışındanmı daha çox asılıdır? Əgər şüuru ətraf mühitin əksi kimi və yalnız sırf inikas olaraq qəbul etsək, deməli, belə çıxır ki, davranış da ətraf mühit tərəfindən müəyyən edilir. Halbuki, vaxtilə Amerika psixoloqları E. Torndayk, C. Uotson və başqa bihevioristlərin iddia etdiyi kimi insan fəaliyyətində yalnız davranış həlledici amildir. Əslində isə insanın psixoloji cəhətdən daha mürəkkəb motivasiya aktına malik olduğunu sübut edir, belə ki, insan həmişə ayrı cür düşünüb, tamamilə başqa bir hərəkəti icra etmək iqtidarındadır. Buna görə də yalnız davranış fəaliyyəti tam şəkildə ifadə edə bilməz, təfəkkür aktı və şüurdakı motivasiya fəaliyyəti tam şəkildə əhatə edir. Bu xüsusiyyətlər də psixoanalizi fəlsəfi təlim olaraq tədqiqat obyektinə çevirən cəhətlərdən idi. Müasir elmi tədqiqatlar reallığın şüurdakı inikası zamanı meydana çıxan təfəkkür aktlarını tədqiq edən zaman daha maraqlı nəticələr əldə etmişlər. Doğrudan da “insanın həyatının mürəkkəb və çoxcəhətli, mütəmadi və ardıcıl bir idrak prosesi olduğu aşkarlanır”. İdrak prosesini və bu zaman əldə edilən biliyin yaranmasını, onun kökünü axtaranlar da bu prosesi motivasiya ilə əlaqələndirdilər. Müasir tədqiqatları ilə məşhurlaşan Çili neyrobioloqları U.P.Maturana və F.X.Varela “autopoez” adlandırdıqları özünü hasiletmə prosesində həmin motivasiyaya təfəkkür aktının qeyri –adi bir şəkildə fizioloji əlavəsini aşkara çıxarmış və onu insanın sinir sisteminin lokal xüsusiyyəti kimi izah etmiş və maraqlı nəticələrə gəlmişlər. Müasir psixoloji təkamül prosesi XXI əsri təfəkkürün fəlsəfi strukturunda lokal sıçrayışlarla zənginləşdirmişdir. Buna görə də lokal düşüncəni və kvantların təsir gücünü qəbul etməmək mümkün deyil.
Psixoanalizdən sonra Stefan Sveyq, İrvinq Stoun, Tomas Mann kimi məşhur yazıçılar öz əsərlərində şəxsi psixoloji yaşantıların ictimai şüurda əks olunması və ictimai şüuru şərtləndirməsi ilə bağlı məsələləri araşdırmağa başladılar. Artıq ədəbiyyatda hadisə, ədəbi kolliziya deyil, insan Psixologiyası, motivasiya ön plana keçdi, aydın oldu ki. "insanın keçirdiyi ən adi hiss və həyəcanlardan ən mürəkkəb fikirlərə qədər, adi bir təbiət mənzərəsindən tutmuş insan taleyinə və hətta bəşəriyyətin böyük problemlərinə qədər, bir sözlə, insanı duyğulandıran və düşündürən nə varsa – hamısı bədiiləşərək ədəbiyyatın mövzusuna çevrilə bilər”.
Psixoanalizdən sonra digər ictimai şüur sahələrində də yeni yanaşmalar müşahidə olunurdu. Avropada dünyada ilk dəfə hüquq elmində əxlaqi və hüquqi tənzimləmələrdə sosial - iqtisadi şəraitlə yanaşı, şəxsiyyətin psixoloji durumu, hiss və həyəcanları, instinktiv aktları araşdırılmağa başlandı. Psixologiya digər elmlərin, texnikanın, yaradıcılıq imkanlarının, əməyin, müharibə və sülh problemlərinin tədqiqində ön plana keçdi. Yeni psixoloji terminlər meydana çıxdı. Psixoloji məktəbin nümayəndələri olan V. Vundt, N. Folkelt, A.Potebnyak və digər tədqiqatçılar sənətkarın psixi halı, yaradıcılığın Psixologiyası, sənətkarın ruhi vəziyyətini yaradıcılığın psixi mənbəyi kimi analiz edirdilər. Psixi prosesləri yaradıcılığın fizioloji əsasları ilə bağlayan tədqiqat işləri meydana çıxdı, həmçinin yaradıcılığın qəbul edilməsi aktlarının, subyekt, obyekt münasibətlərinin araşdırılmasının yeni istiqamətləri müəyyənləşdirildi. Psixofizika sahəsində aparılan tədqiqatların nəticəsi olaraq insanların qıcığı qəbuletmə mexanizmində hissi – sensor sistem üçün ölçü müəyyən edildi. Rene Dekardın, Q.V. Leybnitsin, N.Malbranşın, D.Qartlinin hisslər, affektlər haqqındakı fikirləri tədqiqat obyektinə çevrildi. Hiss və duyğulara hiperbolik yanaşma bədiiliyin gücünü daha da artırdı. Avstriyada S. Sveyqin psixoloji novellalarında, S. Dalinin sürrealist rəsmlərində, V. Van Qoqun əsərlərində, İ.V.Hötenin, F.Şillerin, L.N.Tolstoyun, F.M.Dostoyevskinin, A.P.Çexovun yaradıcılığında psixoloji yanaşmalar genişləndirildi və şəxsi düşüncə hüdudlarından yuxarı qalxıb fəlsəfi düşüncələrlə əvəz olundu.
Fərdi Psixologiya, insan – insan münasibətləri insan – dünya münasibətləri fonunda kiçildi, insan mikrokosm kimi tədqiq olunmağa başladı, metaPsixologiya psixoloji ağırlığı öz üzərindən fəlsəfəyə keçirdi.
X1X əsrin sonu, XX əsrin əvvəllərində insan – dünya münasibətləri fonunda meydana çıxan dövrün psixoloji ağırlığı, bəzən cəmiyyətdə açıq – aydın nəzərə çarpan mənəvi-ruhi böhranlar şəklində, bəzən isə bədii yaradıcılıqdakı həqiqət axtarışlarında öz əksini tapırdı. “İyirminci əsr, Azərbaycan ədəbiyyatında yeni bir intibah dövrünün başlanğıcı oldu. Bu əsrin bütün görkəmli ədib və şairləri böyük bir ictimai hərəkat içərisində... mübarizə sahəsinə atılmışdılar.”Cəmiyyətin bütün şüurlu hissəsi birlikdə həqiqət axtarışında idi. Təbii ki, bu axtarışların hamısı əvvəlcə zamanın libasına bürünürdü, sonra məkanca müəyyənləşirdi ki, bəşəri və milli keyfiyyət qazansın. Azərbaycan ictimai fikrində, ədəbiyyat və incəsənətində əsrin psixoloji – ruhi mənzərəsi yaradılırdı. İnsanlar yalnız “ədəbiyyatın köməyi ilə bəşəriyyətin inkişafının sonsuz mürəkkəb və rəngarəng tarixi yolunun iştirakçısı ola bildilər”. Bəzi müəlliflərin əsərlərində, hətta Ziqmund Freydin təlimindən xəbərdar olmayanların yaradıcılığında belə, müharibə fobiyası, psixi travmalar, bəşəri kolliziyalar iblis – insan qarşıdurması kimi motivasiya olunur, bədiiləşdirilirdi. “Günəş insanı həyatın həqiqətinə yaxınlaşdırır”sa da, bu təbiətlə cəmiyyəti eyniləşdirmək üçün deyilməmişdir, çünki insan öz həqiqət axtarışlarında təbiəti deyil, öz bəşəri mahiyyətini, ruhi məzmununu arayır. Dövrün daxili - mənəvi böhranları təkcə bədii əsərlərə deyil, hətta fəlsəfi düşüncələrə də kölgə salırdı. Hüseyn Cavidin, Cəfər Cabbarlının əsərlərində də etik-mənəvi təbəddülatlara, tərəddüdlərə, həqiqət axtarışlarına rast gəlinirdi. Cəfər Cabbarlının “Od gəlini”, “Aydın”, “Oqtay Eloğlu” əsərlərindəki qəhrəmanlar həyat kolliziyalarından kənara çəkilərkən, fəlsəfi düşüncəyə qapılır, insan – insan münasibətlərini ümumiləşdirməyə çalışırlar. Məsələn, Oqtay Eloğlu filosof deyil, aktyor olsa da, nəinki həyatdakı yalanları, hətta səhnədəki dekorasiyaları qəbul edə bilmir, yalançı təsəvvür yaratmaqla barışmır və tələb edir ki, qoy divarlar öz rəngsiz simasında görünsün, israr edir ki, həyat olduğu kimi rəngsiz və boyasız qəbul edilməlidir. Əslində müəllifin həqiqət axtarışları onun fəlsəfi düşüncələridir, insan və dünya haqqında çıxardıqları nəticələrdir. Baxmayaraq ki, Cəfər Cabbarlı sənətin və bədiiliyin gücünü yüksək qiymətləndirirdi, ədəbiyyata, poeziyaya böyük önəm verirdi, onun bütün əsərlərində bədiilik fəlsəfi nəticələrlə ümumiləşdirilir, ancaq insan – insan münasibətləri bədii həllini taparkən insan – dünya münasibətlərinə çevrilir, adi bir insan filosof kimi düşünür və nəticə çıxarır: “Zavallı bəşəriyyət, neçin həqiqəti gizlədirsiniz?... Qoyun bu qara çirkin daşlar olduğu kimi...görünsünlər... O çirkin də olsa, həqiqət olduğu üçün gözəldir!,” – deyən Oqtay Eloğlunun həqiqət axtarışları onun psixoloji halını əks etdirsə də, insanı düşünməyə vadar edir, bəlkə doğrudan da dünyanı və həyatı olduğu kimi görmək, real mövcudluğu qiymətləndirmək daha düzgündür.
Sovet psixologiyasında psixoanaliz təliminə münasibət.
Freyd müəllifi oldugu psixoanalizi ilk öncə «başqa heç bir yolla öyrənilməsi mümkün olmayan proseslərin tədqiq proseduru» adlandırırdı. İkincisi, «nevrotik pozuntuların müalicəsi üçün metod» və sonda, «psixoanaliz vasitəsilə elmdə olan yeniliklərin tədricən toplanması, psixi infomasiyanın miqdarı» hesab edirdi. Başqa sözlə, Freyd öz təlimini həm psixoloji tədqiqat, həm müalicə üsulu , həm də dünyagörüşü kimi şərh edirdi. Oktyabr inqilabından sonrakı ilk illərdə Freydin təlimi keçmiş sovet məkanında çox geniş vüsət aldı və tədqiqatçının demək olar ki bütün əsas əsərləri rus dilinə tərcümə edilərək çap edildi. Həmin dövrdə psixoanaliz müxtəlif istiqamətlərdə təhlil edilir və praktik olaraq tibbə tətbiq edilirdi. O illərin fəlsəfi , psixoloji və tibbi ədəbiyyatlarında Freydin psixoanalizi və onun dünyagörüşü materializmin və dialektikanın özəyi kimi qiymətləndirilirdi. (B.E.Bıxovski, 1923; A.R.Luriya, 1925). 30-cu illərin əvvələrindən başlayaraq Freydə bir alim kimi münasibət dəyişilməyə başladı.Bunun əsas səbəbi onun tədqiqatlarında əldə etdiyi yeni nailiyyətlər və bu nailiyyətlərin Sovet məkanında aparılan tədqiqatların nəticələri ilə üst-üstə düşməməsi idi. O illərdən başlayaraq onun dünyagörüşü təhrif olunmağa , əldə etdiyi naliyyətlər şübhə altına alınmağa və onun özünü tədqiqatçı alim kimi idealist, metafizik və aqnostik düşüncəli insan adlandırmağa başladılar. Həmin cərayanı dəstəkləyən tədqiqatçılar isə rəsmi surətdə nəzarətə götürüldü , onların elmi işlərinə təzyiqlər olundu və istənilən nəşr olunmuş əsərləri «qeyri elmilikdə» ittiham edildi.
Belə bir tarixi şəraitdə eyni müəllifin Freydin işlərində idealizmin bir neçə istiqamətlərini «aşkarlaması» heç də təəccüblü deyil: « Berklyans» , «psixiatrik » , «energetik» və «obyektiv idealist» (K.İ.Sobolğ, Filosofskie prinsipı psixoanalitiçeskoy teorii Ziqmunda Freyda, M.1961).
Artıq Freydin və onun davamçılarının əsərlərinin çapı dayandırıldı və nəzəriyyədən psixoterapevtik metod kimi istifadə olunması qadağan edildi. Çapa yalnız Qərb psixologiya və psixoterapiyasının «tənqidi xülasəsi» buraxılırdı (V.M. Morozov, 1961; F.V. Basin, 1968 ; M.S.Lebedenski, 1971; İ.E. Volpert, 1972 və s.). Bu xülasələr məzmununa görə bir – birinə çox yaxın idilər. Bu xülasələrə görə Freydin psixoanalizi «yalan öyrənmə» , ekzistensializm - «cəfəngiyat və paradoks fəlsəfəsi», Yunqun arxeotipləri rasizmə çox yaxın olan «təbəqə şüursuzluğunun əlamətləri» , Frommun konsepsiyası – Freydist bir nəzəriyyədir. Adlerin fərdi fərqlər psixologiyası öz natamamlığını siniflər arası mübarizə kimi qələmə vermək və ətrafdakıların üzərində üstünlüyünü nümayiş etdirmədir. Morenonun psixodrama və sosiometriyası isə «dini burjua idealogiyasının ideyalarını ört – basdır etmək üçün yaradılmış ən son subyektiv nəzəriyyədir» (N.S. Mansurov, 1963).
Katarsis metodunun əsasında «guya bütün nevrozların əsasında hansısa bir (xüsusilə , seksual sferada ) psixi travmalar durur və nevroza səbəb kimi onların şüursuzluq səviyyəsinə sıxışdırılması ideyası» kimi düzgün olmayan yanaşma olduğu üçün bu metod yararsız hesab olunurdu. Freydin «panseksualizm» konsepsiyası isə onun ən çox tənqidə məruz qalmış əsərlərindən biri hesab edilir. müharibədən sonrakı illərin ədəbiyyatı ilə tərbiyə olunmuş bir çox psixiatr və psixoloqlar , sadəlövhcəsinə , Freydin özünü «panseksualizm» hesab edirdilər və onların düşüncəsinə görə Freydin tələbələri məhz buna görə ondan imtina ediblər. Yalnız Freydin əsərlərinin rus dilinə tərcüməsi və çapından sonra bu psixoloqlar özləri üçün aydınlaşdırdılar ki, «panseksualizm» heç də Freydin özü deyil, bu, hələ sovet oxucularına bir o qədər də tanış olmayan , sadəcə psixologiyanın bir hissəsidir.
1961 – ci ildə V.M.Morozov Şopenhaur və Nitsşenin psixoanalizin fəlsəfi mənbəyi ideyalarını təhlil edərkən qeyd edirdi : « Freydizm psixiatriyada volyuntarizm (bütün varlığın əsasını iradə təşkil etdiyini iddia edən idealist fəlsəfi cərəyan) fəlsəfəsinə ən parlaq nümunədir. Psixoanalizlə heç bir kompramisə getmək olmaz, onu bütünlüklə rədd etmək lazımdır».
Freydin konsepsiyasını tənqid etmək üçün ən çox İ.P.Pavlovun reviziya ideyalarından və materializm pozisiyasından istifadə edirdilər.
Əlbəttə, bu gün heç kim Freydin nəzəriyyəsinin mükəmməl olması haqqında mübahisə etmir. Lakin qeyd etməliyik ki, psixi proseslərin bütün dərinliklərini yalnız şərti reflekslərlə dərk etmək mümkün deyil.
Qərb və Sovet psixologiyası və psixiatriyasının birləşdiyi müasir dövrdə alimlər çalışmalıdırlar ki, Z.Freydin əsərlərini tərcümə edərkən mümkün qədər az şərhə və dəyişikliyə yol versinlər. İmkan yaratmaq lazımdır ki, Feydin oxucuları onun fikirlərini bilavasitə qavrayaraq özlərinə məxsus şəkildə qiymətləndirsinlər.
Dostları ilə paylaş: |