Hüceyrənin çoxalması. Çoxhüceyrəli orqanizmin bütün hüceyrələri mayalanmış yumurta hüceyrəsinin ardıcıl bölünməsi nəticəsində əmələ gəlir. Hüceyrənin ontogenezi prosesində hüceyrə çoxalır, differensasiya olunur, eyni morfoloji, genetik xüsusiyyətləri saxlayır, həmin növ hüceyrə üçün xas olan xüsusiyyətlər qazanır. Orqanizmi təşkil edən bütün hüceyrələr orqanların morfofunksional xüsusiyyətlərindən asılı olaraq daima dəyişir. Məsələn, bağırsaqların selikli qişasının epiteli hər 24 saatdan, dərinin epidermis 5-7 gündən, qaraciyər hüceyrələri 180 gündən, eritrositlər isə 125-128 gündən bir yeniləşir.
Hüceyrə 3 yolla bölünür:
Mitoz
Meyoz
Amitoz
Mitoz (sap) yaxud kariokines bölünmə zamanı hüceyrənin nüvəsi və xromatinlər müəyyən dəyişikliyə uğrayır. Yəni bölünmədən qabaq xromatinlər ikiləşir, sonra ayrılırlar. Əmələ gəlmiş yeni xromatin sapları qız hüceyrələrində yeni nüvə möhtəviyyatı yaradır. Qız hüceyrələrin malik olduğu xromosomların miqdarı ananın xromosomlarına bərabər olur. Mitoz bölünmə və ya kariokinezin 4 fazası vardır: profaza, metafaza, anafaza və telefaza. Eukariot hüceyrələrin əsas bölünmə üsullarından biridir.