Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin
Bu Əsasnamə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun, “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair” Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin (bundan sonra MMX) tələbləri, habelə Maliyyə Tədbirləri Üzrə İşçi Qrupu – FATF-ın tövsiyələrinin, Bank Nəzarəti üzrə Bazel Komitəsinin prinsiplərinin və bank praktikasında geniş istifadə edilən “Volfsberq prinsipləri”nin əsasında hazırlanmışdır.
Bu Əsasnamə irəlidə Bank adlanacaq “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində daxili nəzarət işinin təşkil edilməsi, həmçinin nəzarət qaydalarının tətbiq olunmasının effektivliyini qiymətləndirən audit mexanizminin təmin edilməsi məqsədi ilə Bankın Nəzarət Sisteminin yaradılmasının şərtlərini müəyyən edir.
Nəzarət Sistemi deyildikdə Bank tərəfindən sənədləşdirmə, dəqiq eyniləşdirmə, məxfiliyin təmin edilməsi, treninq proqramlarının tətbiqi, xüsusi diqqət yetirilməli əməliyyatların aşkarlanması, audit mexanizminin təkmilləşdirilməsi, məsul şəxsin təyin edilməsi tədbirlərinin həyata keçirilməsi, həmçinin digər daxili qaydaların hazırlanması başa düşülür.