XAİN VƏ YALANÇI VƏKİLLƏR HAQQINDA BİR NEÇƏ NÖQTƏ
Xain və yalançı vəkillər haqqında tarix və rical kitablarında bildirilənləri nəzərdən keçirdik. Vəkalət qurumundakı bu iki mənfi cərəyanla bağlı bir neçə nöqtəni qeyd etmək lazım gəlir.
1. Bə’zi insanları vəkillik işində xəyanətə, eləcə də, yalana sövq edən bə’zi səbəblərə nəzər salaq: Vəzifəpərəstlik, dünyapərəstlik, var-dövlət hərisliyi, imam malına tamah, həqiqi vəkillərə həsəd, azğın düşüncə, hakimiyyətə meyl.
2. Kiçik qeyb dövründə, xüsusi ilə də ikinci səfir Məhəmməd ibn Osmanın zamanında vəkilliklə bağlı yalan iddialar öz zirvə nöqtəsinə çatdı. Belə bir təzahürün əsas səbəbi həmin dövrdə imam qeybdə olduğundan şiələrin vəkillərə müraciət etməyə məcbur olmaları idi. Osman ibn Səidin dövründə bu səfir şiələr arasında böyük nüfuz sahibi olduğundan kimsə belə işlərə cür’ət etmirdi. O, dünyasını dəyişdikdən sonra azğın insanlar fürsətdən istifadə edərək, özlərini şiələrə naib kimi tanıtdırmağa cəhd göstərdilər. Cəmiyyətdə tərəddüdlü vəziyyət yarandığından bu dövrdə vəkillik iddiasına düşənlər başqa dövrdəkilərdən daha artıq idi.
Bu sayaq azğın fəaliyyətləri öz siyasətinə xeyirli bilən abbasi hökuməti yalnız zəruri saydıqda onlara qarşı çıxırdı.
3. İmamların vəkillərin tə’yinatında ciddi sə’ylərinə baxmayaraq, müxtəlif səbəblərdən vəkillik məqamına göz dikənlər olurdu. Kimi imam malını oğurlamaq istəyir, kimi batil əqidəsini yayır, kimi də xalqın ehtiram göstərdiyi vəkillərə həsəd aparırdı. Belələrinin çoxu əvvəllər imamların e’tibarlı nümayəndələri olmuşlar. Əli ibn Əbu-Həmzə Bətaini, Osman ibn İsa Qəvasi Ziyad Qəndi, Faris ibn Hatəm Qəzvini, Ürvə ibn Yəhya, Əhməd ibn Hilal İbrətai, Əhməd ibn Hilal Əl-Kufi, Məhəmməd ibn Əli ibn Hilal Əl-Bilali, Əbu-Cə’fər Şələmğani belələrindən idi. İmamlar, adətən, belələrini lə’nətləyər, onların əsil simasını xalqa tanıtdırardılar. İstisna hallarda onların qətlinə fərman verilərdi.
4. Vəkillərin mühüm işlərindən biri dini ödənclərin toplanması olduğundan vəkillik işi bir çox tamahkarları özünə cəlb edirdi. Onlar bu malı ələ keçirmək üçün vəkil olduqlarını iddia edirdilər. Əlbəttə ki, bu sayaq iddiaların irəli sürülməsində həsədçiliyin də öz rolu var idi. Şöhrətpərəstlik, həsədçilik azarına tutulanlar arasında Əbu-Əbdüllah Əs-Səyyari, Qasim Əl-Şi’rani, Məhəmməd ibn Fərat, Əli ibn Həsikə, ibn Baba Qummi kimiləri vardı.
Dostları ilə paylaş: |