İMAM HÜSEYN (Ə)
Əbdür-Rəhman ibn Əlhəccac imam Sadiqdən (ə), o həzrət isə imam Hüseyndən rəvayət edir ki, imam buyurmuşdur: «Mənim övladlarımdan doqquzuncusunda həzrət Yusif və həzrət Musanın sünnələri var. O, biz əhli-beytin qaimidir və Allah-təala onun əmrini bir gecədə islah edər».
Həmdanlı bir şəxs imam Hüseyndən (ə) belə eşitdiyini nəql edir: «Bu ümmətin qaimi mənim övladlarımdan doqquzuncusudur. Qeyb sahibi odur və onun mirası diri olduğu halda bölünər».
Əbdürrəhman ibn Səlit deyir: «İmam Hüseyn (ə) buyurdu: «On iki Məhdi bizdəndir. Onların birincisi Əli ibn Əbi-Talib və sonuncusu mənim övladlarımdan doqquzuncusudur. Qaim imam odur. Allah onun vasitəsi ilə yer üzü öldükdən sonra onu dirildər və müşriklərin istəyinin ziddinə olaraq, haqq dini bütün dinlərə qalib edər. O qeybə çəkiləcək və bu qeybi bir qrup inkar edəcək. Başqa bir qrup isə öz əqidəsində sabit qalacaq. Onlara əziyyət veriləcək və deyiləcək: «Əgər düz deyirsinizsə, verdiyiniz və’də nə vaxt gerçəkləşəcək?» Bilin ki, onun qeybi zamanı əziyyətlərə və inkarlara səbr edən kəs Allah rəsulunun yanında qılıncla cihad edən kəs kimidir».
Dostları ilə paylaş: |