Seyid Əmir Əhməd o zalım qövmə qarşı təkbaşına mübarizə apararaq elə
cəsarətli davrandı ki, min yüz ildən sonra, elə indinin özündə də tarixi
şəxsiyyətlərin ibrət və həsədlərinə səbəb oldu. Nəhayət, ona kömək gəlmədiyini
gördükdə, qonşunun evinin divarını dəlib, o həzrətin sığındığı evə girdilər. Həzrət
döyüşdən yorulduqda, bir az nəfəs alıb, təkrar döyüşürdü. Divara söykənib nəfəs
aldığı vaxt, arxadan başına bir qılınc endirdilər, eyni zamanda digər bir dəstə də evi
sökməklə məşğul idi. Bu səbəbdən, mübarək bədəni torpaq qalıqları altında gizli
qaldı. O xaraba ev şəhər əhalisi tərəfindən böyük viranəyə çevrildi. Çünki Şiraz
şəhərinin camaatının çox az bir hissəsi mövcud hakimiyyətə müxalif idi. Hicri VII
əsrin əvvəllərinə qədər, yəni Fars səltənəti Atabək Əbubəkr ibn Səd Müzəffiruiddin
şahın əlinə keçənədək, mübarək bədəni o qalıqlar altında gizli qaldı.
Müzəffiruiddin şah saleh bir padşah idi. Otuz altı il dava edən səltənət dövründə
zahid, abid, alim və fəzilətli şəxslərə qarşı ehtiram və mütəhhər İslam şəriətini
yaymaqda çox səylər göstərmişdi. «İnsanlar padşahların dini üzrədirlər» babından
Fars məmləkətinin bütün vəzir və böyük şəxsiyyətləri pak İslam şüarını qoruyan
kəslərdir.
Atabək Müzəffüruiddin şahın yaxın vəzirlərindən biri də Əmir
Müqərrəbuiddin Məsud ibn Bədruddin idi. Bu vəzir, abadlığa və rifaha çox meyilli
olan bir şəxs idi. Bu səbəbdən, Şiraz şəhərinin ortasında pis bir görkəm alan o uçuq
Evin yığılıb-təmizlənməsi və yerində böyük bir bina tikilməsini əmr etdi. Bu işlə
əlaqədar çoxlu sayda işçi qüvvəsi oradakı torpaq və başqa qalıqları şəhərin
kənarına daşımağa başladılar.
Bir gün iş əsnasında başından zədə almış bir insanın cəsədinin qalıqlar altında
qalmış olduğunu görüb, bu məsələni hökümətə bildirirlər. Baş vəzir və bir qrup
digər məmurlar bu hadisənin nə olduğunu öyrənmək, təftiş etmək məqsədiylə
oraya gəldilər.