Şəxsiyyət haqqında klassik nəzəriyyə.
Şəxsiyyət haqqında klassik nəzəriyyə qrupuna Z.Freydin psixoanalitik nəzəriyyəsini, K.Yunqun analitik nəzəriyyəsini, A.Adlerin fərdi psixologiya nəzəriyyəsini aid etmək olar.
Avstriya psixoloqu və psixiatoru Ziqmund Freydin (1856 – 1939) yaratdığı psixoanaltik nəzəriyyə freydizm adı ilə məşhurdur. Z.Freyd şəxsiyyətin fəallığının mənbəyini onda heyvan əcdadlarından irsən alınmış instiktiv təhriklərdə görürdü. Bununla da Freyd psixi hadisələrə yeni anlayış – şüursuzluq anlayışı gətirmişdir. Onun fikrincə şəxsiyyətin strukturunda üç komponent mövcuddur: O (id), mən (eqo), yüksək – mən (super-eqo). Z.Freyd birinci komponenti (id) şüursuzluq, ikincini (eqo) şüur, üçüncünü isə (super- eqo) yüksək şüurluluq kimi götürür.
Şəxsiyyətin klassik nəzəriyyələri qrupuna yuxarıda qeyd etdiyimiz kimi İsveçrə psixoloqu Karl Yunqun (1875 – 1961) analitik nəzəriyyəsi də daxildir. K.Yunqa görə şəxsiyyət dörd əsas elementi özünə daxil edir: şüur, şəxsi şüursuzluq, şüursuzluq və kollektiv şüursuzluq. Bir şüurluluğa qarşı üç şüursuzluq dayandığı halda, K.Yunq buna xüsusi əhəmiyyət verir. O belə hesab edir ki, insan təkcə özünün gizli tendensiyaları ilə deyil, eyni zamanda istəkləri, məqsədləri, arzuları və qiymətdəri ilə də müəyyən edilir.
Yunq ekstroversiya və introversiya anlayışlarını şəxsiyyətin tipologiyasının əsası kimi psixologiyaya daxil etmiş, ekstrovertiv və introvertiv tipləri xarakterizə etmişdir. Ekstrovertiv şəxsiyyət özünün bütün maraqlarını xarici aləmə yönəltdiyi halda, introvertiv şəxsiyyətdə bu maraqlar, bütün həyat energiyası özünə, özünün daxili aləminə yönəldilmiş olur.
Nəhayət, şəxsiyyət haqında klasik nəzəriyyələrdən biri də, əvvəl qeyd etdiyimiz kimi, Avstriya psixoloqu Alfred Adlerin (1870- 1937) fərdi psixologiya nəzəriyyəsidir.Onun fikrincə insanda ən əsas onun təbii instinktləri deyil, «birlikhissidir». Bu hiss anadangəlmədir, lakin sosial cəhətdən inkişaf etdirilməlidir.
Dostları ilə paylaş: |