Turizm və sahibkarlıq. Sahibkarlıq fəaliyyətinin özünə geniş yer tapdığı sahələrdən biri də turizmdir. Bu fikrin arxasında cəsarətlə durmaq mümkündür ki, turizm sahibkarlığın hesabına yeni dünyanın yeddi möcüzəsindən birinə çevrilmişdir. Buna sübut olaraq son illər ərzində turizm-xidmət sektorunda hər il 1 milyard səyahətçiyə göstərilən xidmətlərdən əldə olunan 1 trilyon ABŞ dolları həcmində gəliri göstərə bilərik. Turizm sənayesində sahibkarlığın, xüsusilə də turzərfin tərkibindəki xidmətlərdən başqa digər xidmətlərin təşkilində kiçik sahibkarlığın əhəmiyyətini xüsusi olaraq qeyd etmək lazımdır. Turizm sahəsində xidmətlər və onların çeşidlərinin bol olması, istifadə olunan resurs və region xüsusiyyətlərinə görə bazar imkanlarının yaranması kiçik və orta sahibkarlıq üçün geniş imkanlar yaradır.
Öz inkişaf sürətinə, sahibkarlıq fəaliyyətinin tətbiqinə və cəmiyyətin sosial-iqtisadi həyatında oynadığı mühüm rola görə turizm müasir dövrdə iqtisadiyyatın ən dinamik inkişaf edən sahələri sırasında özünə yer qazanmışdır. Bu cəhətdən istər ölkə iqtisadiyyatında, istər əhalinin sosial-mədəni həyatında, istərsə də beynəlxalq münasibətlərdəki yerinə görə turizm maraqlı tədqiqat obyektinə çevrilməkdə və bu sahə üzrə problemlər müxtəlif istiqamətlərdə araşdırılmaqdadır. Çünki digər iqtisadi sahələr də olduğu kimi turizmdə də istifadə edilən ehtiyatlar məhduddur və onlardan rasional istifadə, öz sahibkarına maksimum gəlir gətirməsi ən mühüm problemlərdən hesab olunur.
Bu problemlərin öyrənilməsi, onların müəyyən ölkə və regionlara görə xarakterik həlli yollarının tapılması turizmin özünəxas xüsusiyyətlərindən asılıdır. Bu zaman məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, turizmin inkişafında getmə turizm gəlmə turizmə nisbətən asan təşkil olunur. Bunun səbəbi turizm sahibkarlığı ilə əlaqədardır. Belə ki, getmə turizm sahəsi üzrə ixtisaslaşmış sahibkarlar turizm məhsulu resepti hazırlayıb riskə getmək əvəzinə, başqa sahibkarların hazır reseptləri əsasında fəaliyyət göstərməyi üstün tuturlar. Digər bir obyektiv amil kimi isə turizmin dünya miqyasında gənc bir biznes sahəsi olması faktını və burada təkcə iqtisadi deyil, həm də təbii, coğrafi, sosial, mədəni, siyasi amillərin də geniş rol oynamasını göstərmək olar.
Göründüyü kimi gəlmə turizm sahəsində sahibkarın rolu böyükdür. Çünki turizm iqtisadiyyatın başqa sahələri ilə də sıx olaraq bağlıdır. Belə ki, turistlərin ölkəyə gətirdikləri valyuta onların tələblərinin ödənilməsi üçün lazımi infrastrukturun yaradılmasına, mövcud olanların inkişafına xərclənir, bunun nəticəsində də infrastrukturun qurulmasına kömək edən sahələrin də hesabına gəlirlər daxil olur. Beləliklə də turizmin bu dolayı təsiri vasitəsilə digər iqtisadiyyat sahələri də inkişaf edir və beləcə ölkənin inkişaf dinamikasında əhəmiyyətli artım müşahidə olunur.
XX əsrin fenomeni adlandırılan turizm, həmçinin çox geniş sosial məzmunlu bir hadisədir. İstər ÜTT-nin sənədlərində istərsə də bu sahə üzrə məşhur mütəxəssislərin tədqiqatlarında turizm səfərlərinin məqsədləri və motivləri geniş izah olunmuşdur. Eyni zamanda onu da qeyd etmək olar ki, insanların onlar üçün adiləşmiş mühitdən kənara istənilən dinc məqsədli səfərləri turizm səyahəti kimi göstərilə bilər. Onu da qeyd etmək lazımdır ki, istənilən bir yerə xoş niyyətlə səyahət edən şəxs eyni münasibəti onu qarşılayan tərəfdən də gözləyir. Başqa cür desək, turizm səfərləri turizm təşkilatçıları tərəfindən qonaqpərvərliklə müşahidə olunmalıdır. Çünki beynəlxalq turizmdə açar mövqe tutan qonaqpərvərlik elə bir amildir ki, onun dövlət tənzimləməsi yolu ilə artırılması və ya azaldılması mümkün deyildir. Bu səbəbdən də turizm məhsulunun qonaqpərvərlik elementlərinin müşayiəti ilə turistlərə təqdimi turizm sahibkarlarının qarşısında duran ən vacib məsələlərdəndir.
Turizmi inkişaf etdirmək üçün lazımi digər mühüm şərt isə turist qəbul edəcək ölkənin ümumi iqtisadi inkişaf səviyyəsidir. Bu zaman diqqətə alınan iki əsas məsələ vardır: turizmin ölkə iqtisadiyyatına təsiri və iqtisadiyyatın turizmə təsiri. Bu təsir mənfi və müsbət ola bilər. Ölkədəki iqtisadi vəziyyətin turizmin inkişafına müsbət təsir edən amilləri kimi əhalinin real gəlirlərinin artması, gəlirlərin daha ədalətli bölgüsü, milli valyutanın sabit kursu hesab olunur. Mənfi amillər isə iqtisadi böhran, işsizliyin artması, əmək haqqı səviyyəsinin azalması, valyuta kursunun qeyri-sabitliyi ola bilər.
Beləliklə, turizm bazarında sahibkarlar turizm marağına səbəb ola biləcək reseptlə çıxış edə bilmək üçün öz regional ərazi xüsusiyyətlərinə söykənən yeni ideyalar irəli sürməli və onu məqsədli bazarlarda reallaşdırmağa çalışmalıdır. Digər əsas məsələlər isə turun məzmununa uyğun əməkdaşların axtarılıb seçilməsi, kompleks xidmətlərin formalaşdırılması, turun test edilməsi və sınaq satışlarının həyata keçirilməsidir.
Bütün sahibkarlar üçün əsas məqsəd öz fəaliyyətindən maksimum mənfəət əldə etməkdir. Bu şərt turizmdə də özünü göstərməkdədir. Turizm sahibkarı öz fəaliyyətini genişləndirmək və mənfəətini maksimumlaşdırmaq üçün ümumi iqtisadi qanunlarla bərabər turizm bazarının spesifikasını, turməhsulun təklifinin xüsusiyyətlərini, turizm tələbini formalaşdıran amilləri, buradakı istehlakçı davranışlarını, turizm məhsuluna qarşı qoyulan tələbləri, turizm menecmentini, burada mütərəqqi texnika və texnologiyanın tətbiqini yaxşı bilməlidir.
Dünya təcrübəsində funksional turizm fəaliyyəti ilə məşğul olan sahibkarlar iki yerə – turoperator və turagentlərə ayrılırlar.
Dostları ilə paylaş: |