Liderlərin müxtəlif tipləri mövcuddur. Rəsmi və qeyri rəsmi liderlər.
1)Rəsmi lider rəhbərin özüdür. Rəsmi lider həm rəhbər, həm də lider məfhumunu özündə birləşdirir. O, özünün peşəsinə, vəzifəsinə, idarəetmə bacarığına görə rəhbərdir. Rəsmi lider işçiləri səfərbər etmək və arxasınca aparmaq qabiliyyətinə malik olan rəhbərdir. Rəsmi lider olmaq üçün inzibati və ictimai vəzifələrlə işgüzar və şəxsi keyfiyyətləri birləşdirmək lazımdır. İşgüzar və şəxsi keyfiyyətə malik rəhbər-işçi lider kimi çıxış etdikdə, kollektiv onu tanıyır və ətrafında birləşir.
Rəsmi lider özünün şəxsi nüfuzunu təmin etməli və şəxsi keyfiyyətləri ilə kollektivin diqqətini cəlb etməlidir. İşçilər rəhbərin peşə keyfiyyətlərinə həmişə diqqət yetirir və onu qiymətləndirirlər. Bu o deməkdir ki, rəhbərin təşkilatçılıq, işgüzarlıq, peşəkarlıq və ünsiyyətə girmək qabiliyyəti onun rəsmi rəhbər statusuna liderlik statusunu da əlavə edir.
Bəzən kollektivin rəhbəri liderliyi ələ ala bilmir. Yəni rəhbərlə yanaşı idarəçilik fəaliyyətində ümumi işlərin həllinə müdaxilə və ya təsir etməyi bacaran şəxslər də ola bilir. Bu zaman həmin şəxslərin timsalında kollektivdə yeni liderlər formalaşırlar. Bu cür liderlər qeyri-rəsmi liderlər hesab edilirlər.
Qeyri-rəsmi liderin idarəçilik funksiyaları məhdud olur. Onların mühitlə münasibəti yalnız qrupdaxili münasibətlərdən ibarətdir. Qeyri-rəsmi liderlər pozitiv və neqativ ola bilərlər.
Pozitiv qeyri-rəsmi liderlər təşkilatçı və əlaqələndirici rolunu oynayırlar. Onlar rəhbərlərin güzgüsüdürlər. Təşkilatda vəziyyəti düzgün qiymətləndirir, problemin həllini öz komandasının iştirakı ilə rəhbərliklə işgüzar münasibətlər formasında çözməyə çalışırlar.
Neqativ qeyri-rəsmi liderlər isə kollektivdə pozucu xarakteri ilə fərqlənirlər. Onların məqsədi problemləri həll etmək deyil, nəyin bahasına olursa olsun, hakimiyyətə gəlməkdir.
Rəsmi və qeyri–rəsmi liderlərin arasında düzgün münasibətlərin formalaşması idarəetmə fəaliyyətində sağlam sosial münasibətlərin mənbəyidir. Rəsmi liderlər əgər qeyri–rəsmi liderləri dinləmədən, onlara qarşı daim təzyiqlər göstərərək müəyyən ziddiyyətlər yaradırsa, bu halda konflikt daha da dərinləşə bilər. Rəhbərlər qeyri-rəsmi liderləri öyrənməli, onların istəkləri ilə maraqlanmalı, məsələnin həllinin optimal variantlarını seçməlidirlər. Əgər qeyri-rəsmi liderlərin fikri neqativdirsə, yəni o, heç bir razılığa gəlmirsə, bu halda rəhbərlər problemin həlli üçün qanunla nəzərdə tutulmuş tədbirlər görməlidirlər.
Dostları ilə paylaş: |