Mədəniyyətin fəlsəfəsi. Hansı növə aid olmasından asılı olmayaraq insan fəaliyyəti son anda da maddi, ya da mənəvi dəyərlərin istehsalına gətirir. Fəaliyyətin bu sahəsi həyata keçmə üsuluna, nətiçələrinə və içtimai məqsədlərinə görə bir-birindən fərqlənirlər. Maddi və mənəvi dəyərlərin məcmusu, eyni zamanda onların yaranması vasitələri, bəşəriyyətin gələcək tərəqqisi naminə onlardan istifadə etmək bacarığı, onları nəsildən-nəsilə vermək – məhz bunlar mədəniyyəti təşkil edir. Təbiətə, yəni əl dəyməmiş təbiətə qarşı duran nə varsa mədəniyyətə, insan əməyi ilə becərilənə və yaradılana aiddir. Maddi və mənəvi mədəniyyəti fərqləndirmək qəbul olunmuşdur.
Mənəvi mədəniyyətə elm və onun nailiyyətlərinin istehsala və məişətə tətbiq edilməsi səviyyəsi, əhalinin təhsil səviyyəsi, maarifin, tibbi xidmətin, incəsənətin, cəmiyyətdə adamların davranışındakı əxlaq normalarının, məntiqi təfəkkürə və dil zənginliyinə malik olmaq vəziyyətləri, adamların maddi və mənəvi təlabatları və maraqları aiddir. Mənəvi mədəniyyəti əsasını təşkil edən dindir. Mənəvi mədəniyyət “şeylər” formasında: kitab, şəkil, kino, arxitektur tikintilər, heykəllər və s. yığılır. Bütün bunlar müasir nəsillə yaşayır və əməkdaşlıq edir və mədəniyyət adlanır və yalnız canlı əqllə münasibətdə onun zənginliyi, insanların mənəvi xəzinələri olması aydın olur. Beləliklə, mədəniyyət bəşəriyyətin həm maddi, həm də mənəvi istehsal sahəsində əldə etdiyi bütün nailiyyətləri əhatə edir. Ona yalnız əməyin məzmunu, onun məhsulları deyil, bilik deyil, həm də vərdişlər daxildir ki, bunlara yiyələnməklə insan praktiki və nəzəri vəzifələri yerinə yetirə bilir. Mədəniyyətin inkişafının başlanğıc forması və ilkin mənbəyi insan əməyi, onun həyata keçirilməsi vasitələri və nəticələrdir. Mədəniyyət aləmi bəşəriyyətin əvvəlki nəslinin reallaşmış təfəkkürü, iradə və hissi kimi ayrıca adamın şüurundan asılı olmadan yaranmışdır.
Dəyərlər ideyasına da toxunmaq məqsədəuyğundur. Mədəniyyət - maddi və mənəvi dəyərlərdir. Dəyər deyərkən maddi və mənəvi reallığın bu və ya digər obyekti, onların insan və bəşəriyyət üçün müsbət və ya mənfi əhəmiyyətinin işıqlandırılması nəzərdə tutulur. Adətlər, din, incəsənət və ümumiyyətlə “mədəniyyət işığı” ilə işıqlandırılan şeylər və hadisələrin yalnız insan və cəmiyyət üçün xüsusi mənası var. Sakitlik, gün batan cağı, dan yeri, aylı gecədə təklikdə və ya günəşin düşdüyü yarpaqları seyr etmək bizi ruhlandırır. Bütün bunlar nə isə yüksək və təntənəli qəbul olunur və yaşanır. Başqa sözlə desək, real faktlar, hadisələr, xassələr bizim tərəfimizdən yalnız qəbul edilib, dərk olunmur, həm də qiymətləndirilir, bizdə iştirak hissi, zövq almaq, sevmək və ya nifrət etmək hissləri oyadır. Bu mümkün və qeyri-mümkün ləzzət və nifrət zövqü: yaxşı, gözəl, əla, nəzakətli, ədəbli, incə, zərif, xeyirxah, əzəmətli, yüksək, məhrəmlik, ülvi, müqəddəs və s. – təşkil edir. Bu və ya digər şey bizim gözümüzdə yalnız öz obyektiv xassələrinə görə deyil, həm də bizim ona münasibətimizə görə müəyyən dəyərə malikdir. “O mənə ona görə əziz deyil ki, yaxşıdır, yaxşıdır ona görə də əzizdir” - fikri təsadüfü deyilməmişdir. Beləliklə, demək olar ki, dəyər-subyektiv-obyektiv reallıqdır. Zövqlə bağlı mübahisə etmək olmaz desələr də, əslində hər kəs öz zövqünün üstün olduğunu qorumaq uğrunda mübahisə edir.
Məlumdur ki, “mədəniyyət” və “sivilizasiya” sözlərinin mənası ətrafında mübahisə gedir, çox vaxt bu çox kəskin xarakter alır və çox az halda kimsə bu sözləri qarışdırır; bu sözlərin konteksti eynidir, bəzən onları sinonim kimi işlətmək də düzdür: onlar bir-biri ilə sıx bağlıdır. Lakin onlar arasında oxşarlıqla yanaşı fərq də var və bəzən bu fərq çox kəskin düşmənçilik səviyyəsində əkslik formasında özünü göstərir. Doğrudan da: çox incə dil duyumuna malik olan elə bir adam olmaz ki, məsələn, Şekspirin, Nizaminin, Fizulinin yaradıçılığını sivilizasiya fenomeninə, atom bombası və başqa insanları məhv edən vasitələri ilə mədəniyyət fenomeninə aid etsin- əslində hər ikisi – insan əqlinin və əlinin məhsuludur. Mədəniyyəti sivilizasiyadan ilk dəfə İ.Kant fərqləndirmiş və bu problemləri aydınlaşdırmışdır. Əvvəllər mədəniyyət deyərkən, təbiətdən fərqli olaraq, insanın yaratdığı hər şeyi aid edirlər. Məsələn, Herder məsələni məhz bu cür qoyurdu, lakin artıq onda aydın idi ki, insan öz yaradıcılığında pis və hətta çox pis işlərdə görür. Sonralar mədəniyyətə ideal fəaliyyət göstərən sistem və peşəkar bacarıq kimi baxdılar, lakin nəzərə alınmadı ki, çox böyük peşəkarlıqla, yəni bacarıqla adam öldürmək olar, lakin heç kəs bunu mədəniyyət fenomeni etməyəcəkdir. Məhz Kant bu məsələni çox dahiyanə həll etdi. O, mədəniyyət deyərkən yalnız onu nəzərdə tutdu ki, o insanların xeyrinə xidmət edir və mahiyyətcə humanistdir: humanizmdən və mənəvidən kənar həqiqi mədəniyyət yoxdur.
“Kütləvi mədəniyyət” ifadəsi adətən etinasızlıq hissi ilə işlədilir, lakin bu anlayış müsbət mənada da işlədilə bilər: mədəniyyətə milyonlarla adam can atır. “Kütləvi mədəniyyət”in pis mənada işlədilməsi onunla bağlıdır ki, heç də çox vaxt kütləyə əsl mədəniyyət səviyyəsinə qalxmağa imkan verilmir, əksinə “mədəniyyətin” özü əhalinin geridə qalmış təbəqəsinin sadə zövqünə uyaraq aşağı düşür, əsl tərbiyə görənləri təəccübləndirən bu səviyyəyə enir; əhalinin yüksək təhsilli və tərbiyəli hissəsinə nə isə quru bir şey sarımaq gülüncdür.
Müasir mənəvi vəziyyətin xarakterik xüsusiyyəti onun dərin ziddiyyətliliyindədir. Bir tərəfdən onda yaxşı həyata ümid var, bu da müəyyən mənada ruh yüksəkliyi yaradır. Digər tərəfdən isə, o böyük həyəcan və ehtiyatlılığa səbəb olur, belə ki, ayrıca bir adam təklikdə qalır, informasiya dənizində baş verən böyük işlərin qarşısında çaşır, qorunmaq təminatını itirir.
Müasir mənəvi həyatın ziddiyyətliliyinin hiss olunması elmdə, texnikada, təbabətdə parlaq qələbələr əldə etdikcə, maliyyə qüdrəti artdıqca, adamların rahatlığı və yaşayış səviyyəsi yüksəldikcə daha çox duyulur. Aydınlaşdı ki, elmin, texnikanın və tibbin nailiyyətləri insanın rifahı üçün yox, onun pisliyinə də istifadə oluna bilər. Pul, rahatlıq naminə bir qrup adamlar qəddarcasına başqalarını məhv edə bilərlər.