Cəmil Teymur oğlu Əhmədli təşəbbüsü və rəhbərliyi ilə 1969-cu ildə Azərbaycanda ilk sosioloji laboratoriya yaradılmışdır. Laboratoriyanın əməkdaşları 10-a yaxın aktual mövzu üzrə tədqiqat aparmış, 100-dən çox kitab, elmi məqalə çap etdirmiş, 10-dan çox beynəlxalq konfransların təşkilatçıları, iştirakçıları olmuşlar, laboratoriya işçilərindən 6 nəfər namizədlik dissertasiyasını və onlardan 3 nəfəri doktorluq dissertasiyasını müdafiə etmişdir. C.Əhmədli 16 monoqrafiyanın, 400-dən artıq məqalənin müəllifidir-idrak nəzəriyyəsi problemləri, fəlsəfi kateqoriyalar və prinsiplər problemi, müasir təbiətşünaslığın fəlsəfi problemləri, Elmi-texniki inqilabın mahiyyəti və sosial nəticələri problemi istiqamətlərində elmi fəaliyyət göstərmiş, “Azərbaycan Sovet Ensiklopediyası”nda 54 məqalənin müəllifidir.
Azərbaycan filosofu Səlahəddin Sədrəddin oğlu Xəlilov
“Elmi-texniki tərəqqinin məntiqi-qnoseoloji tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, ADPU-nun fəlsəfə kafedrasının professoru və müdiri vəzifəsinə seçilmişdir. 1991-ci ildə Azərbaycanda özəl təhsil sisteminin əsasını qoymuş, ilk ingilisdilli özəl gimnaziyanı, humanitar liseyi və ilk özəl universitetlərdən biri olan Azərbaycan Universitetini təsis etmiş, onun rektoru olmuşdur. 1994-cü ildə Şərq-Qərb Tədqiqat Mərkəzinin əsasını qoymuş, 1997-ci ildə “İpək Yolu” beynəlxalq elmi və ictimai-siyasi jurnalını təsis etmiş, 2002-ci ildə Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının (AFSEA) İdarə Heyətinin sədri seçilmişdir.
Azərbaycanın filosoflarından biri olan Zümrüd Əliqulu qızı Quluzadənin namizədlik dissertasiyası antoqonist cəmiyyətdə üstqurumun rolu, doktorluq mövzusu isə Azərbaycan məkanında ən böyük fəlsəfi cərəyanlardan birinə-hürufiliyə və Azərbaycanda onun görkəmli nümayəndələrinə həsr olunmuşdur. Onun “Hürufilik və onun Azərbaycandakı nümayəndələri” kitabı hürufiliyin tarixi və fəlsəfəsini təhlil edən yeganə monoqrafik əsər hesab edilə bilər. Azərbaycan məkanında Qərb-Şərq problemi fəlsəfi aspektdə ilk dəfə Quluzadə tərəfindən “XIII-XVI əsrlər Şərq fəlsəfəsinin inkişaf qanunauyğunluqları və Qərb-Şərq problemləri” (rus dilində) monoqrafiyasında tədqiq olunmuşdur.