Tədqiqatın predmeti və obyekti. Yerinə yetirilən elmi-tədqiqat işinin predmeti xidmət sferasında investisiya fəaliyyətinin təhlili metodikasının işlənilib hazırlanması və təkmilləşdirilməsidir. Tədqiqat obyekti kimi xidmt sferası müəssisələrində daxili və xarici investisiya əməliyyatları və prosesləri götürülmüşdür.
Tədqiqatın nəzəri və metodoloji əsası. Dissertasiya işinin nəzəri və metodoloji bazasını Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, «Mühasibat uçotu haqqında» Qanunu, «İnvestisiya fəaliyyəti haqqında» Qanunu, Milli Mühasibat Uçotu Standartları, Maliyyə Hesabatının Beynəlxalq Standratları və digər normativ-hüquqi sənədlər təşkil edir. Bundan başqa, tədqiqatın nəzəri və metodoloji əsaslarında investisiyanın iqtisadi mahiyyəti və təsnifatı metodikasına dair Qərb ölkələrinin, eləcə də, MDB-nin aparıcı ölkələrindən olan Rusiya Federasiyasının və ölkəmizin iqtisadçı alimlərinin apardığı tədqiqatlar, onların elmi-praktiki nəticələri durur. Tədqiqatın aparılması zamanı mücərrəd məntiq, monoqrafik, təhlil, müqayisə və digər ümumiqtisadi-nəzəri metodlardan, həmçinin maliyyə təhlilinə aid spesifik metodlardan istifadə olunmuşdur.