İsgəndərin vəsiyyəti
İsgəndər bilirsiz də, yolda ölür. Deer, anama vəsiyyətim var. Ona deyin ki, mənim ehsanımdan dərdi olmayanlara paylasın. Gəlir İsgəndərin anası neçə illər kəndbəkənd gəzir, elbəel düşür ehsan boxcası da əlində. Nəhayət, bir şəhərə gəlib çıxır. Görür imarətdi, şah imarəti, çalmaq-oynamaq, yeyib içmək. Şah da oturub, xanımı da yanında. Deyir:
– Yəqin ki, bunun dərdi heç olmaz.
Nəsə, yol tapır buna.
Deer:
– Gedin şaha deyin ki, İsgəndərin anası gəlib sənnən gorüşmək istiyir. Şah qəbul eliyir.
Deer:
– Ana, buyur, İsgəndərin anası, bizim anamız.
Ana deer:
– Hal-gəziyyə belə-belə. İndi bu ehsannar sizindi. Mən belə başa düşürəm ki, sizin heç dərdiniz yoxdu. Şahzadə qımışır.
Deer:
– Ana bu mənim xanımımdı, görürsən də. Günnərin bi günü Allah buna elə bi dərd verdi ki, heç dünya təbabəti alimləri buna əlac eliyə bilmədilər. Bizim də əhd-peymanımız vardı ki, biz bir-birimizdən ayrı yaşamayacayıq. And içmişdik ki, sanki bir qəbirdə yatacıq.
Bütün təbibləri bunun üstünə gətirdik, mümkün olmadı. Üç gün vaxt qoydular ki, bu xanım dünyadan köçəcək. Deer, mən getdim o biri otaqda həkim gətirtdim, özümü xədim elətdirdim ki, sora evlənmiyim də. Əbədi bədbəxt olum də.
Səhərisi qıy düşdü ki, xanım ayılıb. Demə xanımı gürzə ilan vurub, ayılıb. Getdik təbib çağırdıq. Dedi:
– Biz bilirdik ki, bunun dərmanı gürzədir, amma hardan tapaydıq o ilanı ki, gəlsin bunu vursun ki, bu da sağalsın.
Gürzə çalannan sora xanım sağaldı. Bir müddət sora xanım mənə dedi ki, mənə yaşamaq lazımdı, ər lazımdı. İndi mənim bir qara qulum var ha, gündüzlər mənim yanımdadı, gecələr də xanımnan yatır.
Ana indi de görüm mənim dərdim betərdi ya İsgəndərin? Ana durur ayağa. Başa düşür ki, oğlu İsgəndər nə demək istəyib bunnan.
Ağıllı qız
Deyillər Şah Abbasın vəziri Allahverdi xan səfərə çıxır. Yolda bir şəxsə rast gəlir deyir:
– A kişi, yola körpü salaq.
Həmin şəxs deyir:
– Mən kasıb adamam, körpüyə pulum yoxdu.
Vəzir görür kişi avamdı. Bir az gedirlər. Görür ki, cənazə aparırlar, soruşur:
– A kişi, cənazədə aparılan adam ölüdü, ya diri?
Həmin şəxs deyir:
– Meyid ölü olar da.
Üçüncü dəfə bınnar gördülər ki, əkinci arabaya taxıl yükləyib aparır. Deyir:
– A kişi o, taxılı yeyib, ya yeyəcək?
Deyir:
– Aparır yeməyə.
Nə isə, vəzir görür ki, bu kişi heç bir şey anlamadı. Bu zaman vəzir dedi:
– Mən vəzir Allahverdi xanam. Əgər bu dediklərimi üç günə şərh eləməsən, səni cəzalandıracağam.
Kişi qəmgin gəlir evə. Onun bir qızı var imiş. Çox nəzakətli, ağıllı imiş. Deyir:
– Ay ata, nə olub, niyə qəmginsən?
Deyir:
– Bala, heç!
Qız görür ki, ata narahatçılığını ondan gizlədir, əl çəkmir, kişi əhvalatı şərh edir.
Qızı deyir:
– Ata, get vəzirə de ki, mənim bir qızım var, evimdədi, gəl, o, suallara cavab versin.
Vəzir gəlir. Qız atasına deyilənləri izah edir. Deyir, birinci, yola körpü salaq, yəni söhbət eləyək, başımız qarışsın. Onda yol tez başa catar. İkinci, əgər o cənazadəki xeyirxah insandırsa, ölsə də, əməli onu yaşadacaq, əksinə olsa, elə ölüdür ki, ölü! Üçüncü, əgər o əkinçi biçinə qədər borc edibsə, yeyib, eləmiyibsə, yeyəcək. Vəzir razı qalır.
Şah Abbasla vəziri
Şah Abbas vəziriynən çıxır bir gün ölkəsini gəzməyə. Görüm ölkədə nə var, nə yox, vəziyyət necədir? Gecə idi, bir az da vaxt keçmişdi, görür ki, hər tərəfdə işığlar sönüb, hamı yatıb. Şah Abbas vəzirnən xeylağ gəzdi, uzağdan gördi bi dənə evdə işığ yanır.
Deyir:
– Vəzir, gedəy ora.
Gəldilər gördülər məçiddi, 3 nəfər oturub, şam yandırıblar, oturublar.
Vəzir dedi:
– Əşi, gəzən adamlardılar, gəlib oturublar, çıxay gedəy.
Şah dedi:
– Yooo, vəzir, mən gərək biləm axı bılar bırda niyə oturub bı gecə vaxtı, kimdi axı bılar? Mənim ölkəmdə gəzillərsə, mən bilməliyəm kimdi bılar.
Girillər içəri.
– Salam əlöyküm.
– Əlöyküm salam. Olar?
– Gəlün.
Bılar da gəldilər, oturdular. Söybət bi tərəfə, o tərəfə, Şah Abbas dərviş paltarındadı, vəziri də.
Sual elədi. Yaxşı, siz kimsüz, gəlün tanış olağ. Olmuşuğ 5 nəfər sabayınnarı bir-birimizə rast gələndə biləy də sənin adun nədi, mənim adım nədi, nə işnən məşquluğ fılan. Tanış olağ.
Biri belə başdadı, dedi:
– Mənim bir xasiyyətim var, Allah tərəfindən mənə verilib. Bir adamı əgər bu gün görsəm, ömrümdən əgər 100 il keçsə, 100 ildən sora da onu görsəm, tanıyaram.
Bı dedi:
– Ədə, nə yaxşıdı bu.
İkincisi dedi:
– Nətər bağlı qıfıl olsa, baxsam, o qıfıl acılacaq.
Dedi:
– Bu da yaxşı.
Ücüncüsü dedi:
– Hansı həyətə getsəm, it hürsə, bilərəm ki, it nə danışır.
Dedi:
– Bəs sənin işin nədi?
Dedi:
– Mənim də iki dənə yaxşı xüsusiyyətim var. Sağ bığıma əlimi çəkdim xoşbəxtliydi, sol bığıma əlimi çəkdim, hə, orda dəhşət fəlakət baş verər.
Bəli, vaxt keçdi. Dedilər, uzanağ yatax. Bəli bıları yuxuya verdi, vəzir qarışığ çıxdılar gəldilər.
Dedi:
– Vəzir, tanıyırsan olar hansı məçiddə idi? At göndər, oları gətizdir.
Sübh çağı bılar oyanmamış, gəldilər məçidin qabağında bıları yaxaladılar. Bəli, indi aparıllar. İndi bir-birinnən bılar soruşullar, ədə, bizim bı iki nəfər hanı?
Dedilər:
– O iki nəfər deyəsən gedib də. Dilənçi idi, gediblər həlbət.
Nəisə, şah bıları yoxlamay isdədi. Özünü göstərmədi.
Gecə düşəndə vəzirə dedi:
– Geyin.
Özu də geyindi, bıları indi sınamay istiyir. Gəldilər indi bıra-ora, bıra-ora, hara gedəy?
Dedi:
– Adə, hansi xəzinədə çox pil olar, şahın xəzinəsində.
Dedi:
– Adə, yox.
Nəisə, şah bıları razı şaldı. Dedi, gedəy. Gəldilər həyətə, it hürdü.
İtin dilin bilən dedi:
– Adə, dayanun.
Dedi:
– Noolub?
Dedi:
– Ədə, o it deyir ki, hara gedirsüz, a bədbəxtdər, ev yiyəsi siznəndi.
Deer, əə, nə danışır, nə ev yiyəsi, kimdi bizdən ev yiyəsi? Bı şah belə eliyir ki, başdarını qatır bıların. Yenə bir az hərəkət elədilər, yenə it hürür.
Dedı:
– Əşi, it deyir ki, ev yiyəsi siznəndi.
Dedi:
– Ədə, o it gicəlib ee, sən də düz tapmırsan. Bəli, gəldilər şahın xəzinəsi qıfıllı, bı açara baxan bi dəfə baxdı, qıfıl açıldı. Şah gördü hə, bı da dediyi söz düz çıxır. Bəli, yığdilar hərəsi nə qədər bacardılar, çıxıb getdilər. Hələ şəhəri çıxmamış şah oları tutdurdu yenidən, çıxdı taxta. Bıları indi gətirillər, uzağdan bı kişi baxdı gördü, ədə, bı iki gecə biznən olan kişidi, bırda oturub, diqqətnən baxdı, iki gecə olublar axı birrikdə. Diqqətnən baxdı.
Şah soruşdu:
– Xeyir ola, nə işdi? Noolub?
Dedi:
– Heeeç, şah sağ olsun, soruşma, sənin kimi hiyləgərin toruna düşdüy bı gecə, bu günə gəlib çıxmışuy da. Şah baxdı ki, bı tanıdı. Çağırdı oları, dedi:
– Balam, sizi bi yerdə saxlamay olmaz, əyər bi yerdə saxlasam, hansı şəhərə getsöz, siz dağıdarsuz. Hərəsini bi istiqamətə göndərdi ki, gələcəkdə ölkəyə ziyan vurmasınlar.
Dostları ilə paylaş: |