Orta əsr İslam Şərqində
kamil insan problemi
Könül Bünyadzadə
Dövrün fəlsəfi mənzərəsi
Orta əsrlərdə İslam Şərqində fəlsəfi təfəkkürün formalaşması və istiqamətlənməsi bir neçə əhəmiyyətli faktorla sıx əlaqəli olmuşdur. Həmin dövrdə (IX əsrin əvvəlləri (830-cu il) Qədim Yunan filosoflarının (ilk növbədə Aristotelin) əsərləri tərcümə edilməklə yanaşı, onlara geniş şərhlər də yazılırdı. Dinin öz prinsiplərinə, demək olar ki, tamam yad bir hikmətlə qarşılaşması müxtəlif nəticələrə səbəb olurdu: bəziləri dini bu yeni baxışlardan müdafiə etməyə çalışır, bəziləri dini prinsiplərə fəlsəfi terminlərlə yeni münasibət bildirir, bir növ dini fəlsəfiləşdirir, bir başqaları da fəlsəfi prinsipləri dini aspektdən araşdırır, fəlsəfəni diniləşdirirdilər. Bu, eyni zamanda, hikmətin yalnız din xadimlərinin fəaliyyət sahəsi olmaqdan kənara çıxmasına və başqa elm sahələrinin (tibb, astronomiya, riyaziyyat və s.) də inkişaf etməsinə əlverişli şərait yaradırdı. S.Rzaquluzadə yazır: «Orta əsrlərdə monoteist dinlərin prinsiplərinin hakimiyyəti şüurlarda varlığın ideal və maddi kimi iki yerə bölünməsini dərinləşdirdi, göy və yer, Allah və təbiət, insan arasında barışmaz bir qütblülük yaratdı» (5, 50).
Deyilənlərə müvafiq olaraq İslam Şərqində fəlsəfi düşüncəni şərti olaraq 3 istiqamətə bölmək olar: ortodoksal dini təfəkkür, Yunan fəlsəfəsinin təsiri ilə təşəkkül tapmış fəlsəfi təfəkkür və irrasional (dini – mistik) təfəkkür. O da mütləq əlavə edilməlidir ki, hər üçü bir-birilə sıx əlaqəli şəkildədir və elə mütəfəkkirlər olmuşlar ki, onların hansı istiqamətə mənsub olması mübahisə doğura bilər.
Dostları ilə paylaş: |