MiLLİ Dİl korpuslari və onlarin formalaşmasi priNSİPLƏRİ



Yüklə 235,68 Kb.
səhifə22/41
tarix05.01.2022
ölçüsü235,68 Kb.
#111770
1   ...   18   19   20   21   22   23   24   25   ...   41
II mərhələ – dirçəliş və ondan sonrakı dövr adlandırılır. İngilis dilinə dramaturqların, Şekspirin dili təsir etmiş və onu zənginləşdirmişdir.

III mərhələ – ikinci minilliyin sonu, yeni minilliyin başlanğıcını əhatə edir. 60-cı illərdən başlayaraq ingilis dilinin yayılması başlamışdır” [61, s.104].

İngilis dili dünyanın 75 ölkəsində istifadə olunur, 19 ölkədə dövlət dili hesab olunur. 100-dən artıq ölkədə ingilis dili xarici dil kimi keçilir. XIX əsrdə Böyük Britaniyanın aparıcı ticarət ölkəsi olması, XX əsrdə isə ABŞ-ın iqtisadi gücü ingilis dilinin bütün dünyaya yayılmasını sürətləndirdi [35, s.202].

İngilis dili müasir dünyada beynəlxalq dildir. Son 10 ildə ingilis dili beynəlxalq ünsiyyət vasitəsinə çevrilmiş və “qlobal dil” adını almışdır. İngilis dili Böyük Britaniyanın rəsmi dilidir, bu dili əksər britaniyalılar başa düşür, bu dildə danışır. Lakin Uelsin şimal və mərkəzində əhalinin bir hissəsi uels dilində, Şotlandiyanın qərbində əhali şotland dilində, şimali İrlandiyada isə irland dilində danışırlar. Böyük Britaniyanın 4 tərəfində danışılan ingilis dilinin öz xüsusiyyətləri və fərqli cəhətləri var. Böyük Britaniyada regional və sosial variantlılığa olan münasibət şimal və cənub arasındakı aksent və dialektlərdən asılıdır. Standart ingilis dili cənub dialekti əsasında qurulub. Əsasən, London və onun ətraf bölgələrinin dialektlərini nəzərdə tutur. “Şimal bölgələrə aid dialektlər cənublulara görə daha çətin və geridəqalmış sayılır, aşağı səviyyəli insanların dili kimi qəbul edilirdi” [70, s.114].

Britaniya ingiliscəsi ənənəvi olaraq leksik və qrammatik xüsusiyyətlərinə görə standart ingilis dili adlanır. London ərazisində yaşayan əhalinin əsasən yuxarı təbəqəsi standart ingilis dilində danışır. Fonetik nöqteyi-nəzərdən Sakson elementi ilə qarışığı olan Londonun aşağı təbəqəsi Kokni dialektindən istifadə edir. Bu dialekt İngiltərənin ən təmiz sosial məhəlli dialekti sayılır. II Dünya müharibəsindən əvvəl standart ingilis dilini yaxşı bilməyən britaniyalılar bir çox iş yerlərinə götürülmürdü. İngilis dili öyrədilən bütün müəssisələrdə, məktəblərdə, universitetlərdə standart ingilis dili tədris edilirdi. Müharibədən sonrakı dövrdə urbanizasiya zamanı təhsillə əlaqədar standart ingilis dilinin dialektlərə güclü təsiri artmağa başladı [117, s.13-15].

V. A. Pazeld və başqaları sosiolinqvistik aspektdə çap etdirdikləri məqalələrində xalq kütlələrinin, əsasən qara dərili əhalinin ingiliscəsini təsvir etmişlər. Böyük Britaniyada sosial dialektlərdən danışarkən həmişə aşağı təbəqə, yaxud, yuxarı təbəqənin danışdığı ingiliscədən bəhs olunur. S.K.Alan aşağı və yuxarı təbəqənin ingiliscəsinə həsr olunmuş məqaləsində həmin təbəqələrin dil xüsusiyyətlərini əks etdirən sözlərin uzun bir siyahısını vermişdir. Məsələn, verilmiş sualı eşitmədikdə aşağı təbəqə “pardon?” (üzr istəyirəm), yuxarı təbəqə isə “sorry?” sualından istifadə edir. Aşağı və yuxarı təbəqələr bir-birindən nitqi, stol arxasında özünü necə aparmaq mədəniyyəti ilə də fərqlənir. Sosial nöqteyi-nəzərindən fərqlərə diqqət verilməsi tələb olunurdu. XVII-XIX əsrlərdə kokni dialekti London ərazisindən kənara yayılmağa başladı. Beləliklə, kokni dialekti öz məhəlli xüsusiyyətini dəyişdi. Bu dövrdə standart Britaniya ingiliscəsini xalqın bütün təbəqələri qəbul etdi. Yuxarı təbəqənin adamları aşağı təbəqədən olanların tələffüzünə hər yerdə irad tutmağa başladılar. Britaniyada indi də tələffüzə böyük əhəmiyyət verilir [8, s.25].

Dialektlər bir-birlərindən fonetik, qrammatik və leksik baxımdan fərqlənir. Hər bir dialekt bu və ya digər dil kollektivi daxilində yaranır.

Sosial dialektlər bu və ya digər sosial təbəqənin və insan qrupunun istifadə etdiyi dil variantıdır. M. Makovskiy sosial dialektləri funksional və strukturca fərqli növlərə ayırır: “1) professional dialektlər – bir sənət və ya eyni iş ətrafında toplaşan insanların dil variantıdır; 2) jarqon (arqo) – adətən şifahi dildə işlənən və gizli informasiya ötürmək məqsədilə müəyyən sosial təbəqənin istifadə etdiyi dil vasitələri variantlarıdır. Adətən, gizli dil kimi istifadə olunur. Məsələn: “spug” - pis adam (əclaf), “bag” - süd, “beggar” - şəkər və s”. İngilis dilində fərqli jarqonlar mövcuddur: a) back slang - “boy” əvəzinə “yob”; b) centre slang- “milk” əvəzinə “ilkem”; 3) Sosial dialektlərin içərisində əsas yerlərdən birini slenqlər tutur. Slenq danışıq zamanı nitqi fərqləndirmək, müasirləşdirmək üçün əlavə sözlərin istifadəsini nəzərdə tutur [70].

İngilis tədqiqatçısı E. Partric slenqi yalnız danışıq dilində istifadə olunan və əbədi dildə olmayan dialekt növünə aid edir. Ümumiyyətlə, onun fikrincə, “Slenq klişelərdən uzaq olmaq məqsədilə, danışıqda fərqlilik, yenilik yaratmaq məqsədilə istifadə olunur” [129, s.35]. “İngilis dilinin böyük Oksford lüğəti”ndə slenq standart dildən səviyyəcə aşağı və tamamilə danışıq dili kimi verilmişdir [128, s.171].

Bəzi dilçilər slenqi vulqar dil kimi təsvir edir. Amerikan dilçi S.İ.Xayakava isə slenqi həyatın bir xüsusiyyəti kimi, dilin yeniliyi və inkişafı kimi təsvir edir. O, slenqi “gündəlik həyatın poeziyası” adlandırır [72, s.12].

Slenq sözünün tarixinə nəzər salsaq görərik ki, fərqli dilçilər onun yaranmasına müxtəlif mövqelərdən yanaşırlar. J.Xotten bu sözün siqan dilində “slang”- dil mənasını verdiyini fərz edir. Q.Uayld, E.Uikli və V.Skit bu sözün skandinaviya mənşəli olduğunu irəli sürür. E.Partric bu sözün “to sling” (sapandlamaq) felinin keçmiş zaman formasından yarandığını qeyd edir.

Slenq sözlər onları standart ədəbi dilin lüğəti ilə qarşılaşdıran zaman müəyyən edilir. Bu sözlər müəyyən mövzuda istifadə olunan sözlərə yeni adlar qoymaq məqsədilə yaranan ironik və daha ifadəli sözlərdir. Bəzən onlar çox vulqar səslənə bilir. Məsələn, “money” sözünün “beans, brass, dibs” və s. kimi slenq variantları vardır. Slenqlərin yaranması və onların tarixi uzun illər mübahisə doğuran məsələlərdən olmuşdur [25, s.235-237]. Bir çox müəlliflər dəfələrlə qeyd etmişlər ki, slenq nitqdə istifadə olunduğu bir müddətdən sonra insanlar ona o qədər öyrəşirlər ki, onlar dilin lüğət fonduna daxil olur. Məsələn, “chap, donkey, fun, humburq, odd” və s bu kimi slenqlər indi ingilis dilinin lüğətində yer almışdır [104, s.249].

İngilis slenqlərini araşdırmış E.Partric dəblə geyinən bir insana aid olan və müxtəlif vaxtlarda istifadə olunan slenqlərin nümunələrini vermişdir: “blood (1550-1660), macaroni (1760), buck (1720-1840), dandy (1820)” və s [129, s.349].

Dilçilər slenqləri 2 növə ayırırlar: ümumi və xüsusi slenqlər. Ümumi slenqlər hər hansısa bir sosial və ya professional qrupa aid olmayan sözləri özündə cəmləşdirir. Xüsusi slenqlər isə özündə yeniyetmə slenqi, universitet slenqi, futbol slenqi və s cəmləşdirir [129, s.250].

İngilis dilinin dialektlərində işlənən slenqlər də vardır: “Bat”- sürət (hərəkət sürəti). Bu slenqə Yorkşir, Lankaşir, Darem və Kamberlenddə rast gəlinir. Məsələn: “Doon’t ye goo a sooch a bat, yeen’t walkin’ for a weeger” [106, s.181].

Bone” - dilənmək; “He’ll bone thun wol than pays him ivvry awpny” Bu slenq əsasən Yorkşir və Çeşirdə yayılıb [106, s.336].

Bunch” - işdən çıxmaq (tərk etmək). Bəzi dialektlərdə tələsmək mənasında işlənir; “As the geese bunched up Peggy blazed intu’em; Now then, bunch quickly” [106, s.444].

Cob, Cop”- oğurlamaq; “I was taken by two pals to an orchard to cop some fruit” [106, s.726]. “Lummy”- birinci dərəcəli; “A lummy lick.” Bu slenq əsasən Yorkşirdə istifadə olunur [106, s. 690]. “Map”- üz, sifət; “Our John has gotten his map done” [106, s.33]. “Spud”- kartof; “I’m going to dig some spuds” Əsasən Oksford və Lankaşirdə istifadə olunur [106, s.696].

Müasir Britaniya ingiliscəsinin hər bir dialektində slenqlərdən istifadə olunur. Onlar müxtəlif leksik və fonetik proseslərin təsiri nəticəsində dildə yaranır. Məsələn, Londonun fərqli rayonlarında aşağıdakı kokni slenqlərinə rast gəlmək olar: “Apple pie- sky; Baked potatah- see you later; Mickey Mouse- house; Ar kid- younger brother; Gob – mouth; Avya – have you” [81, s.4].

Mankunian dialekti (Mançesterdə istifadə olunan dialekt) daha çox fərqliliyi ilə seçilir: “Belt up- be quiet; Bobbins- rubbish; Brass-money; Earing- to listen; Jack it in- stop it; Yonks - a long time” [81, s.5].

Dilin inkişafı nəticəsində bəzi dialektlərdə slenqlər qorunub qalmışdır. Dilin ilk yaranma dövrlərində rast gəlinən bir sıra leksemlər bugünkü günə qədər bəzi dialektlərdə işlənməkdədir.

Jarqonlardan fərqli olaraq slenqlər aid olduqları dialektlərin müəyyən qrammatik və fonetik xüsusiyyətlərini özlərində daşıyır. Hər hansı bir dildə tək slenqlərlə danışmaq qeyri-mümkündür. Slenq ədəbi dildə digər sözlər və ifadələrlə birlikdə işlənə bilir. Araşdırmaların nəticəsinə görə, üslubi cəhətdən neytral olan bir çox sözlər (əsasən ingilis dilində) metafor və digər üslubi fiqurlar sayəsində yaranmışdır. Bundan savayı, nitqdə neytral işlənən hər hansısa bir söz dilin erkən inkişaf mərhələsində bir neçə dəfə məna dəyişikliyinə uğramışdır. Metafor kimi qəbul olunan söz sonradan omonim kimi anlaşılmışdır [71, s.128].

Slenq hesab olunan “jug” (həbsxana) sözünün “jug” (kasa) sözü ilə heç bir əlaqəsi yoxdur. Bu söz fransız mənşəli olub “joug” sözündən meydana gəlmişdir. “Cheese” (dəbli) sözünün ingilis “cheese” (pendir) sözü ilə əlaqəsi yoxdur. O, urdu dilindən- “chiz” sözündən götürülmüşdür [72, s.20].

Slenq sayılan “kick” (dəb) - “He is in high kick”- ingilis “kick” (təpik vurmaq) sözü ilə əlaqəli deyil. Bu söz şotland dilində yenilik deməkdir [72, s.20].

Başqa bir nümunəyə nəzər salaq: “Yellow” (qısqanclıq) slenqinin ingilis “yellow” (sarı) sözü ilə əlaqəsi yoxdur. Bu söz fransız mənşəli “jaloux” və yunan mənşəli “dzelos” sözündən yaranmışdır [72, s.20].

Game” (əyri) – “a game leg, a game finger”- slenqinin “game” (oyun) sözü ilə bağlılığı yoxdur. Bu söz irland dilində “cam” (əyri) deməkdir [72, s.21].

Tommy” (yemək) slenqinin Thomas adı ilə heç bir bağlılığı yoxdur. İrland dilində- “tio mallaim”- mən yeyirəm deməkdir [72, s.21].

İngilis dilçisi J.X.Maknayta görə: “Əksər latın mənşəli sözlər müasir ingilis ədəbiyyatında neytral təqdim olunur. Onlar metaforlaşma nəticəsində mənalarına görə, ingilis slenqlərinə uyğun gəlirlər. Məsələn: apprehend= to catch on, impose= to put over on, fool= wind bag blow hard, precocious = half baked və s” [123, s.45]. Qeyd olunan fikirlər və nümunələrdən sonra bu nəticəyə gəlmək olar ki, slenq- tarixən ingilis dilinin regional dialektləri əsasında formalaşan və əsasən danışıq dilində istifadə olunan sözdür [72, s.23].

İngilis dilində mövcud olan slenqlərin əsas leksik tərkibi uzaq keçmişləri ilə seçilir. Müasir slenqlərin əksəri ədəbi dilin yaranmasından xeyli əvvəl mövcud olmuşdur. Sosial dialektlərlə yanaşı işlənərək və onlarla sıx əlaqəli istifadə olunaraq slenq müəyyən sosial təbəqənin (məsələn gənclərin) dil sistemi kimi fəaliyyət göstərir. “Dilin digər yarusları kimi, slenq də daim inkişaf edir və yeni mənalı sözlərlə zənginləşir” [72, s.23].

Onu da qeyd etmək lazımdır ki, ingilis dilinə Amerikanın regional dialektlərindən keçən amerikan elementləri qeyri-sabitliyi ilə seçilir. Bir qayda olaraq onlar müəyyən vaxtdan sonra istifadədən çıxır. S. Beykerin söylədiklərinə əsasən, “İngilis dilinin Avstraliya variantında slenqlərin əksəriyyəti variantlardan alınmadır. Onların yalnız 40 %-i Avstraliya slenq lüğətinə aiddir. Qalan 35%-i Kokni sözləri, 25%-i amerikanizmlərdir” [96, s.288].

Leary” amerikan slenqi xarab, köhnə mənasını verir. Avstraliya variantında isə bu söz zövqsüz, vulqar mənasını verir. İngilis dialektində bu slenq aşağıdakı məna ilə açıqlanır: “To sneak about with a shy and silly expression, as if afraid to look one’s neighbor in the face” [106, s.567].

Bəzən dialektlərdə elə sözlərə rast gəlirik ki, onlar heç bir lüğətdə və ya heç bir ədəbiyyatda işlənmir, əvəzində ayrı-ayrı regionlarda danışıq dilində bu slenqlərə rast gəlmək olur. Bəzən isə onlar lüğətlərdə qeyd şəklində verilir, “US slang”, “Aust slang”, “Canadian slang” kimi qeydlər verilir. Məsələn, “bail” sözünün 2 mənası göstərilir: 1) qulp (çaynik, fonar); 2) işdən yayınmaq, kimdənsə qaçmaq.

Bu slenq XVII əsrdə şimalı Amerikada işlədilmiş, hələ də İngiltərənin şimal bölgəsində (əsasən Yorkşirdə) geniş istifadə olunur [106, s.132].

Cobber” sözü – “to cob” (sevmək, bağlılıq hiss etmək) Avstraliya slenqi kimi dost mənasını verir. ABŞ ingiliscəsinə keçmişdir. Amerikan variantında bu sözün istifadəsi xeyli mədudlaşmışdır [106, s.675].

To glem” (oğurlamaq) sözü Q.Uentvorta görə amerikan slenqinə amerikan yerli dialektlərindən (Nebraska, Konnektikut) keçmişdir. Müasir Amerika ingiliscəsində ən çox yayılmış və ən çox istifadə olunan sözlərdəndir. İngilis variantında “to glaum” sözü ilə eyni məna kəsb edir. “Graft” – iş (Avstraliya slenqi), rüşvət (Amerika slenqi) müasir ingilis dialektlərində anoloji məna ilə əsasən Yorkşirdə işlənir: “Well, I’ve got some graft to do now” [106, s.702].

To mog” sözü (hərəkət etmək) hazırda həm Amerika ingiliscəsinin, həm də ingilis dilinin regional dialektləri üçün xarakterikdir (Yorkşir, Darbşir, Lankaşir). Məsələn, “Now, mog off fur the cows or they gonna be out o’the foud by six” [106, s.142].

Yegg” sözü (qatil) Amerika ingiliscəsində geniş istifadə olunur. Avstraliyada isə bu söz işsiz, bekar deməkdir. “Oh, he is a yegg, muching about all the time” [106, s.568].

ABŞ-da hələ də klassik ingilis dilinə aid olan sözlər işlənməkdədir. Məsələn, “dimber”,“shoat” və s. Amerika ingiliscəsinin digər slenq variantlarından fərqi onun daim dəyişməsi və dialektlərdən qaynaqlanmasıdır. Amerika ingiliscəsində ingilis dialektlərindən fərqli sözlər və ya onların ünsürlərinin tədricən slenqlərə çevrilməsi prosesi müşahidə olunur. Məhz buna əsasən Amerikan dialektlərinin ayrı-ayrı elementlərinin müəyyən bir vaxta qədər slenqlərə keçməsi faktını izah etmək olar. Ümumi ingilis dili standartı digər regional dil standartları ilə (Amerika, Avstraliya və s) uyğun gəlmir. Amerika ingilis dilinin standartına uyğun gələn elementlər İngiltərə ingilis dili üçün slenq sayıla bilər və ya əksinə, İngiltərə ingilis dilinin slenq elementləri ABŞ, Kanada, Avstraliyanın dil standartlarının ayrılmaz bir hissəsi ola bilər [72, s.36].

Amerikada işlənən slenqlərin “Slang Origins” siyahısından savayı, ingilis dilinə məxsus slenqlərin heç bir lüğəti və araşdırması mövcüd deyildir. Dilçilikdə elə sözlər var ki, onlar “back slang” (sözlərin tərs oxunuşu) nəticəsində yaranmışlar. Məsələn, “job” (iş) sözü əvvəllər slenq hesab olunur və “boie, boge” kimi istifadə olunurdu, “pot” (aldatmaq) – “top, dab” (oğurlamaq) sözündən, “game” – “maq” sözündən, “guy” (oğlan) – “yuck”(dost, oğlan) sözündən meydana gəlmişlər [135, s.136] .

Araşdırmalar sübut edir ki, ədəbi standartın leksemləri ilə ilk baxışda uyğun gələn slenqlər, əslində, omonim sayılır. Məsələn: 1) ingilis dilində slenq sayılan “bear” (əla) sözünün leksem “bear” (ayı) ilə heç bir əlaqəsi yoxdur. Bu sözün kökünü araşdırmaq üçün onun hind-avropa omonimini “bher” (parlaq) araşdırmaq lazımdır [135, s.136]; 2) Amerikada slenq hesab olunan “pad” (ideal) ingilis ədəbiyyatında işlənən “pad” (yastıq) sözü ilə heç bir əlaqəsi yoxdur. Bu söz sanskritcə “bhadra” xoşbəxt, parlaq, inkişaf edən deməkdir [135, s.305].

Şotlandiya və Uelsdə ingilis dili ilə yanaşı kelt mənşəli sözlər də istifadə olunur. Bu zaman dil assimilyasiyası meydana gəlir. Məsələn: “abune - above, aye - yes, ned - a criminal, tattie - potatoe, nif - a smell” və s.

Sosial variantlıqdan danışarkən uşaqlarla böyüklərin danışıq tərzinə də fikir vermək lazımdır. Çünki uşaqlarla danışan zaman biz onların yaş səviyyələrinə uyğun sözlər seçir və onların dilində danışmağa başlayırıq. Belə variantlıq və onların getdikcə artması sosiolinqvistlərə dilin perspektiv inkişafı, metod və texnologiyasını öyrənmək üçün informasiya toplamaq imkanı verir. Bunlara diqqət yetirmədən dil variantlığının mükəmməl tədqiqatından danışmaq olmaz [8, s.27].

Kokni dialektinin kökü İngiltərənin anqlo-saksonlar tərəfindən işğal olunma­sından əvvəlki dövrə təsadüf edir. Bu fakt bizə o dövrdə London ərazisində ən çox istifadə olunan başqa bir sosial məhəlli dialektin mövcud olmasını söyləməyə imkan verir.

Sosial dialektlər kimi regional dialektlər də dilin korpusunun formalaşmasında böyük rol oynayır. Böyük Britaniyada 5 əsas regional dialekt qrupu vardır: şimali, şərqi, mərkəzi, qərbi və cənubi. Hər bir dialekt qrupuna bir neçə dialekt daxildir [129, s.262]. Dialekt Böyük Britaniyanın yalnız hər bir qraflığında deyil, həmçinin, bir sıra iri şəhərlərində də mövcuddur. Ən çox tanınan şəhər dialekti London dialektidir. Bu kokni dialektinə əsaslanır. Ədəbi dil də bu dialekt üzrə yaranmışdır. Məhz ona görə də onun keçmişi və indisi haqda mühakimə yürütmək mümkündür. Kokni dialektinin çox zəngin və rəngarəng lüğəti vardır. Onun spesifik cəhətlərindən biri heç bir başqa dialektdə olmayan ritmik slenqlərə malik olmasıdır. Məsələn, “boots” əvəzinə “daisy roots”, “hat” əvəzinə “tit for tat”, “head” əvəzinə “loaf of bread” və s. Bundan başqa, Liverpul dialekti, Birminqam dialekti və s. vardır. Britaniyanın şimalında təxminən Mançesterdən Xala qədər olan məsafədə regional dialektlər daha çox hiss olunur. “Məşhur“Bitlz”qrupu sayəsində Liverpul aksenti bütün dünyada tanınmışdır. Dialekti burun samitləri və “kasıb” intonasiya ilə tanımaq mümkündür” [35, s.202].

Standart ingiliscənin göstərdiyi təzyiq və xarici immiqrantların ölkəyə gəlişi nəticəsində də dialektlər sıxışdırılmaqdadır. Əsasən kənd bölgələrində, yaşlı əhali arasında dialekt sözləri yaşamaqdadır. Məktəblərdə, radio və televiziyada standart ingilis dilinin təbligi dialekt sözləri sıxışdırmışdır. Onu da qeyd etmək lazımdır ki, dialektlərdə mövcud olan sözlər öz konservativliyi ilə seçılır. Standart ingiliscədə köhnəlmiş sayılan bir çox sözlər hələ də dialektlərdə qorunub saxlanmaqdadır [129, s.263].

Londonun təhsilli əhalisinin dili standart dil statusuna malikdir. Onun əsasını düzgün ingilis dili təşkil edir. Bu dil ən məşhur özəl məktəblərin və universitetlərin (Oksford, Kembric) dilidir. Kanada, Avstraliya və Yeni Zellandiya variantları da klassik Britaniya ingiliscəsinə yaxındır. Coğrafi baxımdan bu ölkələrin ingilis dili başqa xalqların təsirinə məruz qalmayıbdır [35, s.133].

İrlandiya ingiliscəsi isə daha musiqilidir. İrlandlar samit səslərlə birgə neytral səsləri çox istifadə edirlər. Məsələn, “film” sözünü “filem” kimi tələffüz edirlər. Bu da keltlərin təsirindən irəli gəlir. Avstraliya ingiliscəsi isə daha sakit ritmlidir [60, s.24].

Amerika isə sanki tamamilə yeni dil yaradıb. Nəinki dili leksik və fonetik dəyişikliyə, hətta qrammatik dəyişikliyə də məruz qoyub. Elə buna görədir ki, uzun illərdir bu iki variant arasında daim mübarizə getməkdədir. Britaniya ingiliscəsindən fərqli olaraq Amerika ingiliscəsi daha açıq və daha dəyişkəndir. Ona görə də dünyada çox yayılmışdır.

İngilis dilinin coğrafi-məhəlli variantları uzun müddət tarixi inkişafdan keçmişlər. Birləşmiş Krallığın özündə İngiltərə, Uels, Şotlandiya və İrlandiya ingilis dili variantları işlənməkdədir. Bundan başqa ingilis dili dünyanın başqa yerlərində yayıldığı üçün bu dilin bir çox variantları meydana gəlmişdir. Bu dilin lüğət tərkibinə və sözlərin tələffüzünə böyük təsir göstərir. Müəyyən bir ərazidə insanların danışıq tərzi başqa bir yerdə anlaşılmaz təsir bağışlayır.

Ümumiyyətlə, Britaniyada fərqli dialektlər fərqli səslənir. Şimali İngiltərədə (Lids, Nyukasl) sait səsləri bir az qısaldaraq danışırlar. Londonun mərkəzində yaşayan yüksək təbəqədən olan şəxslər isə sait səsləri, əksinə, uzadaraq danışırlar. Belə güman edirik ki, dialektlərin sayı yaxın 30 ildə nəzərə çarpacaq dərəcədə azalacaqdır. Eyni zamanda bəzi dialektlər üstünlük qazanacaqdır. Mançester və onun ətraf rayonlarının şivəsi daha cazibədardır. Şivədə burun səsləri ilə danışmaq vərdişləri çox yayılmışdır.

Pambıq imperiyası dövründə Böyük Britaniyanın ən böyük limanlarından olan Liverpul indi çox kasıb rayonlardandır. Bu şəhərdə şimali İngiltərə və İrlandiya dialektlərinin qarışığının nəticəsi olaraq küçə aksenti hökm sürür. Ölkədə üçüncü yerdə Şotlandiya aksenti durur. Əsasən Qlazqoda işlənir. Şotlandların dilləri hay-küyü ilə seçilir (sanki bu dəqiqə mübahisə edəcəklər). Edinburqda düzgün intonasiyaya fikir verilir. Şimali İrlandiya daim mübahisə edən siyasətçiləri ilə məşhurdur. Adamlar onların [r] səsli aksentlərini cazibədar hesab edirlər.

Son zamanlar ingilis dilində dil normalarından yayınmağın 2 tendensiyası yaranmışdır: birincisi “Esturay English”dir. Bu aksentdən nəinki siyasətçilər, aparı­cılar, həmçinin, İngiltərə şahzadəsinin kiçik oğlu şahzadə Edvard da istifadə edir. Danışıq dilinin əsas xüsusiyyəti odur ki, danışıq zamanı [l] səsi [w] ilə əvəz olunur və ya [t] səsi istifadə olunmur. Məsələn: [milk] əvəzinə [miwk] tələffüz edirlər. “Quite nice” [kwai nais] kimi tələffüz olunur. İkinci tendensiya – “Australian English”dir. Təxminən 20-25 il əvvəl Avstraliyada əmələ gəlmişdir. Bu aksent televiziya proqramlarında istifadə edilir. Onun xarakterik cəhəti təsdiq cümləsinin sual intonasiyası ilə tələffüz edilməsidir.

Avstraliya ingiliscəsi variantı özünəməxsusluğu ilə seçilir. Avstraliya ingiliscəsi dünyanın digər yerlərindən olan insanların Avstraliya daxilində ünsiyyətdə olmalarına şərait yaradır. Avstraliyalılar öz ingiliscələri ilə çox fəxr edirlər. Avstraliyanın özündə belə, danışılan ingiliscənin müxtəlif dialektləri mövcuddur. Məsələn, Brisbendən olan bir şəxsi anlamaq üçün onun iki dəfə yavaş danışması lazımdır. Onlar çox sürətlə danışırlar. Adelaid sakinləri isə, əksinə, çox yavaş danışırlar. Onları hətta ingilis dilini təzəcə öyrənməyə başlayan bir insan belə başa düşə bilər. Avstraliyanın ərazisinin Böyük Britaniya ərazisindən 30 dəfə böyük olmasına baxmayaraq burada dialektlər Britaniyadakı kimi rəngarəng deyil. Nəzərə çarpacaq qrammatik və leksik fərqləri müşahidə etmək olmur. Bir adamla danışarkən onun Avstraliyanın hansı bölgəsindən olduğunu anlamaq o qədər də asan deyildir.

Fonoloji baxımdan ingilis dilinin Avstraliya variantı 3 fərqli xüsusiyyətə malikdir: “1) Great Australian English; 2) Broad Australian English; 3) Cultural Australian English. Avstraliya ingiliscəsi Amerika və İngiltərə ingiliscələrinin xüsusiyyətlərini də özündə cəmləşdirir. Uzun illər ingilis dilinin Avstarliya variantı pis ingilis dili kimi tanınırdı. Yaşlı nəslin nümayəndələri hələ də RP-ni Avstraliya ingiliscəsindən daha üstün tuturlar” [60, s.31].

İngilis dilinin Avstraliya variantından başqa Kanada ingiliscəsi və Yeni-Zellandiya ingiliscəsi də çox yayılmışdır. Kanadalılar belə hesab edirlər ki, onların ingiliscəsi Britaniya və Amerika ingiliscəsindən fərqlənir. Kanadalılar öz danışıq­larında amerikalıların işlətmədiyi bəzi ifadələri istifadə edirlər. Onlar pozanı “rubberband” (Am.- elastic), divanı “chestlerfield” (Am.- sofa, couch), idman ayaqqabılarını “runners”( Am.- sneakers) adlandırırlar.

ABŞ-da “madam”, “sir” etiket müraciət tərzləri olduğu halda, Kanadada bir qadına “madam” deyə müraciət etdikdə bu onun qəlbinə dəyə bilər (özünü yaşlı hesab edər). Kanada ingiliscəsinin formalaşmasında fransızların və hindlilərin rolu böyükdür. Bu yolla Kanada ingiliscəsinə “canoe, caribou, esquimaux” kimi sözlər daxil olmuşdur. Dünyanın başqa yerlərində insanlar Kanada ingiliscəsini Amerika ingiliscəsinə bənzədirlər. Bu gün də Amerika ingiliscəsində yaranan yeni sözlər dərhal bu varianta təsir göstərir. Lakin, amerikalılar özləri Kanada ingiliscəsini ayırd etməyi bacarırlar. Amerika oxucuları bəzi faktlara diqqət yetirirlər. Məsələn, Amerilka ingiliscəsində bəzi sözlərdə “o” hərfindən sonra “u” hərfinin itməsi Kanada ingiliscəsində müşahidə edilmir. Məsələn: Amerika ingiliscəsi: “color, flavor”; Kanada ingiliscəsi: “colour, flavour”.

Kanada yazılı dilində həm Amerika həm də Britaniya ingiliscəsinin xüsusiyyətlərini görmək olar. Atlantik okeanı sahillərində Kanada ingiliscəsi Şotlandiya və İrlandiya balıqçılarının ingiliscəsinə bənzəyir. Nyufaundlenddə yaşayan adamların ləhcəsini bəzən Kanadalılar özləri belə başa düşmürlər [58, s.153]. Bu ləhcədə vokalizmlər çoxluq təşkil edir. Əsasən də balıqçılar hava durumu barədə danışarkən çox qısa sözlərdən istifadə edirlər. Məsələn, fırtına - “tempest”, güclü fırtına –“trap smasher” və s.

Kvebek rayonun ingiliscəsi fransız dilinin təsiri ilə seçilir. Fransız mənşəli sözlərin istifadəsi aydın hiss olunur. Məsələn, “professor” - məktəb müəllimi. Ottava bölgəsində şotland və irland təsiri hiss olunmaqdadır. Bu dialekt Kanadanın digər rayonları üçün kənd dialekti hesab edilir.

Cənubi Ontario hal- hazırda ən sıx məskunlaşmış ərazi sayılır. Bu ərazinin dialektində çox sayda siyasi və mədəni terminlər istifadə edilir. Məsələn, “reeve, riding, continuation school (secondary school)” və s. Bura daha çox şəhər dialekti ilə seçilir.

Yeni Zellandiya ingiliscəsi də öz xüsusiyyətləri ilə seçilir. Burada 2 rəsmi dil mövcuddur: maori dili və ingilis dili. Bu, Avstraliya ingiliscəsindən fərqlənən, səlis və hamı tərəfindən anlaşılandır. Ölkənin şimal və cənub danışıqlarında fərqlər mövcuddur. Yeni Zellandiyada RP-ə çox böyük qiymət verilir. Lakin bu variantda da Amerika ingiliscəsinin təsirini görmək mümkündür. Bəzi dilçilər guman edirlər ki, bu ölkədə ingilis dilinin Maori variantı da formalaşmaqdadır.– (Maori English) [58, s.152].

Yeni Zellandiya ingilis dili Avstarliya ingiliscəsindən daha təmizdir. O, Britaniya variantına daha yaxındır.

İngilis dilinin Yeni Zellandiya variantının inkişafı böyük qardaş (bigbrother) sayılan Avstraliya ingiliscəsindən qaynaqlanır” [61, s.153].

İngilis dilinin variantlarına beynəlxalq dil (məsələn, Britaniya və Amerika ingiliscəsi) yaxud, dialekt variantları (Kokni və Həmpşir dialektləri) aiddir. Məhəlli variant dedikdə, həm daxili, şimali və cənubi ingilis ləhcələri, həm də İrlandiya və Uels ləhcələri nəzərdə tutulur.

Məhəlli, yəni regional dialektlərdən danışarkən Picin (Pidjin) ingiliscəsinin necə əmələ gəldiyini bilmək maraqlıdır. Picin ingiliscəsi dənizçilərin və tacirlərin səfər zamanı nitqlərində işlətdikləri sözlərdən əmələ gəlmişdir. Belə sözlər XIII əsrdən ingilis dilinə öz təsirini göstərmişdir. Məsələn, “bob”, “bobbery” (səs-küy) sözləri hal-hazırda işlənməkdədir [118, s.1281-1282]. Picin ingiliscəsində işlənmiş bir neçə nümunəyə baxaq:


Yüklə 235,68 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin