On dördüncü fəsil: Sürgündə sel Hacı ağa Mustafa Xomeyninin şəhadəti
1977-ci ildə ölkədə ağır böhran var idi. İmamın oğlu Hacı ağa Mustafa Xomeyni həmin il Nəcəfdə müəmmalı şəkildə dünyasını dəyişdi. Onun ölümü xalqı çox kədərləndirdi, hakimiyyətə qarşı qəzəb dolu məclislər keçirildi.
Xəbəri alandan sonra Məşhəddə lazımi proqram hazırlığına başladıq. Mən poçt idarəsinə gedib dörd teleqram yazdım: biri öz adımdan, biri ağa Təbəsinin, üçüncüsü ağa Muhaminin, dördüncüsü də ağa Haşiminejadın adından.
Teleqramları poçt əməkdaşına verəndə təəccüblənib digər yoldaşlarına göstərdi. Hamısı heyrətə gəldi. Başsağlığı teleqramlarının mətnində İmam Xomeyniyə hörmət, onunla həmrəylik ifadələri ilə yanaşı hakimiyyətə qarşı çox kəskin sözlər də vardı. Poçt əməkdaşı fikirləşdi ki, teleqramların pulunu desə, fikrimdən daşınaram. Mənsə o zaman mənim kimilərə böyük pul sayılan bir mintümənlik çıxarıb qarşısına qoydum.
Məscidlərin birində yas məclisi keçirməyə də çalışdıq, amma dövlət tərəfindən icazə verməyib məscidi bağladılar. Qumda keçirilən məclislərdə həbs olunanlar da var idi.
O günlərdə İranın bütün şəhərlərində misilsiz dini fəaliyyətlər başlandı. Mənim kimilər hövzə və universitet tələbələri arasında siyasi və təşkilati işlərlə ciddi məşğul idilər; siyasi bülletenlər hazırlayır, məxfi əlaqələr qurur, Quran təfsiri mövzusunda dərslər keçir, dini-inqilabi məsələləri təbliğ edir və digər fəaliyyətlər göstərirdik.
O günlərdə ağa Xalxali Qumdan mənimlə əlaqə saxlayıb dedi: "Bəzi dostlar həbs olunublar, güman ki mənə və sizə də növbə çatacaq!" Dedim: "Nə üçün? Məgər mən nə etmişəm ki, həbs olunam?"
Dostları ilə paylaş: |