Hacı Siddiqi sükanın arxasına keçdi, mən də yanında oturdum. Həsən iki polislə birgə arxada oturdu. Əlavə üç polis də öz maşınları ilə arxamızdan gəlirdilər. Günortaya yaxın bir çayxanaya çatdıq. Çayxana sıx ağaclarla örtülmüş gözəl bir kənddə yerləşirdi. Sərin havası, dadlı suyu vardı. Həmin yolla gedib-gələnlər orada istirahət edir, yemək yeyirdilər.
Maşından endik. Mən çayxanaya doğru getdim, ikisi mülki, qalanı isə polis geyimində olan səfər yoldaşlarım da arxamca gəldilər. Dəstamaz yerini soruşdum. Çayxananın arxasında bir yeri göstərdilər. Gördüm ki, gözəl bir bağdır. Dəstəmaz alıb yoldaşlarıma dedim ki, gəlin burada namaz qılaq. Adətən, polislər bu təklifə etiraz edirdilər. Çünki göz önündə olan açıq bir yer idi. Lakin bu, sonradan yadlarına düşdü.
Camaat namazına başlayan kimi kənd əhalisinin diqqəti bizə yönəldi. Camaat, xüsusən də kəndlilər seyidləri, ruhaniləri, məzlumları və ozamankı hakimiyyətin müxaliflərini sevirdilər. Mənim qara əmmaməmdən, ruhani geyimimdən və tağut polislərinin arxamda dayanmalarından bütün bunlar bəlli olurdu. Namazı bitirəndən sonra gördüm ki, kəndlilər yolun kənarına toplaşıb təəccüblə bizə baxırlar.
Nahardan sonra polislərə dedim ki, bir qədər istirahət etmək istəyirəm. Məni yolu davam etdirməyə razılaşdırmağa çalışdılar, amma qəbul etmədim. Adətən, istəklərimlə razılaşırdılar. Çünki əvvəla, aramızda münasibət yaranmışdı, ikincisi də onların əmrlərinə tabe olmadığımı görmüşdülər. Bu baxımdan, qəbul etdilər. Mən yatdım, polislər də ətrafımda dayandılar.
Qısa istirahətdən sonra ayağa qalxıb getməyə hazırlaşdıq. Avtomobilə yaxınlaşanda gördük ki, onlarla insan maşını dövrəyə alıb ucadan salavat deyir. Onlara salam verib təşəkkürümü bildirdim. Polislər qorxuya düşdülər. Pis vəziyyətdə olduqlarına görə onlara yazığım gəldi. Avtomobilə minib Cirofta yola düşdük. Xalqımızın kimliyini göstərən bu rəftar mənə çox müsbət təsir etdi.
Dostları ilə paylaş: |