Ciroft
Cirofta çatdıq. Deyilənlərə görə, Ciroft əslində, böyük bir bağ imiş, sonradan orada evlər, mağazalar tikib, yollar çəkiblər. Havası İranşəhr kimi istidir, amma rütubətli və müxtəlif həşəratlarla doludur. İranşəhrin havası isə qurudur və orada həşərat olmur.
Məni polis bölməsinə apardılar. Dar bir bina idi, işçilər evlərinə getmişdilər. Dedilər ki, oturub polislərin qayıtmasını gözləyim. Cavab verdim ki, burada qala bilmərəm, yaxşısı budur, binadan bayırda oturum. Əbamı bölmənin qarşısındakı xiyabanın kənarına sərdim. Xiyaban sakit idi, məni polis bölməsinin qarşısında görüb təəccüblənən bəzi piyadalardan başqa heç kim yox idi. Həsən qardaşı göndərdim ki, Rəbbani Əmləşinin evinin yerini öyrənsin. O məndən iki ay qabaq oraya sürgün olunmuşdu. Bilirdim ki, bir ev kirayələyib və ailəsini gətirib.
Rəbbani Əmləşi ilə münasibətim 1957-ci ildən başlayıb. Onu ilk dəfə Kərbəlada Haşimi Rəfsəncaninin yanında görmüşdüm. Sonra aramızda yaxın dostluq yarandı, həm də iki il dərs yoldaşı olduq.
Polis bölməsində qeydiyyata düşəndən sonra Rəbbanigilə yola düşdük. Məni görüb çox sevindi, oraya necə gəldiyimi soruşdu. Dedim ki, qismət belə imiş.
Rəbbani Əmləşidən sonra Cirofta sürgün olunan ikinci adam idim. Sonra mərhum Rəbbani Şirazi də bizə qoşuldu. Eləcə digərləri də gəldilər, aralarında bəzi iş adamları da vardı. Sayımız doqquza çatdı. Hakimiyyətin yeni siyasəti bu idi ki, o zaman 10-15 şəhərə sürgünə göndərilmiş fəalları bir neçə şəhərə bölsün və fəaliyyətlərinin genişlənməsinə mane olsun. Çünki onlar haraya gedirdilərsə, dini və ictimai işlərlə məşğul olurdular.
Dostları ilə paylaş: |