Əmmaməmizi anamız dolayırdı. Onun təhtülhənək adlanan bir ucunu adətən sol tərəfə qoyurlar, anam isə sağa qoyurdu. 22
Biz uşaqlıqdan əmmamənin ələ salındığını görürdük. Bununla bağlı o qədər istehzalı sözlər eşitmişdik ki, bizə adiləşmişdi və səbəbi barədə fikirləşmirdik. Ancaq böyüyəndən sonra yaddaşıma müraciət edəndə təəccüblənirdim. Kiçik və böyüklüyündən asılı olmayaraq, heç bir əmmaməli belə məsxərədən uzaq qalmırdı. 22
İranda əmmamənin və din alimlərinin müxtəlif şəkillərdə ələ salınması ümumi bir ənənəyə çevrilmiş, cəmiyyətin bütün təbəqələrinə keçmişdi. Hətta mən də bundan uzaq qala bilməmişdim. 22
Məhəlləmizdə Şeyx Faiqi adlı bir əmmaməli var idi. İmanlı insan idi, məclislərdə rövzə oxuyurdu. Başına böyük bir əmmamə qoyurdu. Seyrək saqqalı, kiçik və cəld uzunqulağı vardı. Yandakı küçədə qalırdı. Uzunqulağı ilə hər gün sürətlə evimizin önündən keçirdi. 22
Bir gün dostlarımla voleybol oynayırdıq. Mən bu idman növü ilə daha çox məşğul olmuşam. Oynayanda əmmaməmi çıxarır və ruhani geyimlərindən olan qəba ilə kifayətlənirdim. Oyun vaxtı ağa Faiqinin uzaqdan ulağının belində sürətlə gəldiyini gördük. Uşaqlar sözləşdilər ki, onu ələ salsınlar. Yaxınlaşanda mən də daxil olmaqla hamımız qışqırmağa başladıq: "A şeyx! A şeyx!" Bu söz öz-özlüyündə pis bir söz deyil, "ağa şeyx" sözlərinin qısaldılmış formasıdır, lakin kollektiv şəkildə və gülərək qışqıranda məsxərə sayılırdı. 22
Yaxınlaşanda ulağının başını bizə tərəf çevirib hirslə üstümüzə gəlməyə başladı. Uşaqlar qaçdılar, mənsə dayandım. Uzunqulaqdan enib mənə yaxınlaşdı. Məni və atamı tanıyırdı, əmmaməli olduğumu bilirdi. Buna görə də, təəccüb və narazılıqla, eyni zamanda yumşaq və mehriban şəkildə gülümsəyib dedi: "Axı sən nə üçün, əziz seyid?" 23
Bu şərait ruhaniləri cəmiyyətdən ayırmaq üçün düşünülmüş planın nəticəsi idi. Bundan ötrü bəzi şayiələrdən də istifadə edirdilər. Hələ də yadımdadır, camaat arasında belə bir şayiə dolaşırdı ki, bəzi ruhanilər gecə vaxtı Məşhəd şəhərinin ətrafında məclis keçirmiş, samovara və çaydana araq tökərək yeyib-içmiş, keflənib qışqırmışlar. Bəzi adamlar deyirdilər ki, biz onları öz gözlərimizlə görmüşük; bəziləri də deyirdilər ki, görənlərdən eşitmişik. 23
Hadisənin yalan olması aydındır. Nə üçün arağı samovara tökmüşlər?! Açıq yerdə və camaatın gözü önündə nə üçün belə bir məclis keçirmişlər?! Hadisə başdan-ayağa yalanla doludur. Buna baxmayaraq, mən onu çoxlarından eşidirdim. Hamı da deyirdi ki, görmüşük, ya da görənlərdən eşitmişik. 23
İslamı cəmiyyətdəki hər bir azğınlıqdan müdafiə etmək vəzifəsi ruhanilərin üzərinə düşür. Onlar hər hansı istismarçı və əcnəbinin İslam cəmiyyətinə qarşı ekspansiya cəhdinə qarşı mübarizə aparmağı özlərinə borc bilirlər. Din xadimləri müasir İran tarixində işğalçı, tağut və zalımlar qarşısında həmişə kəskin mövqeləri ilə seçiliblər. Yeni çağda ruslara qarşı mübarizə aparmış Mirzə Qumi belələrindəndir. O, Fətəli şahın oğlu olan və ruslarla vuruşan Abbas Mirzənin dövründə Abbasiyyə risaləsini yazıb məşhur fətvasını vermişdi. Abbas Mirzə nisbətən düzgün adam idi, vətən xaini deyildi. 23
Mirzə Əbülqasim ibn Məhəmmədhəsən Gilanidir, Qumda qaldığına görə Mirzə Qumi ləqəbilə məşhurlaşmışdı. O, böyük din alimlərindən, məşhur üsuli müctəhidlərdən və “Qəvanin-əl-üsul” kitabının müəllifidir. Çar Rusiyası İrana hücum edəndə bir neçə alimlə birgə cihad risaləsi yazıb xalqı düşmənlə döyüşə çağırmış və bu, düşmənlərin məğlubiyyətinə səbəb olmuşdu. 24
Həmçinin tənbəki hadisəsində təqlid müctəhidinin və ya məşrutə hərəkatında din alimlərinin, misal üçün mərhum Müdərrisin mövqeyi buna misal ola bilər. Müdərris İranda ilk parlament seçkilərində İsfahandan namizədliyini irəli sürmüş və böyük əksəriyyətin səsi ilə İslama zidd qanunlara mane olmaq səlahiyyətinə malik beş müctəhiddən biri kimi Şura Məclisinə seçilmişdi. 24
İngiltərə dövlətinin dəstəklədiyi bir ingilis iş adamı 1890-cı ildə Nasirəddin şah Qacara pul verərək tütün və tənbəkinin daxili və xarici ticarətini inhisarına aldı. Müqavilənin məzmunu onun və mənsub olduğu dövlətin müsəlman İran xalqının taleyinin bir qisminə hakim olması demək idi. Şiə dünyasının təqlid müctəhidi olan Ayətullah Mirzə Məhəmmədhəsən Şirazi bununla əlaqədar olaraq, tütün və tənbəkinin haramlığına dair hökm çıxardı. Bu hadisə İranda və İraqın bir hissəsində böyük təsir buraxdı, əhali, hətta bəzi saray adamları da müctəhidin hökmünə tabe olub tütün və tənbəkidən istifadəni qadağan etdilər. Bu milli müqavimətin ardınca şah və İngiltərə şirkəti geri çəkilməyə məcbur oldular. Hadisədən sonra müstəmləkəçi İngiltərə dövləti dini rəhbərliyin gücünü daha yaxşı anlamağa başladı. 24
Ayətullah Şəhid Seyid Həsən Müdərris (1870-1937) İsfahan və Nəcəf elm hövzələrində Mirzə Cahangirxan Qaşqayi, Seyid Məhəmmədbaqir Dorçeyi və Şəriət İsfahani kimi alimlərin tələbəsi olmuş, ictihad dərəcəsinə çatandan sonra İsfahana qayıtmışdı. Şəhid Müdərris ikinci çağırış Milli Şura Məclisi seçkilərində Məşrutə konstitusiyasına uyğun olaraq, parlament qərarlarının müqəddəs İslam şəriəti ilə uyğunluğuna nəzarət edən beş müctəhiddən biri kimi millət vəkili seçilmişdi. O, dörd dəfə deputat seçilmiş, Rza şah monarxiyasına qarşı güclü mübarizə aparmışdı. Şəhid Müdərris 1927-ci ilin payızında Rza şahın əmrilə həbs olunub 9 il davam edən sürgünə göndərildi, 1937-ci ilin payızında isə rejim muzdurları tərəfindən zəhərlənib şəhadətə qovuşdu. 24
Müdərris ikinci parlament seçkilərində Tehran şəhərindən namizədliyini verib əksər seçicilərin səsini qazandı. Üçüncü və dördüncü seçkilərdə də belə oldu. Dördüncü parlamentin vaxtında şahlıq Qacarlardan Pəhləvilərə keçdi. Müdərris buna, habelə sonralar Rza xan Pəhləvinin siyasətlərinə qarşı çıxdı. Beşinci seçkilərdə yenə namizədliyini irəli sürdü, amma rəsmi nəticələr elan olunanda ona bir nəfərin də səs vermədiyi bildirildi. Bu zaman Müdərris ucadan dedi: "Ən azı, özüm-özümə səs vermişəm, bəs o bir səsim haradadır?!" 25
Bu nümunələrdən başa düşmək olar ki, ruhanilərin cəmiyyət arasında böyük ictimai nüfuzu olmuş, mövqeləri İslam ümmətinin inandığı, müqəddəs saydığı, uğrunda canını əsirgəmədiyi prinsiplərə əsaslanmışdır. Bu prinsiplər zülmü, talanı, əcnəbilər önündə təslimçiliyi rədd edir. Tağutlar bundan ötrü ruhaniləri cəmiyyətdən təcrid etməyə, xüsusən siyasi həyatdan uzaqlaşdırmağa çalışmış, bu məqsədlə proqramlar hazırlamış, hər bir yola, hətta din alimlərini öldürməyə, həbs və sürgün etməyə də əl atmışlar. 25
1935-ci ildə Gövhərşad məscidi faciəsi baş verdi. Həmin hadisədə çoxlu insan öldürüldü, onlarla məşhur din alimi həbs olundu. Həmin alimlər arasında anamın atası Seyid Haşim Mirdamadi, ağa Xoinin atası və atamdan təxminən iyirmi yaş böyük olan dostu Seyid Əli Əkbər Xoi, Mirzə Həbibullah Məliki (o da atamın dostlarından idi, Axund Xorasaninin şagirdlərindən olmuş, atamla məni nikah mərasiminə dəvət etmişdi), Seyid Abdullah Şirazi, Şeyx Sahibəzzamani Urumiyəyi, Doktor Mehdi Mühəqqiqin atası Hacı Mühəqqiq və irfaniyyə risalələrinin müəllifi Şeyx İsmayıl Taib də vardı. Rza şaha nəsihət vermək üçün Tehrana gedən Hacı ağa Hüseyn Qumi də həbs olunub İrandan sürgün edilmişdi. 26
1935-ci ilin iyul ayında dindar və qeyrətli Məşhəd əhalisi hicabın qadağan olunmasına, kişi geyiminin məcburi şəkildə Avropa geyiminə uyğunlaşdırılmasına dair qanuna etiraz olaraq, böyük din alimlərindən birinin təşəbbüsü ilə Məşhədin Gövhərşad məscidinə toplaşdı. Bu toplantı birinci Pəhləvi şahının əmri ilə polis hücumuna məruz qaldı, çoxları şəhid oldular, bəzi din alimləri həbs edilib sürgünə göndərildi. 26
Dostları ilə paylaş: |