◘«Müttəqilər», «yaxşı əməl sahibləri», «əməl əhli» təbirləri üç ayənin sonunda ardıcıl təkrarlanır. Bu təkrarlardan məlum olur ki, təqva guşənişinlik, özünə qapılma halı yox, əməl və ehsan səhnəsində iştirakdır.
Bildirişlər
1. İnsan paklanmayınca behiştə daxil olmaq ləyaqəti tapmır.
2. Allahın əfvi və bağışlaması insanın tərbiyəsi üçündür.
3. İlahi lütflərə təkcə arzu vasitəsi ilə çatmaq olmaz. Bundan ötrü iş və əməl lazımdır.
137. ﴿ قَدْ خَلَتْ مِن قَبْلِكُمْ سُنَنٌ فَسِيرُواْ فِي الأَرْضِ فَانْظُرُواْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذَّبِينَ ﴾
“Sizdən əvvəl də sünnələr, qaydalar olmuşdur. Yer üzündə gəzin və görün ki, təkzib edənlərin aqibəti necə olmuşdur?”
Nöqtələr
◘Ayədə sosiologiyanın əhəmiyyətinə və cəmiyyətin yüksəliş və süqut səbəblərinin kəşfinə işarə olunmuşdur. Əvvəlki qövmlərdə mövcud olmuş sünnələr bu qəbildəndir:
a) Haqqın qəbulu və qurtuluş.
b) Haqqın təkzibi və bədbəxtlik.
v) İlahi sınaqlar.
q) Həqiqət əhli üçün qeybi yardımlar.
d) Zalımlara möhlət.
e) İlahi insanların müqaviməti və məqsədə çatması.
ə) Kafirlərin fitnələri və Allah tərəfindən onların aradan götürülməsi.
Bildirişlər
1.Tarixə sabit qanun və sünnələr hakimdir. Bu qanunlarla tanışlıq bugünkü insan üçün faydalıdır.
2. Keçmişin tarixi gələcək həyat üçün çıraqdır.
3. Məqsədli səyahət və düşüncə ilə müşayiət olunan baxış insanın tərbiyəsi üçün ən yaxşı dərsdir.
4. Siz başqa ümmətlərdən fərqlənmirsiniz. Bütün ümmətlərin yüksəliş və süqut səbəbləri eynidir.
5. Keçmişdəkilərin rəftar və aqibəti ilə tanışlıq yol seçimi üçün faydalıdır.
6. Keçmişin tarixindən xəbərdar olmaqla öz gələcəyinizi müəyyənləşdirə bilərsiniz.
7. Tarixi əsərlərin qorunması gələcək insanların ibrəti üçün zəruridir.
8. Tarixdə baş vermiş hadisələrin araşdırılması zəruridir.
9. Tarixin araşdırılmasında müxtəlif səhnələr yox, işin sonu mühümdür.
10. İlahi cəzalar təkcə qiyamətə aid deyil. Bəzən bu dünyada da ilahi qəhr və qəzəb zalımların sorağına gəlir.
138. ﴿ هَـذَا بَيَانٌ لِّلنَّاسِ وَهُدًى وَمَوْعِظَةٌ لِّلْمُتَّقِينَ ﴾
“Bu (Quran), bütün xalq üçün aşkar bəyan, müttəqilər üçünsə hidayət və nəsihətdir.”
Nöqtələr
◘Ayədəki “bu” (“haza”) əvəzliyi ya 130-137-ci ayələrə, ya da əvvəlki ayədəki tarixin sünnə və ibrətlərinə işarədir.
Bildirişlər
1. Quran bütün əsrlərdə, bütün insanlar tərəfindən anlaşılan bir kitabdır.
2. Quran bütün xalqlar, bütün zamanlar və məkanlar üçündür.
3. Məqsədli səyahət hidayət amillərindəndir.
4. Quran bütün xalq üçün olsa da, ondan yalnız müttəqilər ibrət götürür.
5. İlahi ayələrdən istifadə və bəhrələnmədə insanların ruhiyyəsi təsirlidir.
139. ﴿ وَلاَ تَهِنُوا وَلاَ تَحْزَنُوا وَأَنتُمُ الأَعْلَوْنَ إِن كُنتُم مُّؤْمِنِينَ ﴾
“Əgər möminsinizsə, süst və qəmgin olmayın. Çünki siz üstünsünüz.”
Nöqtələr
◘Komandanlığa itaətsizlik səbəbindən Ühüd döyüşündə məğlub olmuş müsəlmanlar bir qədər ruhdan düşdülər. Ayə nazil oldu ki, məbada öz məğlubiyyətinizdən nəticə çıxarmayasınız. Möminlər imanlarını gücləndirməlidirlər. Çünki onlar üstündürlər.
Bildirişlər
1. Bir döyüşdə məğlubiyyət müsəlmanların son məğlubiyyəti demək deyil.
2. Rəhbər ruhiyyələri gücləndirməlidir.
3. İman və itaətə qayıtsanız, döyüşlərdə qalib gələcəksiniz.
4. İman sayəsində bütün dünyanı dizə çökdürmək olar.
5. Zahiri qələbə və məğlubiyyət meyar deyil. Üstünlük sağlam əqidə və sağlam təfəkkürdədir.
6. Materialist dünyagörüşündə silah və hərbi təchizat qələbə amili sayılır. İlahi dünyagörüşündə isə qələbə amili imandır.
140. ﴿إِن يَمْسَسْكُمْ قَرْحٌ فَقَدْ مَسَّ الْقَوْمَ قَرْحٌ مِّثْلُهُ وَتِلْكَ الأيَّامُ نُدَاوِلُهَا بَيْنَ النَّاسِ وَلِيَعْلَمَ اللّهُ الَّذِينَ آمَنُواْ وَيَتَّخِذَ مِنكُمْ شُهَدَاء وَاللّهُ لاَ يُحِبُّ الظَّالِمِينَ﴾
“Əgər (Ühüd döyüşündə) sizə yara (zərər) toxundusa, şübhəsiz ki, kafir dəstə də o sayaq yaralandı. Biz günləri (məğlubiyyət və qələbə günlərini) xalq arasında dövr etdiririk ki, Allah iman gətirənləri müəyyənləşdirsin və sizlərdən şahidlər tutsun. Allah zalımları sevmir (bəzən zahirən qalib olsalar da).”
Nöqtələr
◘Ayə müsəlmanlara təsəlli verməklə həqiqəti bəyan edir. Bildirilir ki, əgər müsəlmanlar haqq yolda canla bağlı hansısa zərərlərə düçar olurlarsa, düşmənlər də onlar kimi öldürülür və yaralanırlar. Əgər bu gün müsəlmanlar Ühüddə qələbə çalmadılarsa, düşmənlər də bir gün Bədrdə məğlub olmuşdular. Çətinliklərə səbir etmək lazım gəlir.
◘“Şəhidlər”, “şəhid”, “şahid” sözləri, adətən, Quranda “agah olma” mənasında işlədilsə də, söhbət döyüşdən və yaralanmadan getdiyi üçün buradakı “şəhidlər” sözünü Allah yolunda öldürülmüşlər kimi mənalandıranlar səhv etməmişlər.
◘Müsəlmanlar aşağıdakı bilgiləri nəzərə alaraq ruhdan düşməməlidirlər:
a) Siz uca mərtəbəlisiniz.
b) Sizin düşmənləriniz də yaralanmışlar.
v) Bu acı günlər ötüb keçər.
q) Allah həqiqi möminləri münafiqlərdən seçir.
d) Allah gələcək tarix üçün sizdən şahidlər tutur.
e) Allah sizin müxaliflərinizi sevmir.
◘İmam Sadiq (ə) bu ayə haqqında buyurmuşdur: “Allah Adəmi yaratdığı gündən ilahi və şeytani qüvvələr bir-birləri ilə mübarizədədirlər. Allah bir vaxt həzrət Qaimin (ə) zühuru ilə kamil ilahi hakimiyyəti bərqərar edər.1
Bildirişlər
1. Müsəlmanlar səbir və dözümdə kafirlərdən geri qalmamalıdırlar.
2. Acı və şirin hadisələr daimi deyil.
3. Döyüşlərdə və həyatın eniş-yoxuşlarında həqiqi iman əhli münafiqlərdən seçilir.
4. Allah haqq yolda sizlərdən şəhidlər seçir ki, Allahın dinindən asanlıqla üz döndərməyəsiniz.
5. Allah sizin özünüzdən şahidlər tutub ki, rəhbərə itaətsizlik necə də məğlubiyyətə aparıb çıxarır.
6. Kafirlərin müvəqqəti qələbəsi Allahın onlara məhəbbətinin nişanəsi deyildir.
7. Tarixi hərəkatlar və cərəyanlar Allahın iradəsindən asılıdır.
141. ﴿ وَلِيُمَحِّصَ اللّهُ الَّذِينَ آمَنُواْ وَيَمْحَقَ الْكَافِرِينَ ﴾
“(Döyüşdəki irəliləmə-geriləmələr ona görədir ki,) Allah mömin fərdləri pak və xalis, kafirləri isə (tədricən) məhv etsin.”
Dostları ilə paylaş: |