Bildirişlər
1. Şəhadət həyatın sonu yox, başlanğıcıdır. Bir çox dirilər ölmüşlər. Amma Allah yolunda öldürülənlər diridirlər.
2. Şəhadət uduzmaq və ya əldən vermək deyil. Şəhadət qazanmaq və əldə etməkdir.
3. Öldürülmək o zaman dəyərli olur ki, Allah yolunda olsun.
4. Şəhidin ölməsi və ya zərərə düşməsi barədəki təsəvvürlər yanlışdır və islah edilməlidir.
170. ﴿ فَرِحِينَ بِمَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ وَيَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُواْ بِهِم مِّنْ خَلْفِهِمْ أَلاَّ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ ﴾
“Onlar Allahın Öz fəzlindən onlara verdiyinə görə şaddırlar. Ardlarınca gələnlərə, hələ ki, onlara qatılmamış kəslərə müjdə verirlər ki, onlara nə qorxu var, nə də bir qəmləri olacaq.”
Nöqtələr
◘Rəvayətdə deyilir: Bu ayə Quran və peyğəmbər Əhli-beytini (ə) heç bir kitab və rəhbərə dəyişməyən möminlərə müjdədir. Ayədən həmçinin məlum olur ki, bərzəx həyatı ruzisi, şadlığı, müjdəsi olan gerçək bir həyatdır. Məqsəd təkcə yaxşı adın tarixdə qalması deyil.
Bildirişlər
1. Şəhidlər öz əməllərinə görə yox, ilahi lütflərə görə şad olurlar.
2. Şəhidlər ilahi lütfləri öz qanlarının əvəzi yox, Allahın mərhəməti sayırlar.
3. Şəhidlər öz silahdaşlarını yaddan çıxarmır və onları xoş gələcəklə müjdələyirlər.
4. Şəhidlər birlikdə yaşayasıdırlar. Onlar bir-birinə qovuşası və digər şəhidlərin yolunu gözləyəsidirlər.
5. Başqalarının səadətinə sevinmək və onların izzət və şərəf karvanına qatılmaq bir dəyərdir.
6. Şəhidlərin alacağı ləzzət əbədilikdir. Onlar üçün neməti əldən vermək qüssəsi yoxdur.
171. ﴿ يَسْتَبْشِرُونَ بِنِعْمَةٍ مِّنَ اللّهِ وَفَضْلٍ وَأَنَّ اللّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُؤْمِنِينَ ﴾
“Allahın nemət və fəzli, Onun möminlərin mükafatını puça çıxarmayacağı ilə (gələcəkdəkiləri) müjdələyirlər.”
Bildirişlər
1. Bərzəx aləmində müjdə və şadlıq var.
2. Şəhidlər bizim tanımadığımız nemət və fəzlə çatarlar. Ayədə nemət və fəzl sözləri qeyri-müəyyən formada işlənmişdir.
3. Möminlərin əməllərinin mükafatı sığortalanmışdır.
4. Mükafat veriləcəyi barədə vəd əməl üçün bir stimuldur.
172. ﴿ الَّذِينَ اسْتَجَابُواْ لِلّهِ وَالرَّسُولِ مِن بَعْدِ مَآ أَصَابَهُمُ الْقَرْحُ لِلَّذِينَ أَحْسَنُواْ مِنْهُمْ وَاتَّقَواْ أَجْرٌ عَظِيمٌ ﴾
“Yaralanmalarına baxmayaraq, Allahın və Onun rəsulunun (döyüş haqqında) dəvətini qəbul edənlər içərisindən gözəl əməl sahibi olanların və təqvalıların böyük mükafatı var.”
Nöqtələr
◘Qüreyş kafirləri Ühüddə qalib gəldikdən sonra Məkkəyə qayıtdılar. Yarıyolda ağıllarına gəldi ki, yenidən Mədinəyə qayıdıb qalan müsəlmanları da qılıncdan keçirsinlər və İslamın işini bitirsinlər. Bu xəbər həzrət Peyğəmbərə (s) çatdı. Peyğəmbər səfərbərlik keçirdi və buyurdu: “Ühüddə iştirak edənlər yola düşsün.” Müsəlmanlar hazır oldular. Müsəlmanların ümumi səfərbərliyindən xəbərdar olan Əbu-Süfyan Ühüd qələbəsinin şirinliyinin zəhərə çevriləcəyindən qorxub yenidən Məkkəyə döndü.
◘Tarixdə oxumuşuq ki, Ühüd döyüşündə Həzrət Əli (ə) 60-dan çox yara almışdı. Amma o bir an olsun belə, peyğəmbəri tək buraxmamışdı. “Təfsire-Kənzul-dəqaiq”də bildirilir ki, bu ayə Həzrət Əli (ə) və başqa doqquz nəfər haqqında nazil olmuşdur.
Bildirişlər
1. Həqiqi möminlər ən çətin şəraitlərdə də İslamdan üz döndərmirlər.
2. Yaralıların cəbhədə iştirakı sağlamların ruhiyyəsini gücləndirir, onları təşviq edir.
3. Peyğəmbərə itaət, Allaha itaət kimidir.
4. Yaralıların cəhbədə iştirakı onların İslam məktəbi, İslam rəhbəri və islami məqsədlərə olan vəfadarlıq, eşq və mərifətlərinin nişanəsidir.
5. Bəzən müharibə şəraiti elə olur ki, hətta yaralılar da cəbhədə iştirak etməli olur.
6. Bir əməl çətinləşdikcə onun dəyəri də artır.
7. Cəbhədə iştirak və yaralanma təqva ilə müşayiət olunmasa dəyərsizdir.
8. Peyğəmbərin bəzi səhabələrinin cəbhədə iştirak etmələrinə baxmayaraq sağlam fikir və təqvadan uzaq idilər.
9. Əsil mücahiddə bəzi xüsusiyyətlər olmalıdır. O, döyüşməkdən yorulmamalı, gözəl əməl əhli olmalı, Allahın və Onun rəsulunun göstərişlərinə qarşı çıxmamalıdır.
173. ﴿ الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُواْ لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَاناً وَقَالُواْ حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ ﴾
“Möminlər o kəslərdir ki, xalq onlara “şəksiz, camaat sizə qarşı hazırlaşıb, onlardan qorxun” - dedikdə onların imanları daha da artdı və dedilər: “Allah bizə bəs edər. O nə yaxşı vəkil və yardımçıdır.”
Nöqtələr
◘Bəzi düşmən təbliğatçıları və xalqın sadəlövh, qorxaq bir hissəsi mücahidlərə təlqin edərək deyirdilər ki, düşmən güclüdür və kimsə onunla üz-üzə gələ bilməz. Onlar mücahidləri döyüşdən çəkindirirdilər. Amma həqiqi müsəlmanlar qorxu-hürkü bilmədən, aram bir qəlb və Allaha təvəkküllə onların cavabını verirdilər.
◘İmam Sadiq (ə) buyurmuşdur: “Təəccüb edirəm o kəslərə ki, nə üçün Allahın “Allah bizə bəs edər, O nə yaxşı vəkil və yardımçıdır.” - buyruğuna pənah aparmayıb qorxurlar!”1
Bildirişlər
1. Düşmənin puç təbliğatından çəkinməyin.
2. Cəbhədə sıralarınıza düşmənin nüfuzundan ehtiyat edin.
3. Düşmənin hədələri qarşısında ən güclü sipər Allaha iman və təvəkküldür.
4. Möminlər bəla girdabına düşdükdə Allaha təvəkküllərini və bağlılıqlarını daha da gücləndirirlər.
5. Həm hərəkət və səy, həm də imanla təvəkkül lazımdır.
174. ﴿ فَانقَلَبُواْ بِنِعْمَةٍ مِّنَ اللّهِ وَفَضْلٍ لَّمْ يَمْسَسْهُمْ سُوءٌ وَاتَّبَعُواْ رِضْوَانَ اللّهِ وَاللّهُ ذُو فَضْلٍ عَظِيمٍ ﴾
“(İkinci dəfə döyüşə hazır olan yaralılar) Allahın nemət və fəzli ilə (öz yerlərinə) qayıtdılar. Onlara heç bir zərər toxunmadı və Allahın razılıq yolunu getdilər. Allah böyük fəzl sahibidir.”
Dostları ilə paylaş: |