◘Bu ayənin kafirləri dost və rəhbər tutmaqdan ibarət məzmunu “Ali-İmran” surəsinin 28-ci ayəsində də bəyan olunmuşdur.
◘İlkin İslam dövründə münafiqlər Mədinə yəhudiləri və Məkkə müşrikləri ilə əlaqədə idilər. Onlar bu yolla müsəlmanlar məğlub olacağı təqdirdə zərərdən və mövqelərini itirməkdən amanda qalmaq fikrində idilər.
◘İzzət yalnız Allahın əlindədir. Çünki izzət qaynağı ya elmdir, ya da qüdrət. Allahdan qeyriləri elm və qüdrətdən bəhrəsizdirlər. “Şəbaniyyə” münacatında oxuyuruq: “Pərvərdigara! Mənim artımım və ya zərərim yalnız Sənin əlindədir, bir başqasının yox!”
Bildirişlər
1. Kafirlərə bağlılıqda izzət axtarmaq münafiq sifətidir.
2. Kafirlərin möminlərə rəhbərlik etməyə haqqı yoxdur. Möminlər də kafirlərin hakimiyyət sıxıntısını qəbul etməməlidirlər.
3. Xarici siyasətdə kafir ölkələri ilə rabitəni genişləndirmək əvəzinə, müsəlman ölkələri ilə yaxınlıq fikrində olaq.
140. ﴿وَقَدْ نَزَّلَ عَلَيْكُمْ فِي الْكِتَابِ أَنْ إِذَا سَمِعْتُمْ آيَاتِ اللّهِ يُكَفَرُ بِهَا وَيُسْتَهْزَأُ بِهَا فَلاَ تَقْعُدُواْ مَعَهُمْ حَتَّى يَخُوضُواْ فِي حَدِيثٍ غَيْرِهِ إِنَّكُمْ إِذًا مِّثْلُهُمْ إِنَّ اللّهَ جَامِعُ الْمُنَافِقِينَ وَالْكَافِرِينَ فِي جَهَنَّمَ جَمِيعًا﴾
“Həqiqətən, Allah Quranda sizə (bu hökmü) nazil etmişdir ki, Allahın ayələrinin inkar və ya məsxərə olunduğunu eşitdikdə həmin adamlarla əyləşməyin ki, söhbəti dəyişsinlər. Yoxsa siz də onlar kimi olacaqsınız. Həqiqətən, Allah bütün münafiqləri və kafirləri cəhənnəmdə toplayar.”
Nöqtələr
◘“Ənam” surəsinin 68-ci ayəsi bu ayənin oxşarıdır. Ayədə Allahın rəsuluna xitabən buyurulur: “Əgər kimlərinsə Bizim ayələrimiz haqqında pis danışdığını görsən, onlardan üz döndər ki, söhbətin mövzusu dəyişilsin.”
Bildirişlər
1. İnsan ətrafındakıların haqsız danışıqlarına biganə qalmamalıdır.
2. Günah məclisində sükut və xoş rəftarın özü günahdır.
3. Ya günahkar mühiti dəyişin, ya da həmin mühitdən uzaqlaşın.
4. Təkcə günah etməmək kifayət deyil. Günah məclisini pozmaq və başqalarının azğınlığının qarşısını almaq lazımdır.
5. Azad söz, açıq qəlblilik, xoş əxlaq, həya, xalqla keçinmə kimi bəhanələrlə dinin məsxərəsi qarşısında sükut etmək olmaz.
6. Təəssüb, dini qeyrət, mövqeli yanaşma gerçək iman şərtidir.
7. Küfrün təşviq və gücləndirilməsi, dinə istehza istənilən bir şəkildə haramdır.
8. Qarşı tərəfin düşüncə və əqidə baxımından düzgünlüyü onunla ünsiyyət şərtidir.
9. Həm rabitənin, həm də rabitəni qırmağın öz yeri var. Həm cazibə lazımdır, həm də dəfetmə.
10. Başqalarının günahına razı olan şəxs həmin günaha şərikdir.
11. Kafirlərin pis danışığı qarşısında sükut bir növ münafiqlikdir.
12. Axirət yoldaşlığı dünya yoldaşlığının mükafatıdır.
141. ﴿الَّذِينَ يَتَرَبَّصُونَ بِكُمْ فَإِن كَانَ لَكُمْ فَتْحٌ مِّنَ اللّهِ قَالُواْ أَلَمْ نَكُن مَّعَكُمْ وَإِن كَانَ لِلْكَافِرِينَ نَصِيبٌ قَالُواْ أَلَمْ نَسْتَحْوِذْ عَلَيْكُمْ وَنَمْنَعْكُم مِّنَ الْمُؤْمِنِينَ فَاللّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ الْقِيَامَةِ وَلَن يَجْعَلَ اللّهُ لِلْكَافِرِينَ عَلَى الْمُؤْمِنِينَ سَبِيلاً﴾
“(Münafiqlər) o kəslərdir ki, daim (pislik məqsədi ilə) sizi izləyirlər. (Məqsədləri budur:) Əgər Allah tərəfindən sizə qələbə nazil olsa, desinlər ki, məgər biz sizinlə deyildik? (İftixar və qənimətlərə də şərik olmalıyıq.) Əgər kafirlərə (qələbədən) bir bəhrə çatsa, desinlər ki, məgər biz sizi təşviq edən, sizi onların zərərindən və möminlər qarşısında təslimçilikdən qoruyan deyilik? Allah qiyamət günü sizin aranızda hakimlik edəcək. Allah heç vaxt kafirlərə müsəlmanlar üzərində qələbə yolu qərar verməmişdir.”
Nöqtələr
◘Quran müsəlmanların qələbəsini “fəth”, kafirlərin qələbəsini “nəsib” sözləri ilə yad etmişdir. Bununla bildirilir ki, kafirlərin xoş günü ötəridir və gerçək qələbə haqqındır.
◘“Nəstəhviz” “həvz”, “baldırın arxası” kökündən alınmışdır. Çünki dəvəçi dəvəni hərəkətə gətirmək üçün onun adı çəkilən hissəsinə qamçı vurur. Burada kafirlərin müsəlmanlar əleyhinə savaşa təşviq olunması nəzərdə tutulur.
◘Fəqihlər müxtəlif fiqhi məsələlərdə kafirlərin möminlər üzərində qələbəsinin mümkünsüzlüyünü sübut etmək üçün “lən yəcələllah”cümləsinə istinad edirlər. Əlbəttə ki, get-gəl, məlumat toplanması, təhsil, mədəni və iqtisadi mübadilələr kafirlərin hakimiyyəti və möminlərin zəlalətinə səbəb olmazsa, pis sayılmır. Çünki rəvayətdə oxuyuruq: «Çin ölkəsinə səfər bahasına olsa da təhsil alın.» Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hər bir kafir əsir on müsəlmana elm öyrətsə, onu azad edirəm.” Məsum imamların dövründə müsəlmanlarla başqaları arasında bu sayaq müamilələr olmuşdur.
Bildirişlər
1. Münafiqlər fürsətdən istifadə edirlər. Onlar imkan yaranan kimi öz xeyirlərinə bəhrələnirlər.
2. Münafiqlər kafirlərin casuslarıdır və onları müsəlmanlarla döyüşə təşviq edirlər.
3. Qiyamət günü Allahın haqq mühakiməsi ilə bütün hiylələr və nifaqlar aşkarlanar.
4. Möminlər kafirlərin hakimiyyətini qəbul etmək haqqına malik deyillər. Zalımın hakimiyyətinin qəbulu gerçək imanın olmamasını göstərir.
5. Elə bir iş görülməlidir ki, kafirlər müsəlmanlar üzərində hakimiyyətdən ümidlərini üzsünlər.
6. Kafirlər üçün müsəlmanlara nüfuz yolu açan istənilən bir proqram, əhd, get-gəl haramdır. Müsəlmanlar bütün siyasi, hərbi, iqtisadi, mədəni sahələrdə tam istiqlala malik olmalıdırlar.
142. ﴿ إِنَّ الْمُنَافِقِينَ يُخَادِعُونَ اللّهَ وَهُوَ خَادِعُهُمْ وَإِذَا قَامُواْ إِلَى الصَّلاَةِ قَامُواْ كُسَالَى يُرَآؤُونَ النَّاسَ وَلاَ يَذْكُرُونَ اللّهَ إِلاَّ قَلِيلاً ﴾
“Həqiqətən, münafiqlər Allaha qarşı məkr və hiylə edirlər. Halbuki Allah (əməllərinin cəzası olaraq) onlara qarşı məkr işlədir. Onlar namaza durduqda süstlüklə dururlar. Bu da özlərini xalqa göstərmək üçündür və Allahı çox az yad etdirlər.”
Nöqtələr
◘Münafiq dini hökmləri zahirdə yerinə yetirən kəsdir. Onun heç bir ilahi məqsədi yoxdur. Namaz qılır, amma riyakarlıq, süstlük və qəflətlə. O güman edir ki, bu yolla Allahı aldada bilər. Halbuki özünün aldadıldığını bilmir. Allah onun batinindən xəbərdardır və yalanının cəzasını verir.
◘İmam Riza (ə) buyurmuşdur: “Allah onların hiyləsinin cəzasını verdiyindən bu ilahi cəza da “hiylə” adlandırılmışdır.”1
◘Həqiqi namaz aşiqanə, xalisanə və daimi olur. Peyğəmbər buyurmuşdur: “Namazı son vaxtında, süst halda qılanlar münafiq namazı qılırlar.”2
◘Quran möminlər haqqında danışarkən onların namazı bərpa etdiyini, münafiqlər haqqında danışarkən onların namaza durduğunu qeyd edir. Bərpa etməklə durmaq arasında fərq var.
Dostları ilə paylaş: |