◘Bu ayədə ötən qanunlara ehtiram, vəzifələrin yüngülləşdirilməsi ilə bağlı müjdə, ilahi təqva və rəhbərə itaət mövzuları bəyan olunmuşdur.
◘“Ənam” surəsinin 146-cı ayəsində Allah-təala buyurur: “Zülmlərinə görə yəhudiləri tənbeh edib, bütün dırnaqlı heyvanları onlara haram qıldıq. Eləcə də, inək və qoyunun piy və yağını - onların bel, bağırsaq və sümüklərinə yapışan bir hissəsi istisna olmaqla - yəhudilərə haram buyurduq...” Bəlkə də bu ayədə İsa tərəfindən halal edilənlər də həmin haramlardandır.
◘Harada islah və irşad məqsədi olsa, bəzi nöqtələr nəzərdə saxlanmalıdır: başqalarının müştərək və düzgün üsulları qəbul olunmalıdır: hətta hansısa həddə onların müqəddəsliklərinə də ehtiram göstərilməlidir; açıq fəza və azadlıqlarla müjdə verilməlidir; ilahi qanunlar çərçivəsində hərəkət edilməlidir.
Bildirişlər
1. Peyğəmbərlər bir-birlərini qəbul və təsdiq edirlər.
2. Din bir qığılcım yox, cərəyandır və bütün peyğəmbərlərin vahid hədəfi olmuşdur.
3. Məhrumiyyətlərin aradan qaldırılması, düzgün və düşüncəli azadlıqların verilməsi xalqın istiqbal rəmzidir.
4. Əvvəlki dinlərdə bəzən Allah müvəqqəti cərimə olaraq məhdudiyyətlər qoymuşdur.
5. Peyğəmbərlər təkvini vilayətə malik olduqları kimi, varlıq aləmində də təsir gücünə sahibdirlər. Onlar həm də təşrii vilayət sahibidirlər və qanun tənzimləyirlər.
6. Qanunu yalnız Allahın rəsulu və möcüzələrə malik şəxs dəyişə bilər.
7. Möcüzə Allahın rübubiyyət şənidir və xalqın hidayəti, tərbiyəsi üçündür.
8. Təəssüb və höcətkeşlik səbəbindən dəyişiklikləri qəbul etməyənin təqvası yoxdur.
9. Peyğəmbərə itaət təqva şərtidir.
51. ﴿ إِنَّ اللّهَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ هَـذَا صِرَاطٌ مُّسْتَقِيمٌ ﴾
“Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Ona pərəstiş edin, bu, doğru yoldur.”
Nöqtələr
◘Hazırda İsanı Allahın oğlu kimi tanıtdıran incillərin ziddinə olaraq, Quran “mənim Rəbbim və sizin Rəbbiniz” ifadəsini həzrət İsanın dilindən nəql edir və bununla da yanlış təfəkkürlərin və həzrət İsa haqqında yersiz iddiaların qarşısını alır. Çünki Allah həm İsanın, həm də başqalarının Rəbbidir.
◘Bir halda ki, hansısa yolu getməliyik, Allahın və Ona bəndəliyin doğru və azğınlıqdan uzaq yolunu qəbul edək. Çünki digər yollarda büdrəmələr, məhdudiyyətlər və zalım hakimlərin nəfs istəyinə tabeçilik var.
Bildirişlər
1. Bizim ibadətimizin fəlsəfəsi Allahın rübubiyyətidir.
2. İsa məxluq olmaqda və tərbiyəyə tabeçilikdə başqaları kimidir.
3. Allaha ibadət və bəndəlik həqiqi səadət yoludur.
52. ﴿ فَلَمَّا أَحَسَّ عِيسَى مِنْهُمُ الْكُفْرَ قَالَ مَنْ أَنصَارِي إِلَى اللّهِ قَالَ الْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ اللّهِ آمَنَّا بِاللّهِ وَاشْهَدْ بِأَنَّا مُسْلِمُونَ ﴾
“İsa onlardan (Bəni-İsraildən) küfr hiss etdiyi üçün dedi: “Allaha doğru (hərəkətdə) mənim köməkçilərim kimlərdir?” Həvarilər (həzrət İsanın xüsusi şagirdləri) dedilər: “Bizik Allahın (dininin) köməkçiləri, Allaha iman gətirmişik və sən (ey İsa!) şahid ol ki, biz təslimik.
Nöqtələr
◘Bəni-İsrail həzrət İsanın ölüləri diriltdiyini, korlara şəfa verdiyini görsə də, yenə inadkarlıq edib küfr danışdı. İmam Sadiqin (ə) buyuruğuna görə, həzrət İsa onların küframiz sözlərini eşidirdi.1
◘“Həvari” sözünün cəm forması olan “həvariyyun” (“həvarilər”) “yolu dəyişən” mənasını bildirir. Həvarilər xalqı azğınlıq yolundan ayırıb, doğru yola yönəlirdilər.2 Onlar on iki nəfər idilər. Onların adı Mətta və Luqa İncillərində bəyan olunmuşdur. İmam Riza (ə) buyurur: “Bu insanlar həm özlərini pak və nurani etmişdilər, həm də başqalarını pak etmək üçün çalışırdılar.”1
◘“Kafi” kitabında İmam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: “İsanın həvariləri əməl mərhələsində onu yalnız qoydular. Bizim həvarilər isə can bahasına müxtəlif bəlalardan keçirlər.”2
Bildirişlər
1. Xalqın düşüncə və əqidəsini tanımaqda ayıq-sayıq olmaq rəhbərliyin şərtidir.
2. İsanın nəfəsi ölünü dirildir, anadangəlmə kora şəfa verirdi. Bununla belə, inadkar insanlar ibrət götürmürdülər.
3. Peyğəmbərlər inadkar kafirlərlə üzbəüz dayanmışdılar və yardımçıları az idi.
4. Təqvasızlıq və rəhbərə itaətsizlik küfrün bir növüdür.
5. Rəhbər və onun hərəkatının davamı üçün vəfalı qüvvələri tanımaq, onların nizama salınması və haqq cəbhənin batildən seçilməsi zəruridir.
6. Rəhbərlə beyətin (ona itaəti bildirməyin) təzələnməsi siyasi, ictimai və dini əhəmiyyətə malikdir.
7. Peyğəmbərlər xalqa öz mənafeləri üçün yox, Allaha görə üz tuturlar.
8. İlahi çağırışçılara yardım Allaha yardımdır.
9. Dini rəhbərin himayəsində öncüllük dəyərə malikdir. Həzrət İsanın tərəfdarları olsa da, Allah bu tərəfdarlar arasından həvarilər haqqında xoş söz söyləmişdir. Bunun səbəbi onların öncüllüyü və sabitqədəmliyidir.
10. Allah qarşısında təslimçilik məqamı Ona iman mərhələsindən sonra gəlir.
11. Peyğəmbərlər qiyamətdə şahid olacaqlar.
53. ﴿ رَبَّنَا آمَنَّا بِمَا أَنزَلْتَ وَاتَّبَعْنَا الرَّسُولَ فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ ﴾
“Pərvərdigara! Nazil etdiyinə iman gətirmişik və peyğəmbərə itaət edirik. Bizi şahidlər zümrəsində yaz.”
Nöqtələr
◘Ərəbcə “minəş-şahidin” sözündə yox, “məəş-şahidin” sözündə «himayə» mənası var. Əvvəlki ayədə həzrət İsa şahid kimi tanıtdırıldı. Demək, şahidlərlə olmaq, peyğəmbərlərlə olmaqdır.
Bildirişlər
1. Peyğəmbərə itaət iman şərtidir.
2. Bütün ilahi göstərişlərə iman lazımdır.
3. Allahdan diləyək ki, imanımızı sabit qərar verib, bizi peyğəmbər himayəçilərindən buyursun.
54. ﴿ وَمَكَرُواْ وَمَكَرَ اللّهُ وَاللّهُ خَيْرُ الْمَاكِرِينَ ﴾
“(İsanın düşmənləri) öz tədbirlərini (onu qətlə yetirmək üçün) işə saldılar. Allah da öz tədbirini işə saldı. Allah ən yaxşı tədbir görəndir.”
Dostları ilə paylaş: |