Aqrar quruluş. Sənətkarlıq. Siyasi həyat. Xristian dini. Monastırlar
Roma imperiyasının son dövrlərində aqrar quruluşda ciddi dəyişikliklər baş vermişdi. İri torpaq sahibliyi xeyli inkişaf etmişdi. Bununla belə xırda və orta torpaq sahibləri də qalmışdı. Lakin ən əsası bu idi ki, torpaq sahibliyinin quruluşunda müəyyən dəyişikliklər baş vermişdi. Qul əməyinə əsaslanan iri təsərrüfatlar – latifundiyalar parçalandı. Onların yerində villalar yarandı. Villalar isə daha xırda torpaq parçalarına – parsellalara bölünürdü. Bu torpaqlarda qullar, azadlığa buraxılmış adamlar, kolonlar prekari sahibləri əkinçiliklə məşğul olrdular. Beləliklə, iri torpaqsahibliyi qul əməyindən fərqli əməyə əsaslanan xırda təsərrüfatlarla çulğaşmışdı. Bu isə quldarlıq cəmiyyətinə deyil, feodal münasibətlərinə daha çox uyğun gəlirdi.
Roma imperiyasının süqutunda sənətkarlıq məhsulları istehsalının sürətlə azalması mühüm rol oynadı. İmperiyanın dağılması ərəfəsində Roma şəhərləri tənəzzül etməkdə idi. Qul əməyinə əsaslanan sənətkarlıq məhsulları istehsalı artıq əlverişli deyildi. Azad sənətkarların isə istehsalı inkişaf etdirməsinə şərait yox idi. Çünki feodal münasibətlərinin inkişafa başlaması ilə əlaqədar olaraq natural təsərrüfatın hökmranlığı dövrü başlayırdı. Şəhər əhalisi ilk növbədə sənətkarlar kənd yerlərinə axışırdı. Bunun qarşısını almaq məqsədilə sənətkarlara mənsub olduqları sənətkar birliklərini (kollegiyaları) tərk etmək qadağan olunurdu. Bu onların təhkimli halına salınması demək idi. Bundan əlavə sənətkarlar quldar dövləti üçün müəyyən natural mükəlləfiyyətlər icra etməli idilər. Başqa sözlə, istehsal etdikləri məhsullardan dövlətə də verməli idilər.
Roma imperiyasında quldarlıq cəmiyyəti siyasi cəhətdən də böhran keçirirdi. Sinfi mübarizənin getdikcə şiddətlənməsi, əyalət hakimlərinin müstəqilliyinin artması, “barbar” tayfalarının hücumları və s. siyasi həyatda bəzi dəyişilkilərə səbəb oldu. İmperator hakimiyyəti daha da genuşləndi, qeyri-məhdud xarakter aldı. Senat əvvəlki rolunu itirdi. Dövlət hakimiyyəti hərbiləşdi, ordunun sayı artdı. Ordunun özəyi artıq yerli əhalidən deyil, muzdla tutulan barbarlardan ibarət idi. Bundan başqa çox şişkinləşmiş dövlət aparatının saxlanılması üçün alınan vergilər daha artırıldı.
Bu tədbirlər quldar dövlətinin, ümumiyyətlə quldarlıq istehsal üsulunun dağılmasının qarşısını ala bilmədiyi kimi, feodal münasibətlərinin inkişafına mane ola bilmədi. 395-ci ildə Roma imperiyası iki yerə - Qərbi və Şərqi Roma imperiyasına parçalandı. İtaliya, Qalliya, Britaniya, İspaniya, İlliriya, Pannoniya, Şimali Afrika, Qərbi Roma imperiyasının tərkibində qaldı.
Roma imperiyasının parçalanması bilavasitə quldarlıq quruluşunun böhranının nəticəsi idi. Odur ki, imperiya parçalanmamışdan başlanan siyasi tənəzzül Qərbi roma imperiyasında getdikcə dərinləşirdi. İri torpaq sahiblərinin və kilsənin hakimiyyəti qüvvətlənirdi. Yerli hakimlərin mərkəzi hakimiyyətdən asılılığı olduqca zəifləmişdi. Əyalətlərdə də Roma ağalığından çıxmaq meyli güclənirdi. Ayrı-ayrı hakimlərin muzdla tutulmuş hərbi dəstələri, qalaları vardı. Əsasən barbarlardan ibarət muzdli qoşunların başçıları da müstəqilləşmişdilər. Beləliklə, gələcək feodalizm cəmiyyətində olduğu kimi siyasi hakimiyyət ayrı-ayrı iri torpaq sahiblərinin əlində cəmləşirdi.
Quldarlıq quruluşunun böhranı ilə xristian dininin də təbiəti dəyişdi. Xristianlıq istismar və zülm edilənlərin dinindən istismarçıların dininə çevrildi. Hələ 313-cü ildə Milan edikti ilə xristianlara etiqad azadlığı verilmiş, 381-ci ildə xristianlıq dövlət dini elan edilmişdi. Hakim sinif xristianlığın kütlələr içərisindəki nüfuzundan imperiyaya tabe edilmiş xalqları, həmçinin istismar edilənləri itaətdə saxlamaq üçün istifadə etdi. Çox keçmədən xristianlıq hakim dinə çevrildi. İmperator və iri torpaq sahibləri tərəfindən çoxlu torpaq bağışlanan xristian kilsəsinin iqtisadi və siyasi qüdrəti sürətlə artdı. Roma yepiskopu tədricən ali ruhanilər içində birincilik qazandı. 4-cü əsrin sonlarında isə papa, başqa sözlə, kilsə başçısı adlandı. Xristian kilsəsi katoliq kilsəsi adlanmağa başladı.
Xristian dini kimi monastırlar da əvvəlki demokratik təbiətini itirdi. Məlum olduğu kimi, əvvəllər ictimai zülmdən, istismardan təngə gələnlər monastıra çəkilib tərki-dünyaya qapılır, rahibliyə başlayırdılar. Beləliklə, rahiblik demokratik xarakterdə idi. Rahiblərin kütlə içində böyük nüfuzu vardı. Lakin xristian dininin hakim sinfin əlində bir istismar vasitəsinə çevrilməsilə monastırların da demokratik təbiəti dəyişdı. Monastır torpaqlarında qul və kolon əməyindən geniş istifadə edilməyə başlandı. Feodal təsərrüfatları kimi monastırlar da istismar yuvasına çevrildilər.
Dostları ilə paylaş: |