Mövzu 3. Ümumi iqtisadi tarazlıq
Plan.
1. Ümumi (makroiqtisadi) tarazlığın mahiyyəti və əsas nəzəriyyələri.
2.Makroiqtisadi tarazlıq və onun ilkin şərtləri.
3.Məcmu tələb və məcmu təklif, onlara təsir göstərən amillər. Məcmu tələb və məcmu təklifin qarşılıqlı əlaqəsi.
4.Makroiqtisadi tarazlığın təhlili. Makroiqtisadi tarazlığın təmin edilməsi yolları.
Makroiqtisadi tarazlıq iqtisadi nəzəriyyənin ən mühüm kateqoriyasıdır. Makroiqtisadi tarazlıq o deməkdir ki, milli iqtisadiyyatda iqtisadi proseslərin: istehsal və istehlakın, məcmu tələbin və məcmu təklifin, istehsal xərcləri və nəticələrin, maddi-əşyavi və maliyyə axınlarının balanslaşdırılması və proporsionallığına nail olunmuşdur.
Ümumi tarazlıqdan kənarlaşma və onun bərpa olunması hadisəsi makroiqtisadi səviyyədə məcmu tələblə məcmu təklifin bərabərləşməsi və bu bərabərliyin pozulması meyillərinin izahında daha çox aydınlaşır. Onların qarşılıqlı əlaqəsinin tədqiqini məcmu tələb və məcmu təklifin məzmununun izahından başlayaq. Məcmu tələb fərdi tələblərin cəmi kimi əmələ gəlsə də, onların arasında mühüm məzmun ayrılığı vardır. Konkret növ əmtəə bazarında fərdi tələb həmin əmtəənin alıcılarının iqtisadi marağından doğan davranışı ilə müəyyənləşib, onların pul büdcəsi ilə məhdudlaşır. Qiymətin dəyişməsi ilə fərdi bazarda tələbin həcmi artıb-azalır. Lakin ayrı-ayrı bazarlarda qiymətlərin dəyişməsi məcmu tələbi dəyişməyə bilər. Bir bazarda qiymətin düşməsi və eyni zamanda o biri bazarda qiymətin bərabər səviyyədə qalxması qiymətin ümumi səviyyəsini dəyişmir, müvafiq olaraq məcmu tələbin həcmi sabit qalır. Məcmu tələb cəmiyyətdə pul təklifi, qiymətlərin ümumi səviyyəsi, ümumi gəlirlər və başqa bu kimi amillərlə müəyyən olunan daha mürəkkəb hadisədir. Məcmu tələb əmtəə və xidmətlərin müxtəlif həcmlərini, yəni milli istehsalın istehlakçıların, müəssisələr və hökumətin qiymətlərinin istənilən səviyyəsində almağa hazır olduğu real həcmini əks etdirən modeldir.
“Məcmu tələb” məfhumu iqtisadiyyatın müxtəlif bölmələrinin həmin vaxt ərzində xərcləməyə hazır olduğu pulun məcmu həcmini bildirir.
Dostları ilə paylaş: |